Səfər Mehdiyev Dövlət Gömrük Komitəsində ailə biznesi qurub? – ŞİKAYƏT
Tarix: 17-03-2016, 09:27 | Çap et
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsində ailə biznesi qurub? – ŞİKAYƏT
Bakı sakini, Nərimanov rayon Həsən Əliyev küçəsi, 78a, mənzil 4-də yaşayan Hidayət Hüseyn oğlu Hüseynli Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük general-leytenantı Səfər Mehdiyevdən bir sıra dövlət qurumlarına şikayət edib. Vertikal.az xəbər verir ki, bu barədə H.Hüseynlidən daxil olan şikayət məktubunda deyilir. H.Hüseynli yazır ki, 1993-cü ildən YAP-ın üzvüdür: “1991-ci ildə mərhum prezident Heydər Əliyevin Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilməsi üçün yüksək siyasi fəallıq göstərmişəm. Nehrəmdə YAP-ın ərazi təşkilatının yaranmasının təşəbbüskarı və ilk sədri olmuşam. 1997-ci ildə Bakıya köçdüyüm üçün Nehrəm təşkliatının sədri vəzifəsindən çıxarılmışam.

Ali təhsilli mühəndisəm, heç yerdə işləmirəm”. YAP-ın veteranı bildirir ki, onun etdiyi şikayətlərə görə, gömrük xidmətində işləyən oğlu Hüseyn Hüseynli və Astara gömrük idarəsinin rəisinin sürücüsü işləyən qardaşı Kazım Hüseynov Səfər Mehdiyevin göstərişi ilə işdən çıxarılıb. “Ancaq sonradan qardaşım işə qaytarıldı. S.Mehdiyev savadsız qohum-əqrabasını gömrük xidmətinə doldurub, qısa müddət ərzində onlara kapitan, mayor, polkovnik rütbəsi verdirib. Bacısının 3 kürəkəni, bacısı oğlu, qayınatası, bacanaqları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Bunlar guya işə testlə qəbul ediliblər, ancaq heç vurma cədvəlini də bilmirlər. Şikayətlərim obyektiv yoxlanılsa, S.Mehdiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər şikayətim təsdiqini tapmasa, məsuliyyət daşımağa hazıram. S.Mehdiyev və qohumları dövlət büdcəsini talamaq hesabına çoxsaylı villa və bahalı avtomobillərə sahib olublar.

Bundan başqa, S.Mehdiyev qanunsuz sahibkarlıq fəaliyyətilə məşğuldur və bəzi malların monopoliyası onun nəzarətindədir”, – deyə H.Hüseynli məktubunda qeyd edir. Şikayətçi bildirir ki, gömrük xidmətində işə qəbulu qeyri-rəsmi olaraq S.Mehdiyevin qayınatası Qulu Tarquliyev həyata keçirir: “Q.Tarquliyev 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub və mərhum prezident Heydər Əliyevin qatı əleydarı kimi tanınıb. İndi gömrük xidmətinin əsas simalarındandır. Ümumiyyətlə, Tarquliyev soyadı gömrükdə məşhur soyaddır. Bu soyadın daşıyıcıları gömrük xidmətində xüsusi imtiyaz sahibidirlər”.

H.Hüseynli yazır ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin qəbuluna düşə bilmir: “A.Əliyevə göndərdiyim şikayət məktublarına cavab verilmir. 11.12.2013-cü il tarixdə və ondan sonra bir neçə dəfə ərizə ilə müraciət edərək, məni qəbul etməsini xahiş etmişəm. S.Mehdiyevin göstərişi ilə DGK növbətçi hissənin rəisi Əjdər Abdullayev öz işçiləri Ələkbər Sultanov, Fərid Hacıyev, Namiq Bağırov vasitəsi ilə mənə təzyiq edir”. H.Hüseynli qeyd edib ki, o, məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə (14 dəfə), Prezident Administrasiyasına (22), Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə (15), Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə (6), baş prokurora (7), daxili işlər nazirinə (5), Dövlət Təhlükəsizlik Xidmətinə (7) dəfələrlə müraciət etsə də, şikayəti araşdırılmamış qalıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net