Nazir iki rektorla bağlı vəziyyəti xeyrinə dəyişmək istəyir
Tarix: 25-01-2016, 10:22 | Çap et
Nazir iki rektorla bağlı vəziyyəti xeyrinə dəyişmək istəyir
Təhsil naziri Mikayıl Cabbarov iki rektorla bağlı vəziyyəti xeyrinə dəyişmək istəyir.O, nazir olduqdan sonra heç cür Misir Mərdanov dövründəki rektorlarla işləməyəcəyini sezdirən nazir özünə yaxın şəxslərin universitetlərə rəhbər təyin olunmasını tezləşdirdi. Sumqayıt və Gəncə Dövlət Universitetləri, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti rektorlarının, Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filial direktorlarının qısa zaman kəsiyində əvəzlənməsi əslində təhsildə nailiyyətlərə imza atılmasına dair deyil, iradəsinə uyğun şəxslərin rəhbərliyə gətirilməsindən xəbər verdi. Üç ilə yaxın bir müddətdə Mərdanov Cabbarovla əvəzləndi, amma orta məktəb dərsliklərinin normalara uyğun tərtib olunması baş vermədi.

Demək, Mikayıl Cabbarov da hardasa kəşf olunub və onun rektorları dəyişməsi cəhdi elə də təəccüblə qarşılanmamalıdır. O, konkret hədəfinə nail olmaq istəyindən irəli gələn bir şəkildə bu prosesi tezləşdirmək istəsə də, buna hələ də mütləq şəkildə müvəffəq ola bilməyib. Onun bütün universitet rektorlarını dəyişmək istəməsinə mane olan isə elə nazir olduğu dövrdə rektor təyin olunmasına yardımcı olduğu şəxslərin sonradan hərtərəfli etimadı doğrultmamalarıdır. Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universitetinin rektorlarının kifayət qədər narazılıqlar yaratması, orada yoxlamaların aparılması, tələbə və müəllim heyətinin saytlara məktublar ünvanlaması elmi ictimaiyyətə də bəllidir. Və belə rektorların təkrar dəyişdirilməsi məsələsi gündəmdə olduğu bir zamanda Mikayıl Cabbarov Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektorlarının əvəzlənməsini istəyir, bu da onun təhsili əhatəli şəkildə nəzarətinə almasından xəbər verir.

Faktinfo.az saytına məlumat verən şəxsin bildirdiyinə görə, BDU-nin rektoru Abel Məhərrəmov ona qarşı təhlükəli vəziyyətin olduğunu bilir, bu səbəbdən çox ehtiyatlı davranır. Barəsində yuxarılara hər hansı şikayətin edilməməsini, mətbuatda haqqında tənqidlərin olmamasını və kütləviləşməməsini tənzimləyir. O, ağıllıdır, belə demək mümkündürsə, “öz silahının əlində açılmasını istəmir”, müqavimət göstərə bilir. BDU-da keçirilən sessiya imtahanlarının hələ ki “cilovlanmasını” təmin edir. Tələbələrin 2014-cü ilin qışında ondan narazı düşdüyünün birdaha təkrarlanmamasına çalışır.

Yusif Məmmədov isə əksinə, Azərbaycan Müəllimlər İnstitutunun filiallarını ADPU-na birləşdirilməsinə təkan verməklə diqqət mərkəzinə gəldi. Azərbaycan Müəllimlər İnstitutunun filiallarının ADPU-na birləşdirilməsindən sonra Yusif Məmmədovun tutduğu vəzifədən uzaqlaşdırılacağına dair şayiələr dövriyyədə olub, KİV-lərdə onun əvəzlənəcəyinə dair xəbərlər gedib. Əslində onun dəyişdiriləcəyinə dair yazılanlar, dövriyyəyə buraxılan şayiələr məqsədsiz olmayıb. Bu informasiyalar rektorun ətrafında olan şəxslərin ələ alınmasına, onun haqqında gəzən söz-söhbətlərin intensivləşməsinə xidmət etməklə bərabər, həm də rektor haqqında gizli saxlanılan informasiyaların dövriyyədə olmasını şərtləndirir. Digər tərəfdən, Yusif Məmmədov Abel Məhərrəmov kimi hər şeyi nəzarətdə saxlaya bilmir. Onun seçdiyi dekanlar, ADPU-da aparıcı şəxslər kifayət qədər səhvlərə yol verirlər. Bura sessiya imtahanlarının keçirilməsindən tutmuş, yazılmasını məqsədəuyğun bilmədiyimiz faktları da sadalamaq olar. Bunları Mikayıl Cabbarov da bilir. Bu və ya digər fikirlərə rəğmən ADPU-nun rektoru Yusif Məmmədovun yaxın zamanlarda vəzifədən kənarlaşdırılacagına dair yazılanlar həqiqətdir, deyilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net