Əmrahbank-da filial müdirinə qarşı ittihamlar
Tarix: 27-05-2015, 13:38 | Çap et
Əmrahbank-da filial müdirinə qarşı ittihamlar
Mərkəzi Bankın 1993-cü il 28 dekabr tarixli 171 saylı lisenziyası ilə fəaliyyətə başlayan "Əmrahbank" ASC bu gün ölkənin aparıcı və ən sürətlə inkişaf edən banklarından biri kimi xarakterizə olunur. Qeyd edək ki, adıçəkilən ASC korporativ müştərilərə və fiziki şəxslərə geniş çeşiddə bank xidmətlərini təklif edir.

Təklif olunan xidmətlərin sırasına hüquqi və fiziki şəxslər üçün kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, cari və əmanət hesablarının açılması, kredit kartlarının verilməsi, pul köçürmələri, investisiya qoyuluşları üzrə məsləhət xidmətlərinin təqdim olunması, sığorta xidmətləri və s. daxildir.

Yarandığı vaxtdan bu günə kimi "Əmrahbank" ASC-nin maliyyə göstəriciləri və prudensial normalar üzrə surətli artıma nail olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən bankın Sahil filialının direktoru Rəmiyəddin Hüseyn oğlu Məmmədovun adı bir sıra xoşagəlməz məqamlarda hallanıb: "İlk öncə qeyd edim ki, hazırda "Əmrahbank"ın 24 filial və şöbəsi fəaliyyət göstərir. Həmin filiallardan biri də Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 262 A ünvanında yerləşən Sahil filialıdır. Bu filialın rəhbəri isə Rəmiyəddin Məmmədovdur. O, bir müddət öncəyə kimi "Kapital Bank"ın Sabunçu rayonunda yerləşən 2 saylı filialının müdiri vəzifəsində çalışıb. Məhz elə həmin dövrdə bir sıra neqativ hallara qol qoyub. Həmin filialın kredit şöbəsinin müdiri Faiq Məmmədov da onun əməllərinin qurbanı olub. Belə ki, Faiq Məmmədov bankda baş vermiş yeyinti faktına görə 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir". Məlumatlı şəxs iddia edir ki, 2008-ci ilin sonunda Rəmiyəddin Məmmədov Faiq Məmmədovun evinə gedərək banka 180-200 min manata qədər borcu olduğunu və yoxlama gələcəyi üçün qarşı tərəfdən pulun ödənilməsində ona kömək etməsini xahiş edib: "Qeyd etdiyim kimi, həmin vaxt Rəmiyəddin Məmmədov "Kapital Bank"ın 2 saylı filialının müdiri, Faiq Məmmədov isə filialın kredit şöbəsinin müdiri idi. Lakin buna baxmayaraq, yeyinti faktına görə yalnız Faiq Məmmədov həbs edildi. Bankın müdiri, xəzinədarı və baş mühasibi isə kimlərinsə yardımı ilə məsuliyyətdən kənarda qalmağı bacardılar. Deyilənlərə görə, Rəmiyəddin Məmmədovun imzası, yəni onun razılığı ilə bankdan 149 min manat pul ayrılıb. Lakin həmin vəsait it-bat edilib, yeyilib. Eşitdiyimizə görə bununla bağlı müvafiq ekspert rəyi də var ki, qeyd olunan vəsait məhz Rəmiyəddin Məmmədovun imzası ilə verilib. Buna baxmayaraq, yalnız Faiq Məmmədov cəzalandırılıb. Filial müdiri və ətrafındakılar isə azadlıqdadır".

"Əmrahbank"ın Sahil filialının direktoru Rəmiyəddin Məmmədovun paytaxtda nəhəng biznes obyektinin olduğunu deyən məlumatlı şəxs bildirir ki, o, həmin obyekti "Kapital Bank"da çalışdığı dönəmdə banka girov qoyaraq əvəzində 200 min manat götürüb: "Rəmiyəddin Məmmədov "Kapital Bank"da çalışdığı vaxt biznes obyektini bu banka girov qoyub 200 min manat əldə edib. Daha sonra isə həmin obyekti vəzifəli şəxslərdən birinə satıb. Maraqlı məqam ondadır ki, Rəmiyəddin Məmmədov "Kapital Bank"da çalışdığı dönəmlərdə öz doğma xalası oğlu Qurban Bəhmənov və qohumu Zöhrab Həsənovun da evlərini girov qoyaraq əvəzində külli miqdarda pul götürüb. Bir müddət sonra isə onlar da Faiq Məmmədov kimi həbs ediliblər. Lakin Rəmiyəddin Məmmədov bu dəfə də həbs təhlükəsindən yaxa qurtarmağı bacarıb".

Əldə etdiyimiz bilgilərə görə, Rəmiyəddin Məmmədov bir sıra məsələləri məhz Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin köməkliyi ilə reallaşdırır: "Mərkəzi Bankın sədri Elman Rüstəmovun müavini Alim Quliyev Rəmiyəddin Məmmədovun əsas himayədarı rolunda çıxış edir. Bu səbəbdən də o, "Kapital Bank"ın 2 saylı filialının müdiri vəzifəsində çalışdığı vaxt yeyinti faktına görə həbs olunma təhlükəsindən sığortalanmağı bacardı. Yəni baş vermiş yeyinti ilə əlaqədar bu qədər həbslər olsa da, Rəmiyəddin Məmmədov hələ də azadlıqdadır. Hələ bu azmış kimi o, Alim Quliyevin dəstəyi ilə "Əmrahbank"ın Sahil filialının direktoru vəzifəsinə gətirilib. Onu da nəzərinizə çatdırım ki, Rəmiyəddin Məmmədov həbs olunmuş Faiq Məmmədovun köməkçisi Turalı da yanına gətirib və bu gün o da "Əmrahbank"ın Sahil filialında çalışır. "Kapital Bank"ın 2 saylı filialının baş mühasibi İlmara da hazırda Rəmiyəddin Məmmədovla birgə işləyir. Halbuki Faiq Məmmədovun həbsinə səbəb olan yeyinti faktına görə, filial müdiri, xəzinədar və baş mühasib də qanun qarşısında cavab verməli idilər... Yəqin ki, "Əmrahbank"ın Müşahidə Şurasının sədri Yunis İldırımzadə və İdarə Heyətinin sədri Emil Həsənov Rəmiyəddin Məmmədovun əməllərindən xəbər tutduqdan sonra onunla yollarını ayıracaqlar. Çünki onun "Kapital Bank"a vurduğu ziyanın nəticələri hələ də bərpa olunmayıb".

Maraqlısı ondadır ki, nə qədər axtardıqsa Azərbaycan adları arasında İlmara adına rast gəlmədik. Yox, yox biz demirik ki, İlmara rus və ya hansısa digər millətin nümayəndəsidir. Biz sadəcə belə ada rast gəlmədiyimizi bildiririk…

Növbəti sayımızda Rəmiyəddin Məmmədovun "Azəryolservis" ASC-nin xətti ilə Qara dəniz xətti layihəsinə qardaşı oğlunun adını necə salmasına aydınlıq gətirəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net