Yeni problemlə ÜZ-ÜZƏYİK... - Əgər toylara qadağa götürülməzsə...
Tarix: 21-01-2021, 15:54 | Çap et
Yeni problemlə ÜZ-ÜZƏYİK... - Əgər toylara qadağa götürülməzsə...

Ötən il Azərbaycanda 32 437 nikah qeydə alınıb. Bu barədə Statistika Komitəsi məlumat yayıb. Xatırladaq ki, 2019-cu ildə isə bu rəqəm 58 317 nəfər təşkil edib.

Ötən il Azərbaycanda dünyasını dəyişənlərin sayı da ondan əvvəlki illə kəskin fərqlənir. Belə ki, 2020-ci ildə Azərbaycanda 61 147 nəfər dünyasını dəyişib. 2019- cu ildə bu göstərici 50 796 nəfər olub.

Nikahların sayının kəskin azalması və dünyasını dəyişənlərin yüksək statistik göstəriciləri öz növbəsində narahatlıq doğurur. Mövcud hallar demoqrafik göstəricilərə necə təsir edəcək?

Mövzu ətrafında öz fikirlərini Sfera.az-la bölüşən sosioloq Əhməd Qəşəmoğlu nikah və ölüm sayında statistik göstəricilərin pis olduğunu deyib. Sosioloq vəziyyətdən çıxış yolu ilə bağlı mümkün çıxış yollarından danışıb:

"Statistik göstəricilər heç də ürəkaçan deyil, həyəcan təbili çalmağın zamanıdır. Humanitar siyasət düzgün aparılmalıdır ki, nikahların sayı hansı səbəbdən azalıb, ölənlərin sayı niyə çoxalıb. Çalışmaq lazımdır ki, ölkədə 2 nəfər əhalinin sayına 2.1 uşaq düşsün. Əgər göstərici belə olarsa ölkədə əhali artımı yaxşı olar. Amma göstərici bundan aşağı olarsa, yəni, ailədə 2-dən aşağı uşağın olması demoqrafik vəziyyətin dəyişməsi deməkdir.

"Ənənəvi toylardan imtina, mövcud rejimə alışmaq..."

İndiki vaxtda elmin də köməyindən istifadə etməklə fəaliyyət proqramı hazırlamaq olar. Nikahların sayının azalmasının səbəbi hazırda insanların toy etməmək istəyidir. Bunun da indiki zamanda iki səbəbi var. Birincisi odur ki, karantin rejimi ilə əlaqədar insanların kütləvi toplaşmasına məhdudiyyət tətbiq olunub. İkinci səbəb isə maddi vəziyyətlə bağlıdır. Belə ki, insanların bir çoxu gözləyir ki, pandemiya bitsin və böyük toy etməklə toyun sonunda pul yığa bilsin. Belədə nikahların sayı kəskin azalır. Bu səbədən insanlarla maarifləndirmə işi aparmaq lazımdır.

Pandemiya bütün dünyanın bəlasıdır. Bu bəla səbəbindən evlənməyi təxirə salmaq olmaz. Şərt o deyil ki, toy edib, böyük şadlıq saraylarını dolduraq. Məhdud sayda qonaqla, yaxud elə toy olmadan da nikaha girmək olar. Bir tərəfdən də insanlar gözləməməlidir ki, karantin bitsin. Ənənəvi modeldən imtina etməliyik. Çünki hələ karantinin tam sonlanacağı zaman bilinmir, vaksinasiyanın hansı effekt verəcəyi bəlli deyil. Bu baxımdan cütlüklər müddəti daha da uzatmamalıdır.

"Böyük şadlıq saraylarında kiçik mərasimlər təşkil edib, toy keçirmək olar"

İndiki halda toy olmadan nikaha girməyi düşünməyənlər üçün mütləq şəkildə şadlıq saraylarında toylara icazə verilməlidir. Belə ki, 300-400 nəfər üçün nəzərdə tutulan saraylarda 50 nəfərlik mərasim təşkil etmək olar. Amma sarayın mətbəxində çalışanlar, ofisiantlar koronavirus test yoxlamadan keçməlidir. Bu sahədə heç bir iş aparılmır və ən asanını seçirik - toylara qadağa qoyuruq.

"Şagirdlərin, orduda xidmət edənlərin sayı azalacaq, təqaüdçülər çoxalacaq..."

Nikahların azalmasının mənfi tərəfini biz yaxın illər ərzində müşahidə edəcəyik. Artıq bir neçə ildən sonra şagirdlərin sayında azalma olacaq. Bundan sonra orduda xidmət edənlərin sayı az olacaq və orduda əvvəlki imkanlar da olmayacaq. Bundan başqa ölkədə vergi ödəyiciləri azalacaq, təqaüdçülərin sayı çoxalacaq. Əhalinin sayı azaldıqca həm də etnik təkib dəyişəcək, ölkəyə əcnəbilərin axını olacaq. Miqrantların axını isə böyük problem deməkdir. Bu baxımdan humanitar siyasəti elə qurmaq lazımdır ki, hər ailəyə 2.1 uşaq düşsün. Hər evdə 3 uşağın olması əhalinin demoqrafik göstəricisinə yaxşı edəcək.




Xəbərlər
 
 
 
 
 
26-02-2021 15:33
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net