Nizami polisinin sələmçi zabitləri
Tarix: 25-06-2015, 14:43 | Çap et
Nizami polisinin sələmçi zabitləri
Qəzetimizin ötən saylarında Bakının Nizami Rayon Polis İdarəsinin rəhbərliyinin və bəzi əməkdaşlarının öz fəaliyyətlərində yol verdikləri çoxsaylı neqativ hallar barədə bir neçə tənqidi material dərc etmişdik. Bu xüsusda aldığımız yeni məlumatda isə, Nizami RPİ-nin daha iki əməkdaşının “sələmçilik biznesi”nə qurşanmaları barədə açıqlamalar təqdim edilir. Bildirilir ki, idarənin Cəmil və Firdovsi adlı iki zabiti “əli yanan” imkanlı vətəndaşlara qısa müddətə, yüksək faizə borc pul verməklə məşğuldurlar. Həm də qeyd olunur ki, xalaoğlu olan bu iki şəxs polis zabiti imtiyazlarından yararlanaraq, borc verdiyi vətəndaşları davamlı olaraq son dərəcə çətin vəziyyətlərə salmaqda ad çıxarıblar. Onların növbəti qurbanına çevrilmiş vətəndaş Sahib Qurbanov redaksiyamıza müraciət edərək bildirmişdir ki, təxminən iki ay bundan öncə o, “Range Rover”, “Toyota Prado” və “BMW” markalı üç avtomobili girov qoyaraq, Cəmil və Firdovsidən 31000 ABŞ dolları məbləğində borc pul almışdır. Təbii ki, bu zaman heç bir sənəd tərtib olunmamışdır. Bu yaxınlarda isə, Sahib Qurbanov Cəmil və Firdovsiyə 40000 ABŞ dolları qaytarmaq şərtilə, girov avtomobilləri geri almaq istədiyini bildirmişdir. Lakin zabit sələmçilər bundan imtina edərək, Sahibin onlara 71000 dallar qaytarmalı olduğunu bəyan ediblər. Bu arada qeyd edək ki, girov saxlanılan avtomobillərdən biri, 99 CR 959 dövlət nömrə nişanlı “Range Rover” avtomobili, “Turanbank”ın Binəqədi filialı tərəfində verilmiş kreditə görə rəsmi olaraq girovdadır. Və artıq bir neçə müddətdir ki, bankın problemli kreditlər şöbəsi tərəfindən axtarışa verilir. Bu yaxınlarda isə bankın əməkdaşlarından biri, Vasif Qasımov həmin avtomobili Nizami RPİ-nin həyətində görərək, məsələnin mahiyyətini Cəmilə bildirib və avtomobili dərhal aparmaq niyyətində olduğunu söyləyib. Bax elə bu zaman, Cəmil bankın əməkdaşına kiminlə söhbət elədiyini “başa salıb”. Cəmil bildirib ki, bu avtomobil ona məxsusdur və pulunu tam ödəmədən burdan maşın aparmaq heç kəsin həddi deyil. Əks halda isə, Cəmil Vasif Qasımov əvvəlcə maşınına narkotik vasitə atıb, onu tutduracağı ilə, daha sonra isə hətta ölümlə belə təhdid etmişdir. Bu zaman Vasif Qasımov “102” xidmətinə müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. Ümumiyyətlə isə, əldə etdiyimiz məlumatlarda Cəmil və Firdovsinin məhz polis zabiti rütbələrinə güvənərək, borc verdikləri vətəndaşlarla son dərəcə qəddar rəftar etdikləri xüsusi vurğulanır. Bildirilir ki, bu xalaoğluların tələb etdikləri faiz borcunu hətta bircə gün belə gecikdirmiş şəxslər, artıq “saathesabı cərimə” ödəməyə də məcbur olunurlar. Əks halda isə, Vasif Qasımova qarşı irəli sürülmüş təhdidlər hər kəs üçün keçərlidir.Qeyd olunduğu kimi, ölkə mətbuatında dərc olunan müxtəlif materiallarda Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov tərəfindən rayon ərazisində qeyri qanuni fəaliyyət göstərən kommersiya obyektlərinə himayədarlıq edilməsi, qanuni fəaliyyətdə olan obyektlərə qarşı aylıq haqq yığımlarının tətbiq olunması, rayonun hüquq mühafizə orqanlarına vətəndaşlar tərəfindən edilən müraciətlərə qərəzli münasibət göstərilməsi və digər kobud qanun pozuntuları dəfələrlə öz əksini tapıb. Materiallarda vurğulanıb ki, Nizami rayonu ərazisində fəaliyyət göstərən bütün iri müəssisələr, mebel dükanları, kompüter mağazaları, texnika satan dükanlar, 8-ci km bazarı adı ilə tanınan ticarət mərkəzi, «Laçın» univermağı, «Lotos» və «Kainat» ticarət mərkəzləri, restoranlar və şadlıq evlərindən aylıq haqq yığılır. Təbii ki, RPİ rəhbərliyini yol verdiyi bu kobud qanun pozuntuları, onun tabeliyində işləyən əməkdaşları da analoji addımlar atmağa sövq edir. Təbii ki, bu məsələ ətrafında hələ daha dəqiq araşdırmaların aparılmasına ehtiyac var. Lakin bu araşdırmanın artıq Daxili İşlər Nazirliyi səviyyəsində aparılmasının zərurəti yəqin ki, heç kəsdə şübhə doğurmur.
Bizim Dövr





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net