"Məmməd Musayev "çıxış yolu" kimi məni intihara sürükləyir"
Tarix: 2-12-2015, 11:38 | Çap et
"Məmməd Musayev "çıxış yolu" kimi məni intihara sürükləyir"
İş adamı Ramil Hüseynov ölkə başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə müraciət edib. Sahibkar müraciətin bir surətini də İstiqlal.az saytına ünvanlayıb.

Ramil Hüseynovun şikayəti "Aqrarkredit"in rəhbəri Məmməd Musayevlə, Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayevdəndir. Sahibkar yazır ki, adıçəkilən məmurlar onu intihar həddinə çatdırıblar: "2015-ci ilin mart ayında Sahibkarlığı Kömək Milli Fondunun xəttilə "Aqrarkredit"dən sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün 50 min manat kredit almışam. Əslində isə mənim biznes-planıma və qoyduğum girova əsasən 120 min manat kredit almalı idim. Lakin məni aldadaraq 50 min manat verdilər. "Aqrarkredit"in rəhbəri Məmməd müəllim mənə bildirdi ki, biznes-planda olan öhdəlikləri yerinə yetirməliyəm. Daha sonra "Aqrarkredit" monitorinq aparacaq, əgər öhdəliklərə əməl etmişəmsə, əlavə olaraq mənə 70 min manat kredit ayrılacaq. Biznes-planda nəzərdə tutulan bütün öhdəlikləri layiqincə yerinə yetirdim və monitorinq aparılması üçün Məmməd müəllimə rəsmi müraciət etdim. Müraciətin tarixini də yaza bilərəm: 2015-ci ilin iyun ayının 14-ü. Lakin mənim müraciətimə heç bir cavab verilmədi. Dəfələrlə Məmməd müəllimin qəbuluna düşməyə cəhd etsəm də, mümkün olmadı".

İş adamı deyir ki, nəhayət, 2015-ci il noyabrın 27-də Məmməd Musayevin müavinləri onu qəbul edib: "Mənə dedilər ki, səninlə Məmməd müəllimin adından danışırıq. Onların sözlərinə görə, Məmməd Musayev deyib ki, nahaq yerə əziyyət çəkib mənə müraciət etməsin. Onun müraciətlərinə cavab verməyəcəm. Hə istəyir etsin, lap özünü öldürsün! Başa düşmürəm, bəs kimə müraciət etməliyəm? "Aqrarkredit"in sədri Məmməd Musayev deyilmi? Bundan başqa Məmməd Musayev açıq şəkildə məni intihara vadar edir. Deyir, getsin öldürsün. Əgər mən intihar etsəm, Məmməd müəllim bunun altından çıxa biləcəkmi? Hər halda Məmməd Musayev Eldar Mahmudovdan güclü adam deyil. Amma cənab prezidentin qətiyyəti sayəsində layiqincə cəzalandırıldı. Məmməd Musayev məni, yaxud mənim kimi başqa vətəndaşları intihara sürükləyəndə Eldar Mahmudovun taleyini göz önünə gətirsə yaxşı olar".

Sahibkar bildirir ki, ona qarşı bu münasibətin kökündə götürdüyü kreditin müqabilində tələb olunan "haqq"ı vermək istəməməsidir: "Məndən rüşvət istəyirlər, vermirəm deyə bu sayaq işimiə maneə törədirlər. Mən artıq bu süründürülməçilikdən bezib, bir sahibkar, bir şəhid ailəsi kimi özümü öldürmək istəyirəm. Yuxarıda qeyd etdiyim kimi Məmməd Musayev də "çıxış yolu" kimi məni intihara sürükləyir".

Sahibkar ölkə başçısından bu məsələnin ciddi araşdırılmasını xahiş edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net