Ana Sayfa > Araşdırma > Rusiya 7 rayonu qaytarır, amma nəyi alır - blef, yoxsa...

Rusiya 7 rayonu qaytarır, amma nəyi alır - blef, yoxsa...


7-09-2015, 10:06. Yazar: admin
Rusiya 7 rayonu qaytarır, amma nəyi alır - blef, yoxsa...
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya ötən həftə reallaşan səfəri ətrafında ən müxtəlif versiyalar və mülahizələr irəli sürülməkdə davam edir. Ola bilsin, Bakı görüşlərinin yekunu ilə bağlı heç bir rəsmi açıqlamanın olmaması, adicə brifinqin keçirilməməsi də bu yöndə ehtimallara yol açmaqdadır.

Versiya və gümanların qayəsində isə “Sergey Lavrov paytaxtımıza nə üçün gəlmişdi və Putindən konkret hansı mesajı gətirmişdi” sualı durur. Bəzi yerli analitiklərə görə, səfər öncəliklə Qarabağ münaqişəsində, nəhayət, irəliləyişə nail olmaq və axır vaxtlar NATO-nun bölgədə güclənməyə başlamasından dolayı Moskva-Bakı münasibətlərini ən azı, indiki səviyyədə saxlamaq məramından qaynaqlanıb.

Bu versiyanı müdafiə edən politoloq Qabil Hüseynliyə görə, Rusiya ilə Azərbaycan arasında Qarabağla bağlı danışıqlar çoxdan gedir və bununla bağlı müsbət nəticələr də artıq var. Mətbuata açıqlamasında o deyib ki, Bakıda iki ölkə xarici işlər nazirləri səviyyəsində baş tutan görüşdə hər iki tərəf siyasi mesajlarını rəhbərliyin diqqətinə çatdırıb.

Sitat: “Lavrovun son səfəri göstərdi ki, Rusiya NATO-nun Qafqazda irəliləməsindən olduqca narahatdır. Düzdür, mətbuata açıq formada bildirilməsə də, çox güman ki, ikitərəfli görüşdə Dağlıq Qarabağ məsələsi ön planda olub. Səfər müddətində ermənilərin cəbhə xəttində fəallığının artması isə ona işarədir ki, İrəvan Lavrovun ziyarətindən narahatdır. Çünki Ermənistan yaxşı bilir ki, Lavrov Putinin tapşırığı ilə Bakıya gəlib. Fakt odur ki, Azərbaycan beynəlxalq siyasətin formalaşmasında yaxından iştirak edir və buna görə Moskva Bakı ilə hesablaşmaq məcburiyyəti qarşısında qalıb. Lavrov Bakıda Putinin fikirlərini Azərbaycan rəhbərliyinə, Bakı isə qarşı tərəfə Qarabağla bağlı mesajını göndərib. Rusiyanın 7 rayonun geri qaytarılması ilə bağlı razılığı var. Sadəcə, bunu reallaşdırmaq barədə hələ ki, son nəticəyə gəlinməyib. Bir sözlə, Rusiya Azərbaycanın şərtlərini yerinə yetirərsə, bu, Moskva ilə strateji əməkdaşlığın bütün qaydalarını yerinə yetirməyə yol aça bilər”.

***

“Moskvanın Bakı və İrəvan üçün yeni planı var”. Bunu isə Rusiyanın “Politrus” saytı yazıb. Saytın məqaləsində iddia edilir ki, Dağlıq Qarabağda hərbi gərginliyin qalmasında ABŞ maraqlıdır: “Çünki Rusiya, İran və Çinin maraq zonasında olan bu bölgənin daim ”qaynar" olması ABŞ-ın hegemonluğuna xidmət edir. Lakin hazırkı vəziyyətdə müharibənin başlaması problem olaraq qalır. Nədən ki, Bakı və İrəvan savaş istəmir. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını tələb edir. Çünki məcburi köçkün və qaçqınlar öz evlərinə qayıtmaq istəyirlər. Ölkə rəhbərliyi də bu məsələdə qətiyyət göstərir".

Məqalədə ardınca bildirilir ki, Rusiya Azərbaycanı Xəzər regionunda və Avrasiya İttifaqında öz müttəfiqi kimi görmək arzusundadır: “Moskva bunu gizlətmir. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan Avrasiya İttifaqı üçün əlverişlidir. Amma artıq ittifaqda yer alan Ermənistan Azərbaycanın bu birliyə girişini əngəlləyir. Azərbaycan ərazisini nəzarətdə saxlayan bir ölkə ilə eyni ittifaqda yer almağın mümkünsüzlüyünü irəli çəkir”.

Sayt ardından yazıb ki, Lavrovun Bakı səfərinin detalları yayılmasa da, fərz etmək mümkündür ki, Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni plan təklif edir. “Həm də bu təklif indi yox, Vladimir Putinin I Avropa Oyunlarının açılış mərasimində iştirakı zamanı Bakıya təqdim olunub. Rusiya XİN rəhbəri isə planın detallarını müzakirə etmək üçün Bakıya gedib. Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın 7-də nəzərdə tutulan Moskva səfərində də münaqişənin həlli üçün təklif olunan yeni plan müzakirə olunacaq”, - deyə yazıda vurğulanır.

Portal münaqişənin həlli üçün iki təklifin ola biləcəyini qeyd edib: “Birincisi, Ermənistan Dağlıq Qarabağdakı qoşunlarını tamamilə çıxarır və ətraf 7 rayon Azərbaycana qaytarılır. Bakı bunu istəyir, amma İrəvan buna getməyəcək. Hətta üçüncü tərəfin məsələyə qarışması və böyük maliyyə hesabına torpaqların qaytarılması variantı olsa belə bu, mümkünsüz görünür. Çünki Qarabağdakı ermənilər bu torpaqların özlərinki olduğunu düşünürlər. İkinci variant Ermənistanın Laçından başqa digər işğal olunmuş rayonları qaytarması və Qarabağa dəhlizin təmin olunmasıdır. Köçkünlər qayıdacaq, Bakı da ərazidən çıxarılan ermənilərə kompensasiya ödəyəcək. Bu, mümkün variant kimi görünür və Azərbaycan tərəfi ermənilərə kompensasiyasını birbaşa deyil, Rusiya vasitəsilə verəcək. Əgər bu variant reallaşarsa, kompensasiya Rusiya tərəfindən Avrasiya İttifaqı çərçivəsində Ermənistana kredit kimi də verilə bilər”.

***
Maraqlıdır ki, Sərkisyan Lavrovun Bakı səfərindən dərhal sonra Moskvaya çağırılıb. Məhz çağırılıb, çünki Ermənistan Rusiya üçün suveren dövlət deyil. Sabah o, Putinlə görüşəcək. Bəzi siyasi müşahidəçilər inanır ki, Səkisyanın səfəri həqiqətən də Azərbaycan və Rusiya tərəfləri arasında Bakıda Qarabağla bağlı aparılan fikir mübadiləsinin məntiqi nəticəsi kimi ortaya çıxıb. Güman olunur ki, düşmən ölkə başçısı Azərbaycan rəhbərliyinin Qarabağ mesajından xəbərdardır və o üzdən də onun Moskva səfəri ən əvvəl münaqişə ətrafındakı durumla bağlı Rusiya ilə satellit Ermənistan arasında “dəqiqləşdirmə aparmaq” hədəfi güdür.

***

Mövzuya dəxli olan daha bir əhəmiyyətli ştrix: artıq bəllidir ki, sentyabrın axırında Nyu-Yorkda ABŞ-ın təşəbbüskar olduğu Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmayacaq. İstisna deyil, Kreml fürsətdən yararlanmaq və özünü problemin əsas tənzimləyicisi rolunda göstərmək üçün hərəkətə keçib və müəyyən zondajlar həyata keçirir.
Hədəf də birinci o ola bilər ki, Kremlə hazırda Qarabağ məsələsində hamıdan çox konstruktiv görünmək olduqca vacibdir. Moskva habelə Azərbaycanda və Ermənistanda ictimai nəbzi yoxlamaq, bu iki Qafqaz ölkəsində özünün xeyli düşən nüfuzunu qaldırmaq, beləliklə də Bakı və İrəvanı bir az da çox öz orbitində saxlamaq istəyi güdür. Bu üzdən də “rəngarəng, dolğun və inandırıcı həll planları”nın dövriyyəyə buraxılması mümkündür.

Ancaq hər necə olmasa, bu günə sərt gerçəklik belədir ki, Ukraynaya dair “Normand dördlüyü” (Rusiya, Almaniya, Fransa, Ukrayna) səviyyəsində əldə olunan və boşa çıxan Minsk anlaşması kimi, Dağlıq Qarabağa dair Minsk Qrupunun işinin fiasko olmasında da Moskvanın həlledici rolu danılmazdır. Bunun əleyhinə ortalıqda hələ ki, yalnız güman və versiyalar dolaşır.

Geri dön