Ana Sayfa > Araşdırma > Bələdiyyə sədrinin diplomunun saxta olduğu iddia edilir

Bələdiyyə sədrinin diplomunun saxta olduğu iddia edilir


27-05-2015, 10:44. Yazar: admin
Bələdiyyə sədrinin diplomunun saxta olduğu iddia edilir
Bu gün həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən bələdiyyələrin bir qismi törətdikləri əməllərlə vətəndaşların ciddi narazılığına səbəb olurlar. Belə ki, bələdiyyə sədrləri əllərində olan imkanlardan yararlanaraq şəxsi gəlirlərini artırır və bu zaman sakinlərin hüquqlarını ayaqlar altına alırlar. Misal kimi, İmişli rayonu Yalavac bələdiyyəsini və onun sədri Qəhrəman Qəhrəmanovu göstərmək olar.

Əldə etdiyimiz bilgilərə görə, Qəhrəman Qəhrəmanovun "gərgin əməyi" sayəsində artıq Yalavac kəndində bələdiyyə mülkiyyətində olan torpaq sahələri satılıb qurtarıb: "Odur ki, bu gün Yalavac kəndində torpaq sahəsi tapmaq müşkül məsələyə çevrilib. Çünki Qəhrəman Qəhrəmanov yerindən asılı olaraq torpaq sahələrini müxtəlif qiymətə ayrı-ayrı şəxslərə satıb. Ona görə də kənd sakinləri özlərinə ev tikmək üçün torpaq sahəsi almaq istədikdə tapa bilmirlər. Qeyd edim ki, bələdiyyə sədri Qəhrəman Qəhrəmanovun geniş maliyyə imkanlarına sahib olduğu artıq az qala İmişlinin hər bir sakininə bəllidir. Onun rayonun mərkəzində bir neçə dükan və mağazası, Yalavac kəndində isə böyük fermer təsərrüfatı və heyvandarlıq kompleksi var. Lakin indiyədək heç kim Qəhrəman Qəhrəmanovun bu qədər sərvəti hansı yolla qazanması ilə maraqlanmayıb". Məlumatlı şəxs iddia edir ki, Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovu nəinki yaşadığı kənddə və rayonda, hətta "yuxarı"larda da yaxşı tanıyırlar: "Çünki onun barəsində yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qalaq-qalaq şikayət göndərildiyindən, adamın adı rəsmi yazışmalarda tez-tez keçir, özü isə cavabdeh qismində araşdırmalara cəlb olunur. Lakin onu həqiqətən qəhrəman hesab etmək olar. Ona görə ki, bu qədər həngamədən "aydan arı, sudanduru" çıxmağı bacarıb. 1999-cu ildə ölkəmizdə ilk bələdiyyə seçkisi keçiriləndə Qəhrəman Qəhrəmanov ilk olaraq Yalavac bələdiyyəsinə üzv, ardınca isə sədr seçilib. Onun səlahiyyət müddəti 2004-cü ildə bitsə də, yerli sakinlərin sözlərinə görə, sonrakı 10 il ərzində də yerli özünüidarə orqanını öz təsiri altında saxlaya bilib. Sonuncu seçkidə yenidən, amma bu dəfə 3 kəndi əhatə edən Yalavac bələdiyyəsinə üzv və sədr seçilən Qəhrəman Qəhrəmanov maliyyə imkanını xeyli genişləndirməyə müvəffəq olub". Mənbənin bildirdiyinə görə, sonuncu bələdiyyə seçkisində Qəhrəman Qəhrəmanov ortaya Azərbaycan Texniki Unversitetinin diplomunu çıxarsa da, yerli sakinlər bu sənədin saxta olduğunu və onun hələ də öz adını belə yaza bilmədiyini iddia edirlər…

Bu arada, Yalavac kənd sakini Azad Məmişov infom.az-a bildirib ki, birinci beşillikdə cəmi 4 torpaq sahəsinin alqı-satqısı olub: "İndi o dövrə aid onlarla alqı-satqı, icarə sənədləri ortaya çıxıb. Qəhrəman Qəhrəmanov müasir dövrün texnoloji vasitələrindən istifadə edərək, keçmiş illərə aid tərtib etdiyi sənədlərə həm bələdiyyənin, həm də artıq mövcud olmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsnin möhürlərini vurub. İndi biabırçı faktlar ortaya çıxır. Məsələn, 2008-ci ildə bələdiyyə tərəfindən icarəyə verilən torpaq sahəsi demə 8 il əvvəl elə bu bələdiyyənin qərarı ilə başqa şəxsin mülkiyyətinə verilibmiş. Hərbi hissənin ətrafında olan 9 hektarlıq sahəni bələdiyyə ərazisində yaşamayan şəxslərə peşkəş edib. Elə ailələr var ki, onun 9 üzvünün hər birinin adına torpaq sahəsi sənədləşdirilib. Bəzi insanlar adlarına torpaq olmağından sonradan xəbər tutublar. Meşədə yanğın olanda məlum oldu ki, meşə fonduna aid edilən 1 hektarlıq ərazi də bələdiyyə qərarları ilə satılıbmış. Bu isə yanğının qəsdən törədilməyi barədə əhalidə kifayət qədər əsaslı şübhələr yaradır. Adam mərkəzi icra hakimiyyəti orqanlarını da aldadıb, araşdırma zamanı bələdiyyənin keçmiş illərə aid sənədləri tələb olunanda, guya onu İmişli arxivinə təhvil verilməyi, buradan Saatlıya göndərilməyi, sonuncu arxiv idarəsində isə məhv edilməyi barədə saxta arayış təqdim edib". Adıçəkilən kəndin başqa bir sakini İlham Mehdiyev isə kifayət qədər resurslara malik bələdiyyənin kənd üçün bir iş görmədiyini söyləyib: "Yalavac, Rəsullu və Məhəmmədli kəndlərində ümumilikdə 4 min nəfərdən çox adam yaşayır, 900-dək ev təsərrüfatı var. 2 tam orta məktəb, 5 yanacaqdoldurma məntəqəsi, 1 kərpic zavodu, 3 qum-çınqıl karxanası, 100-dək mağaza, iaşə, xidmət və istehsal obyekti, 500 hektar icarəyə verilən torpaq sahəsi var. Lakin bundan kəndlər üçün bir qara qəpiklik iş görülməyib. Kəndarası yollarda qışda palçıq, yayda toz dizə çıxır. Baxımsızlıqdan tibb məntəqəsi dağılıb gedib. Qəhrəman Qəhrəmanov heç vaxt öz işi barədə camaata hesabat vermir. Biz bilmirik ki, yerli büdcəyə toplanılan vəsait nəyə və niyə xərclənir". Yalavac kəndində yaşayan 84 yaşlı Leyla Usubova isə həyat yoldaşının Böyük Vətən, oğlunun isə Qarabağ müharibəsi iştirakçısı olduğunu vurğulamaqla yanaşı, Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun əməllərindən gileyləndi: "2003-cü ildə ikimərtəbəli evimiz uçdu. Onun materialları ilə bir daxma qaraltmışıq. Köhnə şiferlər sınıq-sınıq olub. Yağıntılı günlərdə otaqlara ləyənçə düzürük. Bu evdə mən ahıl yaşlı qadın, iki azyaşlı uşaq olmaqla 5 nəfər yaşayır. Oğlumun pensiyası öz müalicə xərclərinə gedir. Dəfələrlə müraciət etsək də, bələdiyyə evimizin dam örtüyünün təzələnməsinə kömək etməyib".

Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, sakinlərin problemləri, onların sosial qayğıları Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovu zərrə qədər də olsun narahat etmir. Maraqlıdır, görəsən belə olan təqdirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev nədən bələdiyyə sədrinin əməllərinə lazımi qiymət vermir? Kim bilir, bəlkə də bu məsələdə onların maraqları üst-üstə düşdüyündən icra başçısı özünü görməzliyə vurur…

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri dön