Ağdam şefinin adamı məktəb direktorlarına “qan uddurur”
Tarix: 9-06-2015, 10:49 | Çap et
Ağdam şefinin adamı məktəb direktorlarına “qan uddurur”
Ağdam rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəb direktorları prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova şikayət xarakterli müraciət ediblər.

Onların gunxeber.com-a da göndərdikləri müraciəti bəzi ixtisar və redaktələrlə təqdim edirik:
“ 2014-2015-ci tədris ilində Maliyyə Nazirliyi tərəfindən Ağdam Təhsil Şöbəsində növbəti yoxlamalar başlanıb. Bu yoxlama 2014-cü ilin oktyabrından 2015-ci ilin yanvarınadək rayonun ümumtəhsil məktəblərini əhatə edib. .
Yoxlamaların nəticəsinə uyğun olaraq maliyyə pozuntusuna yol vermiş məktəblər yerindəcə dövlət büdcəsinə ödəmələr ediblər. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun təzyiqlərinə və qərəzli münasibətinə duruş gətirə bilməyən Təhsil Şöbəsi müdiri Elmira Şükürova ərizəsinə əsasən tutduğu vəzifədən uzaqlaşdırılıb.
Həmin vəzifənin icrası Raqub Məmmədovun yaxın qohumu, həmkəndlisi və sinif yoldaşı Rahil Allahverdiyev həvalə olunub. Bununla da ümumtəhsil məktəblərinin qara günləri başlanıb”.
Müraciətdə vurğulanır: “İcra başçısının adından istifadə edən Rahil Allahverdiyev əsassız ittihamlarla məktəblərdən pul yığmaq iddiasına düşüb. Maliyyə yoxlamalarının nəticəsi icra başçısının yanında çağırılmış Şurada müzakirə olunsa da, adları yoxlama aktına düşmüş 32 məktəb direktorunun “haqq-hesabı” çəkilib.
Yenə də maliyyə yoxlamasının nəticələri bəhanə gətirilərək tədris ili başa çatmasına baxmayaraq, məktəblərdə yoxlamalar davam etdirilir. Rahil Allahverdiyevin şöbə müdiri olduğu 2 ay müddətində rayon təhsilində ciddi narazılıqlar yaranıb.
Hətta vəziyyət o həddə çatdırılıb ki, 05 iyun 2015-ci il tarixdə RTŞ-nin Şura iclası baş tutmayıb, ciddi qalmaqal yaranıb. Qalmaqalın yaranma səbəbi isə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun 71 saylı köçkün tam orta məktəbin direktoru Nailə Rüstəmova ilə bağlı olub”.
Məlumat üçün bildirək ki, 71 saylı məktəbdə müəllimə işləyən və icra başçısına yaxınlığı ilə tanınan Sura müəllimə başçının tapşırığı ilə direktordan icra başçısının adına şikayət ərizəsi yazıb. Dərhal icra başçısı Raqub Məmmədov öz qohumu, Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyevə tapşırıq verib ki, həmin məktəbdə yoxlamalara başlasın.
Dərs ilinin sonu olmasına baxmayaraq, məktəbdə yoxlamalar aparılıb, yoxlamanın nəticəsi 05 iyun 2015-ci il tarixdə çağırılmış Şura iclasında müzakirə edilib.
Qeyd edək ki, 71 saylı köçkün tam orta məktəbin direktoru Nailə Rüstəmova dərs ili başa çatmasına baxmayaraq, Rahil Allahverdiyev tərəfindən məktəbdə qərəzli olaraq yoxlamanın aparılmasını başçının sifarişi olduğunu vurğulayıb və onun yerinə 71 saylı məktəbin keçmiş direktoru Səlim Əzimovun gəlininin qoyulacağını bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net