Sumqayıtda məcburi köçkün donur!
Tarix: 23-12-2015, 12:15 | Çap et
Sumqayıtda məcburi köçkün donur!
“Qaçqınlara toxunmayın, onları incitməyin” Heydər Əliyevin bu deyiminə bəzi harınlamış məmurlar əhəmiyyət vermir.

“Gündəm xəbər”in elektron poçtuna Qubadlı rayonu Balasoltanlı kənd sakini, Sumqayıtda məskunlaşmış, II qrup əlil, Musayev Abbas Musa oğlu şikayət məktubu göndərib. Şikayət məktubunda məmur özbaşınalığı, süründürməçilikdən bezən Abbas Musayev qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir. Prezidentinn məlum müşavirədə məmurlara xitabən barmaq sirkələməsindən hələ də nəticə çıxarmayanlar var...!

Şikayətçi aidiyyatı üzrə Sumqayıtda yerləşən Qubadlı rayon İH müraciəti də nəticəsiz qalıb

Cənab Prezident, “gecəqondu” kimi tanınan Sumqayıt şəhəri Yeni Yaşayış Massivi, 1-ci məhəllədə yaşayıram. Yaşadığım iki il ərzində döymədiyim qapı qalmayıb. Evimizə qaz, su çəkilişi aidiyyatı qurumlar tərəfindən problemə çevirib. Müraciət edərkən evin sənətsiz olduğunu bəhanə gətirərək məsuliyyətdən yayınırlar. Əslində ərazidə tikilən evlərin hamısı sənətsizdir. Evimə bitişik evlərin hamısına qaz, işıq, su çəkilərək sayğaclaşdırılıb.

Torpaqlarımızdan qovularkən 4 nəfər idik. Hal-hazırda 3 körpə nəvəmlə birlikdə yaşayırıq. Yuxarıda göstərdiyim qaz, su idarələri hər biri məndən 300-400 manat pul istəyir. II qrup əliləm (ayağımın biri yoxdur). Köhnə avtomobilimlə taksi fəaliyyəti ilə məşğulam. Qazancım özüm və ağır asma-bronxit xəstəsi olan, II qrup əlil həyat yoldaşımın dava-dərmanını ödəmir.

2 ildir Sumqayıt şəhər Qaz İdarəsinə müraciət etməyimə baxmayaraq məskunlaşdığım evi təbii qazla təmin etmirlər. Süründürməçiliyə məruz qalmışam. Baxmayaraq ki, evimizə bitişik evlərin ( sağ və sol evlər) hamısı qazlaşdırılıb. Qaz İstismar İdarəsindən sonuncu müraciətimə belə cavab verdilər: “Tender keçirilməlidir, Sumqayıtda yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov icazə vermir, hər şeyi dayandırıb”. Bu kimi təxribatlar edirlər. Ancaq mən inanmıram ki, cənab Z.Fərəcov belə bir göstəriş versin... Hansı tenderdən söhbət

gedə bilər ki, mənim körpə nəvələrim rütubətli və soyuq evdə xəstəliklə mücadilə aparır?

Cənab Prezident, məcburiyyət qarşısında qalaraq Sizə müraciət etmək qərarına gəldim.

Ailəmizin bu imkansızlığını nəzərə alaraq yaşadığımız evə ( əgər ev demək mümkündürsə) yuxarıda göstərdiyim qaz, su probleminin (əlbətdə ki, sayğacla) həlli istiqamətində aidiyyatı qurumlara tapşırıq verməyinizi Sizdən xahiş edirəm.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net