“Azərsun”da 15 minlik maxinasiya - Şikayət
Tarix: 11-09-2015, 11:58 | Çap et
“Azərsun”da 15 minlik maxinasiya - Şikayət
Şəkinin Baş Zəyzid kənd sakini şikayətçidir. TİA.AZ xəbər verir ki, Abdurahmanov İsrail “Azersun” şirkətinə məxsus olan "Golf Xəyal Adası"nda podratçı təşkilat kimi çalışan "Gold Yapı Constuction Limited" MMC şirkətindən narazılıq edib.

Həmin şikayət məktubunu təqdim edirik:

"2014-cü il fevral ayının 8-də mən və 5 nəfər şəxs öz dəvətləri ilə "Azersun" şirkətinə məxsus olan "Golf Xəyal Adası"nda podratçı təşkilat kimi çalışan "Gold Yapı Constuction Limited" MMC ilə əmək müqaviləsi bağlayaraq tikinti işlərinə başlamışıq.
İşlədiyimiz 7 ay müddətində işçilərin sayı artaraq gəlib-gedənlərlə birlikdə 35-40 nəfərə çatmışdır. Hər bir şəxs ilə ayrıca əmək müqaviləsi bağlanılaraq işləri davam etdirmişik. Şəki şəhərindən olan şəxslərdən təşkil olunmuş briqadaya mən rəhbərlik etdiyim üçün fəhlələrə verilən əmək haqqı mənim adıma qeyd olunurdu. Məndən başqa da orada 7-8 nəfər briqadir fəaliyyət göstərirdi, onların da ümumilikdə 150-200 nəfərə yaxın işçisi var idi və işçilərinə görə hesablaşma cədvəli olmuşdur.

2014-cü il may ayının 3-də atamın vəfat etməsi səbəbindən mən Şəki şəhərinə getməli oldum. Mənim orada olduğum müddətdə mühasiblərdən Türkiyə vətəndaşı Tanrıverdi Adıgözəl və digər bir Azərbaycan vətəndaşı olan mühasib adımın qarşısına (nəzərinizə çatdırım ki, mənim sənədləşmədə adım İsrail kimi getsə də, ətrafımdakı şəxslər məni İlham adlandırırlar) imzam olmadan yazılmış pullar qeyd edərək bu pulların guya mənim aldığımı demişdilər. Mən qayıdıb onlarla mübahisə etdikdən sonra onlar dedilər ki, narahat olmayım, məsələ araşdırılaraq həll olunacaqdır.

2014-cü il avqustun 22-də bizə əmək haqqımızdan 30%-ni (7000 AZN) verdilər. Sonra da direktor Mingüverdi Çətin, nümayəndə Nail Əlizadə, mühasib Tanrıverdi Adıgözəl həmin 7000 manatdan da 2800 manatı başqa briqadirə verdirirlər ki, siz gəlib bütün pullarınızı sentyabr ayının 5-də alarsınız. Sonra da bizi işdən çıxardırlar. Mən edilən haqsızlıqlar barədə şikayət edəcəyimi bildirdikdən sonra onlar söz verdilər ki, sentyabrın 5-də gəl, pulunu verəcəyik.

Deyilən müddətdə ofisə getsəm də, briqadamızın pulunu ala bilmədim. Bu qeyri-obyektiv siyahı briqadamın üzvləri arasında çox böyük narazılıqlar yaratdı. Çünki orada mənim adımın qarşısına tarixsiz, imzasız pullar qeyd olunmuşdur.

3 okytabr 2014-cü ildə, Qurban bayramından bir gün qabaq gecə saat 12-yə kimi şirkət tərəfindən 7-8 briqadirə və 200-ə yaxın işçinin hamısına maaşlar verildi, ancaq bizim briqadaya heç bir şey verilmədi. Mən bu məsələyə kəskin etirazımı bildirərkən mənə dedilər ki, get hara və kimə istəyirsənsə şikayət et.

Sonuncu dəfə 30.03.2015 və 01.04.2015-ci ildə mən yenidən "Gold Yapı Constuction Limited" MMC-nin ofisinə dəvət olundum. Şirkətin direktoru Mingüverdi Çətin bizi çağıraraq bildirdi ki, gəlin qalan pullarınızdan sizə 5000 manat verək, bununla da hesabımızı bağlayaq. O, almalı oldugumuz və öz imzaları ilə təsdiq etdikləri 15.150 manat pulun qarşılığında 5000 manat pul təklif edirdi. Lakin biz onlardan pulumuzun hamısını alacağımıza və bizi işsiz qoyduqları 9 ay müddətə görə əlavə 2000 manat kompensasiya verəcəklərinə ümid edirdik. Ancaq onlar almalı olduğumuz haqqımızı da kəsərək bunun 30%-ni təklif etdilər.

Mən bir daha şikayət edəcəyimi bildirdikdə şirkət rəhbəri Minquverdi Çətin mənə bildirdi ki, məsələ ilə əlaqədar iş məhkəməyə düşsə, uduzacaqsınız.

Həmin vaxtdan sonra 21 aidiyyəti təşkilata müraciət etdim. Bunlardan 17 müraciətim rəsmi şəkildə olmuşdur. Qeyd edim ki, 24.10.2014-cü ildə DƏMX-nin rəisi Fuad Əlizadəyə ünvanladığım məktub 3 saylı Nizami rayonu üzrə DƏMX-nə getmişdir. Lakin müfəttişin 30.10.2014-cü il tarixli qərarında bildirildi ki, işə baxmaq onların səlahiyyəti dairəsində deyil. Onlar şifahi şəkildə mənə bildirdilər ki, get şirkətlə razılaş.

Bundan sonra yazdığım bütün ərizələr dövlət orqanlarının məktublar şöbəsindən 23 saylı region DƏMX-nə göndərilirdi. Lakin 23 saylı region üzrə DƏMX-nin çıxardığı qərarı "Gold Yapı Constuction Limited" MMC özünə uyğun tərzdə ləğv etmişdir. Baxmayaraq ki, bundan əvvəl əmək müfəttişi N. Abdullayev obyektə buraxılmamış, 2 şəxsin adı verilmişdir ki, gedin araşdırmanı bunlarla edin. Ancaq N. Abdullayev obyektin baş mühəndisi Mustafa Atasevəri Əmək müfəttişliyinə dəvət edərək izahat almış, leyhimizə qərar qəbul etmiş, obyektə götəriş göndərmişdir ki, 17.11.2014-cü ildə bizim əmək haqqımız verilsin. Lakin Niyazi Abdullayevin qərarına qarşı etinadsızlıq oldu. Çünki 16.11.2014-cü il tarixində Nail Əlizadə tərəfindən ona yalan sənədlər təqdim edildi ki, guya bizim müqaviləmiz olmayıb. 16.11.2014-cü il tarixindən 17.11.2014-cü il tarixinə keçən tarixdə nə baş verdi ki, N. Abdullayevin qərarı belə kəskin dəyişəsi oldu və sonra da işindən uzaqlaşdırıldı?

Artıq13 aydır bu yollarda sürünürəm, utandığımdan rayona gedə bilmirəm. Bu günə kimi yazdığım ərizələrdə və şikayətlərdə göstərdiyim problemlər həllini tapmamış, bizim almalı olduğumuz zəhmət haqqımız şirkət tərəfindən ödənilməmiş qalmışdır.

Sizdən xahiş edirəm ki, bizim kimi zəhmətkeş insanlara qarşı edilən haqsızlıqlara qarşı ciddi mübarizə tədbirləri görərək, "Gold Yapı Constuction Limited" MMC şirkəti tərəfindən bizə verilməli olan 15.150 manat əmək haqqımızın alınaraq bizə verilməsinə köməklik göstərəsiniz".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net