Sahibkarlar prezidentə üz tutdu: "Bizi xilas edin!"
Tarix: 1-02-2016, 12:03 | Çap et
Sahibkarlar prezidentə üz tutdu: "Bizi xilas edin!"
Bir qrup sahibkar adından prezident İlham Əliyevə açıq məktub ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan məktubda deyilir:

“Möhtərəm prezident. Biz bir qrup sahibkar illərdir kənd təsərrüfatının ixracı ilə məşğuluq və son zamanlar üzləşdiyimiz problemlərlə bağlı aidiyyatı qurumlarla dəfələrlə müraciət etsək də, hələ də problemlərimizin həllində hansısa müsbət irəliləyiş yoxdur. Əksinə, durum günü-gündən daha da pisləşir.

Hörmətli prezident. Biz kənd təsərrüfatı mallarının ixracı ilə məşğuluq və Sizin fərmanlarınıza, qanunun tələblərinə uyğun olaraq müvafiq gömrük rüsumunu, Rusiya dövlətinin gömrük rüsumunu, İqtisadiyyat nazirliyinin tələblərinə uyğun ödəmələri həyata keçiririk. Dakin 1-2 il keçəndən sonra, bəzən 5-6 il sonra Vergilər Nazirliyindən məktub alırıq ki, guya biz Rusiyada milyonları qazanmışıq və vergilər nazirliyinin qondarma audit hesablamaları ilə ağlasığmaz məbləğdə cərimələnirik. Bunun da nəticəsində kənd təsərrüfatı malları ixracı ilə məşğul olan sahibkarların yarısı həbsxanalarda, yarısı da məhkəmələrdədir”.

Daha sonra narazı sahibkarlar DİA.AZ-a yazır: “Misal olaraq qeyd edə bilərik ki, vergi auditi Ələkbəroav Namiqin 2010-cu ildə fiziki şəxs Hidayət Zöhrab Raqub oğluna yazdığı 213 min manatlıq saxta borc əsasında məhkəmə barəsində 2015-ci ildə 4 il 6 aylıq həbs cəzası çıxarıb. Bundan başqa eyni üsulla Bayramov Fərrux Temir oğlu barəsində 3 illik həbs qərarı çıxarılıb. Auditçi Abbasov Bəhmən fiziki şəxs Vəliyev Ramin Hüseyn oğlunun barəsində 3 il 6 aylıq həbs qərarının çıxarılmasına “nail olub”.

Hazırda da neçə-neçə sahibkar anoloji qaydada məhkəmə çəkişmələrindədir. Auditçi Cəfərov Nazim fiziki şəxs Bayramquliyev İlham Murtuz oğlunu məhkəmə qapılarında süründürür. Hüseynov Nadir Əsgər oğlu, Əsədov Adil Aqil oğlu və daha onlarla sahibkar bu gün məhz audit şərləmələri nəticəsində həbs təhdidi altındadırlar.

Cənab prezident. Biz sahibkarların yeganə güvəndiyi ünvan məhz Sizsiniz və bu gün biz Sizdən başqa kömək yeri görmürük. Bu gün hələ adını bilmədiyimiz yüzlərlə sahibkar da çox güman eyni qaydada Vergilər Nazirliyinin şər və böhtan xarakterli ittihamları ilə məhkəmə qarşısına çıxarılır, həbsə göndərilir.

Siz yerli istehsalı təbliğ edirsiniz. Biz sahibkarlar da məhz yerli istehsalımız olan kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuluq. Əgər biz işləməsək, kəndli də ac qalar. Və bu gün vergi özbaşınalıqları təkcə yüzlərlə sahibkarı yox, həm də yüz minlərlə kəndlini də ac qoymuş olur.

Cənab prezident. Bu gün kimsə əkinçiyə yaxın getmir. Azərbaycanın neft ölkəsi yox, kənd təsərrüfatı ölkəsi olduğunu hamı bilir. Amma bu böhranlı günlərdə vergilər nazirliyi Azərbaycana əlavə böhran yaratdığından kimsə torpağa, kəndliyə yaxın düşmək istəmir.

Cənab prezident. Yeganə ümidimiz Sizsiniz. Bizə kömək edin, bizi Fazil Məmmədovun quldurlarından xilas edin”...

Qarşı tərəfi də dinləməyə hazırıq...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net