Ana Sayfa > Araşdırma > Şamaxıda tarixi abidələr sıradan çıxır-İDDİA

Şamaxıda tarixi abidələr sıradan çıxır-İDDİA


7-04-2015, 08:59. Yazar: admin
Şamaxıda tarixi abidələr sıradan çıxır-İDDİA
Azərbaycanda qədim tarixi abidələrin qorunma səviyyəsinin aşağı olması sirr deyil. Çünki zaman içində qədim qalanı dağıdaraq, yerində şadlıq evinin tikilməsindən tutmuş, tarixi qəbristanlığın ərazisində otel tikməyə cəhd olunmasına qədər hər cür olaya şahidlik edilir.

JAM.AZ xəbər verir ki, özünün qədimliyi ilə seçilən Şamaxıda da bu sahədə vəziyyət ürəkaçan deyil. Bir qrup rayon fəalı bununla bağlı mətbuata məlumat göndərərək bildirirlər ki, Şamaxıdakı tarixi abidələrin taleyi sual altındadır. Ona görə ki, baxımsızlıq və nəzarətsizlik üzündən bəzi tarixi abidələr sıradan çıxmaq üzrədir, bəzilərinin isə ərazisini satmaq üçün cəhdlər olunur.

Həmin məlumatda vurğulanır ki, rayondakı tarixi abidələrin bu şəkildə qorunması yaxın gələcəkdə onların tamamilə sıradan çıxmasına səbəb olacaq. Məsələ ilə bağlı Şamaxı Mədəniyyət və Turizm Şöbəsinə edilən müraciətlərə də əhəmiyyət verən yoxdur. Rayon sakinləri deyir ki, elə baxımsızlığın və nəzarətsizliyin səbəbkarı da yerli İcra Hakimiyyəti ilə qeyd olunan şöbədir. Çünki bu iki dövlət qurumu üzərinə dühən vəzifəni yerinə yetirməməklə məşğuldurlar.

Şamaxılılar deyirlər ki, rayonda təkcə bu sahədə deyil, digər sahələrdə də vəziyyət acınacaqlıdır. Belə ki, Şamaxıda təhsil və səhiyyə sektorlarında da durum acınacaqlı şəkil alıb. Onların iddiasına görə, rayondakı orta məktəblərdə dərslərin səviyyəsi aşağıdır və şagirdlər məcburiyyətdən repititor yanına getməli olurlar. Eyni zamanda, bəziləri uşaqlarını Bakıda oxutdurmaq məcburiyyətində qalırlar ki, bu da aşağı keyfiyyətli təhsillə bağlıdır.

Səhiyyə sektorundakı duruma gəldikdə isə JAM.AZ-a verilən məlumata görə, Şamaxının baş həkiminin yalnız adı var, özünü isə görən olmayıb. Daha doğrusu, onu çox zəruri işlər olduqda «görmək» mümkün olur. Bundan əlavə, baş həkimin adı daha çox dərman satışı, tender oyunları və aptek biznesində hallanır.

Rayon camaatı bildirir ki, yaranmış vəziyyətdən dolayı dəfələrlə Şamaxı İcra Hakimiyyətinə şikayətlər etsələr də, baxan olmayıb. Əksinə, şikayətçilərə bildiriblər ki, gedib işləri ilə məşğul olsunlar. Ona görə də, camaaat məcburiyyət qarşısında qalaraq ölkə rəhbərliyinə müraciət etməli olublar. Mətbuat vasitəsi ilə prezidentdən yardım istəyən şamaxılılar bildirirlər ki, vaxtında müdaxilə edilməzsə, rayonda durum daha da acınacaqlı şəkil alacaq.

Yazıda adı keçən ilgili qurumların da mövqeyini dərc etməyə hazırıq.

Geri dön