Ana Sayfa > Araşdırma > Məmur oğlunun biznesi ilə bağlı maraqlı faktlar

Məmur oğlunun biznesi ilə bağlı maraqlı faktlar


30-04-2015, 11:29. Yazar: admin
Məmur oğlunun biznesi ilə bağlı maraqlı faktlar
Bəzi məmurların aktiv biznes fəaliyyəti ilə məşğul olması heç kəsə sirr deyil. Yüksək dövlət vəzifələrini tutan bir sıra şəxslərin qohumlarının, yaxud ailə üzvlərinin adlarına rəsmiləşdirdikləri obyektlər vasitəsilə biznesə girişmələri haqda mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunub.

Düzdür, əksər nazirlərin, icra başçılarının, deputatların özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını rəsmi şəkildə sübut etmək mümkün deyil. Bayaq qeyd etdiyimiz kimi, onlar sahibi olduqları obyektlərin heç birini öz adlarına keçirmirlər. Qanun məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan etdiyi üçün onlar bir qədər ehtiyatla davranırlar. Buna baxmayaraq, kimin hansı sahəni monopoliyaya alması çoxlarına məlumdur. Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimovun biznes imperiyası haqda da indiyə qədər müxtəlif fikirlər səsləndirilib. Belə ki, nazirin məşhur xarici brendlərin Bakıda satışını həyata keçirən mağazalara sahib olduğu bildirilir. Xatırladaq ki, bu məmur nazir postuna gətirilməzdən öncə biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edirb. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən nazir daha sonra Bakıda "İtaldizayn" şirkətini açıb. Məlumata görə, o ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib. "İdea", "Creative System", iki "Villeroy & Boch" butik və salonu, "Bang & Olufsen", "Ambiance", dörd "Swarovski" butiki, "Royal Collection", "Royal Collection - Watches & Accessories", "Yves Delorme", "Baccarat - Bernardaud", "Museum", "Chopard", "Carpets Boutique", "Lladro", "Roberto Coin - de Grisogono"; iki "Eurodesign" və "Transeurocom" telekommunikasiya şirkəti; "İD Catering" keyterinq şirkəti və "Creacon" inşaat şirkətinin nazirin ailə üzvləri tərəfindən idarə olunduğu qeyd edilir. Bildirilir ki, Azad Rəhimov nazir vəzifəsinə keçdikdən sonra imkanlarından istifadə edərək holdinqə daxil olan şirkətlərin beynəlxalq sərgilərdə iştirakını təmin edib. Holdinqin "Mebel ticarəti sahəsində ilin ən yaxşı şirkəti" nominasiyasında "UĞUR" milli mükafatına, Parisdə Avropanın otuz aparıcı şirkəti sırasında "Keyfiyyətə görə" Avropa beynəlxalq mükafatına layiq görülməsi bunun əyani sübutudur. Hazırda holdinqin prezidenti Elçin Zeynalov olsa da, bütün işləri nazirin köməkçisi Fuad Hadıyevin apardığı vurğulanır. Araşdırmalar göstərir ki, gənclər və idman nazirinin adı bu vaxta qədər müxtəlif qalmaqallı işlərdə çəkilib. Hətta onun oğlu Arif Rəhimova 2010-cu ildə dəbdəbəli toy etməsi xəbəri uzun müddət mətbuatın gündəmindən düşməmişdi. Qəzet və saytların yazdığına görə, nazir oğlunun "Buta" Sarayında baş tutan toy mərasimində dünyanın bir çox məşhur müğənnisi iştirak edib: "Toyda heç kimin çəkiliş aparmasına imkan verilməyib. Nazir oğlunun toy mərasiminə dünyanın ən məşhur qruplarından biri olan "Black Eyed Peas" qrupu gətirilib. Toyun təşkil edilməsinə, sarayın bəzədilməsinə külli miqdarda vəsait sərf edilib". Lakin nədənsə nazir oğluna etdiyi toy haqda yayılan xəbərlərə reaksiya vermədi. Məlum olduğu kimi, bəzi məmurların biznes işlərini ya övladları, ya da yaxın qohumları aparır. Azad Rəhimovun oğlu Arif Rəhimov da gərgin biznes fəaliyyəti ilə məşğul olur. Əldə etdiyimiz məlumatlarda deyilir ki, orta məktəbi Bakıda bitirən məmur oğlu daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb: "Bundan sonra isə ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş məmur oğlu sonradan "DDLAR GROUP" adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. O hazırda Londonda yaşayır. Bununla paralel 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1-in "Qran Pri" yarışının təşkilatçısıdır. Xarici mətbuata verdiyi müsahibəsində "Baku Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimov "Qran Pri" yarışının Bakıda ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirib. Bakıda keçiriləcək "Formula-1" mərhələsi üçün yolların layihəsi də artıq hazırlanıb. 6 kilometr uzunluğunda tras 20 döngədən ibarət olacaq. "Baku Grand Prix" şirkətinin sifarişi ilə hazırlanmış layihədə tras 340 km/saat sürət üçün nəzərdə tutulub". Göründüyü kimi, Azad Rəhimov əlindəki imkanlardan yararlanaraq oğlunu mühüm layihələrə cəlb edib. Bizə maraqlı gələn isə nazir balasının xaricdə yaşamasıdır. Əlbəttə, harada yaşaması onun öz seçimidir. Sadəcə, nəyə görə Azərbaycanda yaşamaq istəməməsi bir qədər maraqlıdır. Axı onun atası, həmçinin özü bu ölkənin sayəsində yüksək pilləyə qalxıblar.

Qeyd edək ki, nazirin oğlunun rəhbəri olduğu şirkət ölkəmizdə və xaricdə bir sıra iri tikinti layihələri həyata keçirir. Məsələn, Bakı Su İdman Sarayı, "Gənclik" yaşayış binası, "İzmir", "Astoria" yaşayış komplekslərinin tikintisi "DDLAR GROUP" tərəfindən inşa edilib. Göründüyü kimi, Gənclər və İdman Nazirliyinin bir çox sifarişi məhz bu şirkət tərəfindən icra olunur. Bu haqda gələn saylarımızda ətraflı məlumat verəcəyik.

Geri dön