Ana Sayfa > Araşdırma > “Bakı xarici casus şəbəkəsinin diqqətində olan əsas şəhərlərdən biridir”

“Bakı xarici casus şəbəkəsinin diqqətində olan əsas şəhərlərdən biridir”


24-10-2015, 11:47. Yazar: admin
“Bakı xarici casus şəbəkəsinin diqqətində olan əsas şəhərlərdən biridir”
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində keçirilən əməliyyat, nazir də daxil olmaqla bir neçə generalın vəzifəsindən uzaqlaşdırılması artıq yeni xəbər olmasa da bu strukturda nələrin baş verdiyi tam mənası ilə aydınlaşmayıb. İnformasiyalar yetərincə məhdud, baş verənlərin səbəbləri haqqında versiyalar isə həddən artıq çoxdur. MTN-in keçmiş əməkdaşı, “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat”a müsahibəsində xüsusi xidmət orqanı ilə bağlı xəbərlərdəki ümumiləşdirmələrin yanlış olduğunu deyir. Onun fikrincə, MTN-ə kənardan gətirilən rəhbərliyin işi bütün quruma aid edilməməlidir:

- Son günlər MTN-lə bağlı mediada, sosial şəbəkələrdə yayılan fikirlər çox təəssüf ki, ümumiləşdirilib bütün orqana şamil olunur. Qısa müddət də olsa bu orqanda çalışmış bir insan kimi mən bunu çox ağrılı qəbul edirəm. Hər bir dövlət orqanının çoxsaylı əməkdaşları var. Onların arasında mütləq çoxluq öz vəzifə borcunu, məmur səlahiyyətini normal həyata keçirən insanlardır. MTN ölkənin onurğa sütunu sayılacaq strukturdur. İndi hamı bu qurum haqda danışmağa başlayıb, amma mən vəzifədən kənarlaşdırılan şəxslər vəzifə başında olanda MTN-in ünvanına xeyli tənqidlər səsləndirmişəm. Düşünürəm ki, bu dəstənin fəaliyyəti artıq tarixdir. Amma buna söykənərək həmin orqanda çalışan yüzlərlə vicdanlı, ölkənin təhlükəsizliyinə xidmət edən insanları sındırmaq, onlara psixoloji basqı göstərmək gərək deyil. MTN haqqında ümumilikdə danışılanlar, yazılanlar, mənim fikrimcə, çox neqativ psixoloji atmosfer yaradır. Bu gün cəzalandırılan, 11 ildə bu orqanın başında duran insanlar ayrıdır, orada öz vəzifəsini yerinə yetirən yüzlərlə vicdanlı, fədakar, cəsarətli insan ayrı. Həbs edilən insanların vəzifəyə gətirilənə qədər MTN-ə heç zaman aidiyyatı olmayıb. Onların çoxu kənardan, daha çox da polisdən gətirilmişdi. Onlar MTN-dən çox uzaq insanlar idilər. Mən bununla əsla polis haqqında neqativ fikir söyləmək istəmirəm. Çünki eynilə polisin də sıralarında cinayətkarlıqla mübarizə aparan yüzlərlə vicdanlı əməliyyatçılar, müstəntiqlər var. Amma məhz bu insanlar polisin də daxilində ən aşağı təbəqənin insanları idilər. Ən çox təəssüf doğuran da bu idi ki, onlar gəlib ölkənin xüsusi xidmət orqanlarının rəhbərliyinə çıxdılar. Ona görə də hesab edirəm ki, proseslərə ümumiləşdirmələrsiz qiymət vermək lazımdır.

“Həbs edilən insanların vəzifəyə gətirilənə qədər MTN-ə heç zaman aidiyyatı olmayıb”


- İndi MTN-ə faktiki olaraq Mədət Quliyev rəhbərlik edir. O da MTN-in yetişdirməsi deyil. Sizcə, niyə rəhbər vəzifəyə bu strukturun içərisindən heç kim gətirilmir?

- Bu, hakimiyyətin avtoritarlığından irəli gəlir. O ölkədə ki dövlət institutları arasında münasibətlər hüquqla tənzimlənmir, qanunlar işləmir, orada bütün münasibətlər başqa meyarlarla idarə olunur. Bu tip ölkələrdə xüsusi xidmət orqanları daim siyasi hakimiyyət tərəfindən şübhə ilə qarşılanır. Çünki onların fəaliyyət xarakteri elədir ki, onlar daha geniş imkanlara malik olurlar. O sıradan informasiya əldə etmək və təsir etmək imkanlarına. Bu baxımdan da ona üstünlük verilir ki, bu orqanların başında həmin orqanda yetişən insanlar yox, belə deyək, qeyri-peşəkarlar dayansın. Düşünürəm ki, yeni təyinat bu səbəbdəndir. Amma bu, demokratik ölkələrin praktikasında da var. Bir çox aparıcı dövlətlərdə xüsusi xidmət orqanlarının rəhbərləri siyasətçilərdir. Məsələn, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə hər yeni prezident öz komandasından yeni rəhbər təyin edir. Bu rəhbərlər də adətən siyasətçilər olur. Yəni, bu, bir tərəfdən normal praktikadır. Amma bu praktikanın demokratik, hüquqi dövlətlərdə və qeyri-hüququ dövlətlərdə səbəbləri fərqlidir.

- MTN-nin haqqında cinayət işi qaldırılan sabiq rəhbərlərinə qarşı irəli sürülən ittihamlar içərisində ölkə rəhbərliyinin dinləmək də var. Digər ölkələrdə də prezidentləri, onların ailə üzvlərini, yaxın çevrələrini dinləyirlərmi?

Son illər biz Edvard Snouden məsələsinin şahidi olduq. Söhbət ABŞ Milli Təhlükəsizlik İdarəsinin müxtəlif dövlətlərin rəhbər şəxslərini izləməsindən, dinləməsindən gedir. ABŞ Milli Təhlükəsizlik Agentliyi Almaniya kanslerini, Fransa prezidentini dinləyibsə, Barak Obamanı da dinləmələri istisna deyil. Ən azı onların buna texniki imkanları var. Qərbdə peşəkarların rəhbərlik etdiyi qurumlarda bu tip sirlər açılmır. Çünki açılanda bu artıq məhkəmə predmeti olur. Tutaq ki, ABŞ-da hansısa konqresmenin, senatorun, ya da sıradan bir vətəndaşın dinlənməsi ilə bağlı xəbər çıxsaydı, bu, mütləq məhkəmə predmeti olacaqdı. Ancaq Edvard Snoudenin açıqlamasında söhbət əsasən xarici liderlərdən gedirdi. Məhz buna görə də məhkəməyə müraciət olunmur, çünki faktları aça bilmirlər.

“ABŞ Milli Təhlükəsizlik Agentliyi Almaniya kanslerini, Fransa prezidentini dinləyibsə, Barak Obamanı da dinləmələri istisna deyil”


Düzdü, ABŞ səfirləri çağırılıb xəbərdarlıq edilir, müəyyən gərginliklər olur, ancaq bundan o yana heç bir proses baş vermir. Yəni xüsusi xidmət orqanlarının imkanları hər zaman çox genişdir. Ancaq onların fəaliyyətində bir hüquqi çərçivə də var. Mələsən, İsraildə MOSSAD-ın iki direktoru Fələstin liderlərinə qarşı keçirilən sui-qəsd aktlarına görə vəzifələrindən istefa vermək məcburiyyətində qalıblar. Baxmayaraq ki, sui-qəsd İsrail üçün düşmən tərəfə - Həmas liderlərinə yönəlik olub, yenə də onlar qanunsuz əməliyyat keçirdikləri üçün istefaya göndərildilər.

- Qayıdaq Azərbaycan xüsusi xidmət orqanlarındakı duruma. Ötən gün sosial şəbəkədə işdən kənarlaşdırılan generallardan Natəvan Mürvətova ilə bağlı status yazmısız, onun həbs edilməsini arzulamadığınızı demisiniz. Bu gün MTN-də baş verənlərlə bağlı ortada xeyli xəbər, mülahizə dolaşır. Ümumiyyətlə sizə orada nə baş verdiyi aydındırmı?

- Hələlik mənzərə tam aydın deyil. Mən keçmişdə o strukturda çalışanda Natəvan xanımla ünsiyyətdə olmuşam. Öz işini bilən peşəkar insandır. Məsələ burasındadır ki, ondan yuxarıda azı 3 pillə rəhbərlik var. Onun çalışdığı qurum bir strukturun tərkibindədir, ondan yuxarı nazir müavini, ondan da yuxarı nazir səviyyələri var. Əgər Natəvan Mürvətovaya qarşı konkret dinləmə məsələsində ittiham irəli sürülürsə, burada mənim fikrimcə, hüquqi əsas yoxdur. Çünki o, heç bir halda özündən yuxarı rəhbərlikdən verilən əmri icra etmək üçün əsas tələb edə bilməzdi. Orada nazirin, ya da müavinin imzası ilə tapşırıq gəlir və o tapşırıq icra olunmalıdır. Əslində Natəvan Mürvətovanı müdafiə eləməyimin səbəbi tək bu olmayıb. O, xanımdır, peşəkardır. Düşünürəm ki, peşəkarlara münasibətdə bəzən güzəştə getmək lazımdır. Çünki onlar dövlət üçün əhəmiyyətli insanlardır.

“Əgər Natəvan Mürvətovaya qarşı konkret dinləmə məsələsində ittiham irəli sürülürsə, burada mənim fikrimcə, hüquqi əsas yoxdur”


Məsələn, bir peşəkar 25-30 il xüsusi xidmət orqanlarında çalışıbsa, çoxhəcmli informasiya daşıyıcısıdırsa, onları qorumaq lazımdır. Birincisi, belə insanların yetişdirilməsi dövlət üçün çox çətindir, bunun üçün külli miqdarda vəsait və illər tələb olunur. İkincisi də onlar informasiya daşıyıcıları olduqları üçün dövlət üçün önəmli insanlardırlar. Statusumda da yazmışdım - mən əminəm ki, Natəvan Mürvətova mənim də, ailə üzvlərimin də telefonlarının dinlənilməsində iştirak edib. Ancaq mən buna görə ürəyimdə ona kin saxlamıram, çünki onun əmr icra elədiyini bilirəm. Burada əsas cəzalanmalı şəxslər icraçılar yox, səlahiyyətli, vəzifəli şəxslər olmalıdır. Ancaq hələlik daha çox icraçıları cəzalandırırlar. Səlahiyyətlilər haqqında rəsmi açıqlamalarda vəzifədən uzaqlaşdırılmadan başqa heç nə görünmür. Mən yenə də o fikrimdə qalıram ki, icraçılar cəzalandırıla bilərlər, ancaq ağır cəzalandırılmalı deyillər. Onların dövlət üçün əhəmiyyəti nəzərə alınmalıdır.

- MTN digər strukturlardan fərqli vətəndaş üçün daha qapalı, eyni zamanda xoflu qurum olub. Görünür bu, uzun illər hökm sürən DTK xofu ilə bağlıdır. Son günlər baş verənlər qurumla bağlı xofu bir qədər dağıdıb, eyni zamanda strukturun imici ciddi şəkildə zədələnib. Sizcə, bu imici bərpa etmək mümkündürmü?

- Öncə onu deyim ki, xüsusi xidmət orqanının cəmiyyət üzərində xofu olmamalıdır. Son 11 ildə belə bir xof yaradılmışdı. Ondan öncəki mərhələdə isə insanlar bu orqanın varlığını belə unudurdular. Əslində xüsusi xidmət orqanı məhz bu cür olmalıdır. Onun vəzifəsi ölkədə xof, repressiv ovqat yaratmaq deyil. MTN-nin vəzifəsi dövlətin təhlükəsizliyinin təmin olunmasıdır. Bu, spesifik xarakterli fəaliyyət növüdür. Məncə MTN-in “nüfuzunu” bərpa etmək deyil, onun iş qabiliyyətini bərpa etmək gərəkdir. Bu işə də peşəkarlar böyük töhfə verə bilərlər. 11 ildir bu peşəkarlar sistemli şəkildə orqandan uzaqlaşdırılırdılar. İndi onlardan hansını geri qaytarmaq mümkündürsə, bunu eləmək lazımdır. Təbii, söhbət MTN-dən sonrakı fəaliyyəti qurum üçün risk yaratmayanlardan gedir. Ən azı gələcək nəsillərin yetişməsində onların təcrübəsinə ehtiyac var. Mənə elə gəlir, MTN-in qanunla nəzərdə tutulan fəaliyyətini tam bərpa eləməsi üçün 5 il lazımdır.

“MTN-in qanunla nəzərdə tutulan fəaliyyətini tam bərpa eləməsi üçün 5 il lazımdır”


- Azərbaycan əsasən dost olmayan ölkələrlə çevrələnib. Təbii, təhlükəsizlik strukturunda baş verənlər bu ölkələrin də diqqətindədir. Sizcə, indi Azərbaycanın milli təhlükəsizlik baxımından açıqları çoxdurmu?

- Öncə onu deyim ki, işdən kənarlaşdırılanların bir çoxunun tərcümeyi-halı buna şübhə yeri qoymur. Çox detallara varmayacam, amma əminəm ki, bu beldir. Xarici dövlətlərin Azərbaycandakı maraqlarına gəlincə, bu gün ölkə, xüsusən Bakı dünya casus cameəsinin diqqətini cəlb edən bəlkə də ən əsas nöqtələrdən biridir. Qətiyyən şişirtmirəm, bu həqiqətən belədir. Bizim qonşuluğumuzda torpaqlarımızı işğal edən Ermənistan var. Belə olan şəraitdə təbii, Azərbaycanın güclü təhlükəsizlik orqanlarına ehtiyacı var.

“Vurulan qanad daha çox Rusiyaya loyal idi”


Ancaq bu fəaliyyət vətəndaşların hüquq və azadlıqlarına, onların siyasi azadlıqlarına qarşı yox, Azərbaycan dövlətinin milli təhlükəsizliyinin təmin olunmasına yönəldilməlidir. Ona görə də düşünürəm ki, Azərbaycanın xüsusi xidmət orqanları tam müstəqil olaraq dövlət marağına xidmət etməlidir. Məsələn, terrorla mübarizədə digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq mümkündür.

“Bu dövlət orqanı ilk növbədə dövlətin, millətin maraqlarına xidmət etməlidir, bir müddət öncə olduğu kimi xarici xüsusi xidmət orqanlarının əməkdaşları gəlib onun binasına yerləşməməlidir”


Bu praktika bütün dünyada var. Ancaq bu dövlət orqanı ilk növbədə dövlətin, millətin maraqlarına xidmət etməlidir, bir müddət öncə olduğu kimi xarici xüsusi xidmət orqanlarının əməkdaşları gəlib onun binasına yerləşməməlidir. Mən çox detallara varmaq istəmirəm, bu bir milli təhlükəsizlik məsələsidir. Ancaq keçmiş komandanın fəaliyyətində belə məsələlər olub.

Geri dön