Ana Sayfa > Araşdırma > Şabranın rəhbəri büdcədən ayrılan vəsaitləri hara xərcləyir?

Şabranın rəhbəri büdcədən ayrılan vəsaitləri hara xərcləyir?


9-05-2015, 10:58. Yazar: admin
Şabranın rəhbəri büdcədən ayrılan vəsaitləri hara xərcləyir?
Son illər bölgələrdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Qısa vaxt ərzində əksər rayonlarımızda abadlaşma ilə bağlı böyük tədbirlər həyata keçirilib. Vətəndaşların rahat dincələ bilməsi üçün istirahət parkları salınıb, yeni yollar, körpülər çəkilib, içməli su və kanalizasiya sistemləri yenidən qurulub və sair. Təbii ki, bütün bunlar dövlət büdcəsindən, eləcə də Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlərin hesabına görülüb və görülməkdədir. Əfsus ki, bəzi hallarda isə yerlərdə icra başçıları ilə iş adamlarının arasında yaranan pul qalmaqalının şahidi oluruq.

Başqa sözlə desək, yerli icra hakimiyyəti orqanlarının bəzi rəhbər şəxsləri sahibkarlara müəyyən işləri gördürsələr də, onların pulunu qaytarmırlar. Xırdalan şəhəri ev 27, mənzil 119 ünvanında yaşayan Əsədov Eldar Əsədulla oğlu da eyni problemlə üzləşib. Belə ki, o Şabran İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla qarşılıqlı anlaşma əsasında rayonda bir sıra işlər görüb. Lakin hələ də indiyə kimi pulunu ala bilmir. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Eldar Əsədov bildirdi ki, onu icra başçısı ilə keçmiş millət vəkili Mətləb Mütəllimli 2013-cü ildə tanışedib: "Həmin il Mətləb müəllim məni və qardaşımı icra başçısının yanına çağıraraq rayonda görülən abadlıq işləri ilə bağlı gül və dekorativ ağac bitkilərinin lazım olduğunu bildirdi. Biz məhz bu işlə məşğul oluruq. Başçı rayona yaşıl ağac gətirməyimizi tapşırdı. Öz növbəmizdə ona ağacların qiyməti haqda məlumat verdik. Bununla razılaşdı və sifarişlərini gətirdik. Hər növ ağac var idi. Başçı ağacları bəyəndi. Birinci sifarişdə 7 ədəd palma ağacı gətirdim, onların hər birinin qiyməti 50 manat təşkil edirdi. Daha sonra 50 ədəd gətirməyi də tapşırdı. Yük maşınının boşalmasına icra hakimi şəxsən özü nəzarət edirdi. Hətta başqa yerə aparılmalı olan 36 ədəd Amerika tüyasını da yerə boşaltdırdı və deyəndə ki, bunlar başqa sifarişdir, bildirdi ki, mənə tədbiri yola vermək lazımdır. Həmin ərəfələrdə cənab prezident Şabrana səfər edəcəkdi. Novruz müəllim dedi ki, abadlıq işləri ilə əlaqədar olaraq hələlik büdcədə pul yoxdur, vəsait ayrılan kimi sizin pulunuzu verəcəm. Biz ona inandıq, borc-xərc edib yenə yük maşınında ağac gətirdik. Tədbir başa çatandan bir həftə sonra icra hakimiyyəti binasının həyətində Novruz Novruzov bizə öz təşəkkürünü bildirdi. Müavini Mehdi müəllimə isə tapşırdı ki, bunların pulunu hesabla ver. Mehdi müəllimin otağına keçib görülən işlərin pulunu hesabladıq. Hamısı bir yerdə 22 min 860 manat pul tutdu. Bizdən bir neçə gün gözləməyimizi xahiş etdilər. 3 gündən sonra başçının müavini ilə əlaqə saxladım, amma zəngimə cavab vermədi. Ertəsi gün qardaşımı da götürüb Şabrana yollandım. Orda Mehdi müəllimlə görüşdük, lakin o bizə etirazını bildirərək dedi ki, zəngimi gözləyin. Başçının müavini pulun hesaba təzə oturduğunu deyərək səbirli olmağımızı tələb etdi". Şikayətçi deyir ki, həmin gün pulun 1000 manatını ala bilib: "Daha sonra 5000 manat da verdilər. Ağac gətirəndə isə birinci müavin bizə üst-üstə 1750 manat pul vermişdi. Məbləğin yerdə qalan hissəsinin ödənməsi isə gecikirdi. Vəziyyətin belə alındığını görüb icra başçısı ilə görüşdüm. Məni əmin etdi ki, narahat olma pul Mehdi müəllimdədir sənə çatdıracaq. Bundan sonra Bakı-Şabran get-gəli başladı. Qeyd edim ki, həmin gül və ağacları faizlə borc pul götürüb almışdım. Borc yiyələri qapıya dirənib. 2014-cü ilin aprel ayında yenidən rayon rəhbəri ilə görüşdük. Bu dəfə isə dedi ki, sizinlə daha Mehdi müəllim yox, Natəvan xanım məşğul olacaq. Yəni guya pulun qaytarılmasını o həyata keçirəcəkdi. Natəvan xanım ağacların bir neçəsinin quruduğunu, onları yenidən sayıb qiymətini hesablayacağını bildirdi. Ona iradımı bildirdim. Çünki ağaclara qulluq etmək bizim yox, icra hakimiyyətinin işçilərinin işi idi. Həmin ağaclar 3 il qabda olub qurumayıb, bəs necə oldu əkiləndən sonra qurudu? Bunlar hamısı bəhanə idi. Novruz müəllimlə aramızda razılıq olmuşdu ki, Rayon İcra Hakimiyyətinə büdcədən vəsait ayrılan kimi pulumuzu qaytaracaq. Amma icra başçısı bu günə qədər verdiyi vədə əməl etməyib. Çox get-gəldən sonra Natəvan xanım "neçə ki, mən burdayam sənə pul verməyəcəm. Get kimə istəyirsən şikayət elə" dedi. İndiyə kimi ödənilən 7750 manat qızılgül və mövsümü güllərin puludur. 2 maşın "Kamaz"da gələn dekorativ ağacların pulu, yəni 15110 manat, malı dollarla aldığım üçün 19 370 dollar bu vaxta kimi qaytarılmayıb. Çıxılmaz vəziyyətdə qalmışam. Sizin vasitənizlə ölkə rəhbərliyindən kömək istəyirəm. Verdiyim malların siyahısını sizə təqdim edirəm:

Kalik qızılgül- 5875x1 manat =5875

Mövsümü güllər- 1940x1 manat=1940 manat

1 reys "Kamaz"la dekorativ ağac- 7995 manat

Yuka 3x15=45

Tuya şar 36x30=1080

Kamiski şar 60x15=900

Kamiski zolotaya 2x30=60

İndira Qandi 2x30=60

Magnoliya 2x40=80

Kremlyovski 2x100=200

Qardina 1x50=50

Mayavenik 10x10=100

Aylandira böyük 10x10=100

Aylandira 75x4= 300

Yaşıl şümşad 4000x1=4000

Palma 7x50=350

Fəhlə 5x20=100

Kamski şar 25x30= 750

2-ci reys "Kamaz"la dekorativ ağac- 7050 manat

Palma 50x50=2500

Vaşinqton palma 2x200=400

Tuya şar 22x15=330

Mövsümü gül 150x0.07=105

Primidal şar 5x30=150

Aylandira 210x4=840

Kremlovski 4x100=400

Yaşıl şümşad 2000x1=2000

Magnoli 1x10=10

Mayevenik 20x10=200

Yuka 1x15=15

Fəhlə 5x20=100

Bu pullardan mənə 2013-cü ilin avqust ayında 1750, daha sonra isə müvafiq olaraq 1000 və 5000 manat ödənilib. Qalan pulu hələ də ala bilməmişəm. Xahiş edirəm ki, əlaqədar dövlət qurumlarının rəsmiləri mənə köməklik göstərsinlər". Məsələyə aydınlıq gətirmək üçün Şabran İcra Hakimiyyətinin (02335) 3 25 00 nömrəli əlaqə telefonuna zəng vurduq. Dəstəyi qaldıran şəxs bizə başçının köməkçisi Merac Əliyevlə əlaqə saxlamağı məsləhət gördü. Lakin icra hakiminin köməkçisi ilə danışmaq cəhdlərimiz uğursuz oldu. Dəfələrlə zəng vurmağımıza baxmayaraq, dəstəyi qaldırmadı. Buna rəğmən, Novruz Novruzovun da mövqeyini dərc edə bilərik.

Geri dön