“Azəriqaz” işçilərini aldatdı
Tarix: 9-12-2015, 11:45 | Çap et
“Azəriqaz” işçilərini aldatdı
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.

Bu məqsədlə artıq işçilərə Əmək Məcəlləsinə uyğun olaraq rəsmi xəbərdarlıq məktublarının paylanılmasına başlanılıb.

Ləğv edilən Abşeron və Bakı şəhəri üzrə qaz istismarı sahələrində çalışan işçilər haqqında məlumatlar, eyni zamanda yeni yaradılan departamentlərin ştat cədvəli ARDNŞ-in İnsan Resursları Departamentinə (İRD) təqdim edilib.

Qeyd olunub ki, həmin işçilərin peşəkarlıq səviyyəsi müvafiq qanunvericiliyə əsasən şəffaf şəkildə İRD tərəfindən yoxlanılacaq, biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər. Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan departamentdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq birliyin idarəetmə aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcək. İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə ARDNŞ və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilən əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən vergi tutulmur.

“Azəriqaz” İstehsalat Birliyinin işçilərinin Modern.az saytına bildirdiklərinə görə, vəziyyət rəsmi məlumatda göstərildiyinin tam əksinə cərəyan edir.

İxtisara düşən işçilər ya əmək haqqının 5 mislini alıb ərizə yazıb çıxmalı, ya da birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” proqrama qoşulması üçün ərizə yazmalıdırlar.

Dekabrın 9-də Suraxanı rayon Qaz İstismar Sahəsinin ixtisara düşən işçiləri həmin proqrama qoşulmaq istəsələr də, rədd cavabı alıblar. Belə ki, dünən proqrama qoşulmaq üçün müqavilə bağlamalarına baxmayaraq, işçiləri çağırıb məcburi qaydada öz xahişləri ilə ərizə yazmalarını tələb ediblər. İşçilər isə ərizəni imzalamaqdan imtina ediblər.

Proqrama qoşulmaq üçün son tarix dekabrın 10-nu olmasına baxmayaraq, bu gün müraciət edənlərə “proqrama qoşulmaq üçün yer yoxdur” cavabı verilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net