Musa Quliyev: “Bakı, Sumqayıt və Gəncədə əhalinin seyrəldilməsi təşkil edilsin, insanları bölgələrə buraxmaq olar”
Tarix: 18-06-2020, 11:00 | Çap et
Musa Quliyev: “Bakı, Sumqayıt və Gəncədə əhalinin seyrəldilməsi təşkil edilsin, insanları bölgələrə buraxmaq olar”

Sərdar Cəlaloğlu: “Harada yoluxma varsa, məhz həmin küçələr, binalar karantinə alınmalıdır, 5 milyon adamı evdə oturtmağın mənası nədir?”
İmam Əli hesab edirdi ki, iki şeyin əldən getmədən qiymətini dəyərləndirmək çətindir: biri sağlamlıq, biri də gənclik. Bu gün dünyanın və Azərbaycanın bir çox həkimləri sağlamlığımız uğrunda ön cəbhədədirlər. Onların əksəriyyəti 17 iyunu - öz peşə bayramlarını nə restoranda, nə hansısa şadyanalıq təşkil etməklə qeyd etdilər, əksinə, bu gün də pandemiya ilə müharibədə gecə-gündüz bilmədən çalışırlar.

Əlbəttə, biz həkimlərdən, səhlənkarlıqlarından tez-tez şikayətlənirik. Fəqət bu ölkənin qiymətli, fədakar doktorları da az deyil. Onlar yorulmadan, həyatlarını riskə ataraq, koronavirus xəstələrini həyata qaytarmaq üçün mübarizə aparırlar - baxmayaraq ki, görülən kompleks tədbirlər nəticəsində hələ ki, virusa yoluxma azalmır.

Tibb elmləri namizədi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, Operativ Qərargah tərəfindən yeni yanaşmalar tətbiq edilməlidir. Onun sözlərinə görə, əvvəlki mübarizə metodları da saxlanmaq şərtilə təzə istiqamətlər müəyyənləşdirilməlidir: “Təbii ki, prezident klassik formaları ifadə etdi - sosial məsafəni gözləmək, maska taxmaq və dezinfeksiya etmək vətəndaşa yönəlik təkliflər idi. Lakin bunlarla paralel Operativ Qərargah götür-qoy etməli, yeni yanaşmalar ortaya qoymalıdır. Məsələn, təklif edərdim ki, Bakı, Sumqayıt və Gəncədə əhalinin seyrəldilməsi təşkil edilsin. İnsanları bölgələrə buraxmaq olar. Çünki kəndlərdə seyrəklikdir, hamı kəndə bağlıdır, dərslər də yoxdur. Onların rayonlara getməsinə imkan verməklə Bakı bir az seyrələ bilər”.

Deputat hesab edir ki, ictimai nəqliyyatda sıxlıq var: “Düzdür, metroya maskasız buraxmırlar, amma sərnişin vaqonda, avtobusda maskanı çıxarırsa, bunun bir əhəmiyyəti qalmır. Bu halda gərək vaqonlarda konduktorlar oturub, nəzarət etsinlər. Ona görə ən optimal yollardan biri Bakıda əhalinin azaldılmasıdır. Bundan başqa, koronavirus testləri çoxaldılmalıdır. Özəl klinikalara şərait yaradılmalıdır ki, vətəndaş gözləməsin onu nə vaxtsa aparıb test götürəcəklər. Elə özəl klinikaya müraciət etsinlər, ucuz qiymətə test olunsunlar”.

Komitə sədri təklif edir ki, təcili yardımların da yükü azaldılmalıdır: “O qədər personal yoxdur və müraciətlərə gecikmələr olur. Təklif edərdim ki, dövlət xəstəxanalarının laboratoriyalarında sərbəst şərait yaradılsın, vətəndaş özü gəlib testdən keçsin. Yəni təkcə vətəndaşa çağırış etməklə nəticə əldə edə bilmirik”.

M.Quliyevin sözlərinə görə, yay fəslidir, sərt karantin rejimi effekt vermir: “Karantinin ertəsi gün yenə çoxu maskasız gəzir, qaydaları pozurlar. Ona görə Bakı, Sumqayıt və Gəncənin yükü azaldılmalıdır. Bunlar mənim subyektiv fikirlərimdir və Operativ Qərargahın yeni yanaşmalar tətbiq etməsinin vaxtı gəldiyini düşünürəm”.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər ...

Sərdar Cəlaloğlu

İxtisasca məhkəmə-tibb eksperti, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, insanları evə qapamaq çıxış yolu deyil. Onun fikrincə, hansı ərazidə, məhəllədə və ya binada yoluxma qeydə alınıbsa, həmin məntəqə karantinə alınsın: “Amma Bakıda 30 adam yoluxub deyə 5 milyon əhalini iki gün evdə oturtmağın mənası nədir? Harada yoluxma olubsa, həmin yaşayış məntəqəsi mühasirəyə alınsın. Biz təkcə xəstəliklə yox, xəstəliyi asanlaşdıran yollarla mübarizə aparmalıyıq. Eyni zamanda insanların inamını artırmalıyıq, informasiya ilə düzgün yaşam tərzi keçirməsi üçün maarifləndirmə aparmalıyıq”.

ADP sədrinin sözlərinə görə, sərt karantin və qadağalar psixoloji gərginlik yaradır: “Bunun ağır nəticələri olacaq. Dünyada iqtisadi sistemlərin çökməsi bir yana, Amerika kimi dövlətdə ara qarışıb. Pandemiyanın yaratdığı psixoloji gərginlik səbəbindən bir qaradərilinin ölümü üsyanla nəticələndi. Ona görə bu məsələni oyuna çevirməməliyik. Bütün dünya yumşalmaya gedir, biz karantini sərtləşdiririk. Gürcüstan hansı addımlar atır? Amma yoluxma azdır. Ümumiyyətlə, böhranlı vəziyyət düzgün idarə olunmur. Hökuməti də qınamıram, Ümumdünya Səhiyyə Təşkilatı ciddi oyun oynayır”.

S.Cəlaloğlu qeyd etdi ki, virusa yoluxma 15 gün sonra üzə çıxır: “Bu müddət ərzində xəstəlik daşıyıcısı xəbəri olmadan mikrobu başqalarına yayır. Həmin 15 günün cəmi iki günü sərt karantin rejimi tətbiq edilir, qalan 13 gün ərzində keçəyə çıxan həmin daşıyıcı başqalarını da yoluxdurur və 15 günün sonunda məlum olur ki, test pozitiv çıxıb. Ona görə də Türkiyə çox yaxşı praktika tətbiq elədi, yalnız xəstələri karantinə aldılar. Bizdə isə sağlam adamları karantinə aparırlar. Dünyanın heç bir ölkəsində belə nümunə yoxdur. İnsanlar özlərini qorumalıdır, həmçinin harada yoluxma varsa, yalnız həmin küçələr, binalar karantinə alınmalıdır”.

Yeni TV-nin baxış bucağı - İlham Məmmədov - YouTube

İlham Məmmədov

Həkim-deputat İlham Məmmədov isə Teleqraf.com-a geniş müsahibəsində deyib ki, virusdan qoruyan bütün şərtləri özü üçün refleksə çevirib: “Evdən çıxanda mütləq dezinfeksiya olunaraq, maskadan istifadə etməklə və ən əsası sosial məsafəni saxlamaqla önləyici tədbir görürəm. Evə daxil olarkən qapı tutacaqlarından tutmuş toxunduğumuz bütün səthləri dezinfeksiya etməklə özümüzü qorumağa çalışırıq. Hətta klassik metodlardan da istifadə edərək bəzi tibbi vasitələrdən də yararlanıram. Biz də vətəndaş kimi ictimai yerlərdə oluruq. Hətta marketlərdə maskasız insanlara, sosial məsafə saxlamayanlara iradımı bildirirəm. Bəzi insanlar bu virusa biganə yanaşırlar. Amma bu, onlar üçün çox təhlükəlidir. Hər bir fərd öz sağlamlığının qeydinə qalsa, bu bəladan az itki ilə qurtula bilərik”.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma halları kəskin artıb.Musa Quliyev: “Bakı, Sumqayıt və Gəncədə əhalinin seyrəldilməsi təşkil edilsin, insanları bölgələrə buraxmaq olar”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net