Ana Sayfa > Araşdırma > Azərbaycan hərbi variantı gündəlikdən çıxarmayıb - TƏHLİL

Azərbaycan hərbi variantı gündəlikdən çıxarmayıb - TƏHLİL


13-01-2021, 17:44. Yazar: admin
Azərbaycan hərbi variantı gündəlikdən çıxarmayıb - TƏHLİL

Azərbaycan Qarabağdakı post-müharibə dövründə də dəmir iradə nümayiş etdirir. Prezident İlham Əliyevin xarici siyasətdə ardıcıl prinsipial mövqeyi, dünyaya aydın mesajları düşməni və ya ona havadar olanları Qarabağda hansısa təxribat əməllərindən çəkindirməyə çağırışdır.

Bu ərəfədə isə Xocalının, Xankəndinin, Xocavəndin bir hissəsinin guya Azərbaycanın nəzarətindən kənar olduğuna dair fikirlər səsləndirilir.

Halbuki, Azərbaycan hər üç bölgəyə nəzarət imkanlarına malikdir və bunu mərhələli şəkildə həyata keçirir.

Birincisi, Xocavənd rayonunda meşəlik ərazilərdə özlərinə mövqe seçərək öz təsəvvürlərində partizanlıq edən erməni diversantlar zərərsizləşdirilir.

Müharibə bitdikdən sonra Xocavənd rayonunda 62 erməni diversant saxlanılıb, Ermənistan tərəfi onları hərbi əsir qiyafəsinə bürüməyə cəhd etsə də, bu, faydasızdır. Çünki onlar müharibədən sonra təxribat törədiblər və hüquqi olaraq terrorçu statusundadırlar.

Xankəndiyə gəlincə, orada Rusiya hərbçiləri sülhməramlı əməliyyatların keçirilməsinə nəzarət edirlər. Düzdür, zamanla ermənilər bundan istifadə edirlər, onlara rəvac verənlərdən biri də elə Rusiya sülhməramlıların bir hissəsidir.

Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib ki, sülhməramlı qüvvələr humanitar işlərlə məşğuldurlar. Halbuki noyabrın 10-da imzalanmış bəyanatda sülhməramlı qüvvələr üçün humanitar funksiya təsbit edilməyib.

İkincisi, vaxtilə Xankəndidə Dağlıq Qarabağdakı qondarma, separatçı rejimin əski parçası dalğalanırdı, indi isə o, tarixin zibilliyinə atılıb. Bu isə Azərbaycanın diktəsi və tələblərinin təzahürüdür.

Üçüncüsü, guya Xankəndi hava limanının Azərbaycanın yurisdiksiyasından kənar istifadəyə veriləcəyi barədə iddialar da səslənir. Bununa da əsası yoxdur. Uzun-uzadı sitat və bəyanatların mətnini burada yazmaq istəməzdik. Sadəcə onu demək kifayətdir ki, Azərbaycan hələ müharibədən əvvəl, Ermənistanın “lovğalandığı” və “qürurlandığı” zamanlarda belə həmin hava limanının istifadəsinə yol verməmişdi. O ki qaldı “Dəmir yumruq”dan sonra Ermənistan nəsə edə.

Dördüncüsü, Prezident İlham Əliyev Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyanın Xankəndiyə səfər etməsindən sonra rəsmi İrəvanı xəbərdar edib.

“İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”, - deyə Prezident bildirib.

Sadalanan faktları və Prezidentin çıxışlarını bir portfelə yığsaq oradan belə nəticə çıxarmaq olar – Azərbaycan həmin əraziləri heç kimə güzəştə getməyib və nəzarət imkanlarını daha da artıracaq.

Bəs sual oluna bilər ki, niyə Ermənistan hələ də Xankəndi kartından istifadə edir?

Burada əsas səbəb Azərbaycanın humanitar prinsiplərdən çıxış edərək Ermənistana ərazilərin boşaldılması üçün vaxt tanımasıdır. İlham Əliyev humanizm etikasından çıxış edərək deyib ki, məhz Rusiya sülhməramlıların nəzərdə tutulan funksiyalardan kənar, ermənilərin əl-ayaq açmasına şərait yaradan fəaliyyətlərinə göz yumulur.

Paralel olaraq Azərbaycan sərhədlərini yenidən qurur, Zəngəzurun Şurnux kəndini geri qaytarıb. Qafan aeroportunun düz yaxınlığında isə post qurulub və orada Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan torpaqların geri qalanının qaytarılması prosesində diplomatiyaya üstünlük verir, amma risk ehtimallarına görə hərbi variantı da gündəlikdən çıxarmayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə belə bir məqamda da özünü və siyasi kurunu yeniləyə bilmir, tarixin arxivində eşələnərək Dağlıq Qarabağa status istəyir.

Moskvada Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Paşinyan “statusda” ilişib qaldığını nümayiş etdirir, cənab İlham Əliyev isə ona cavab verməyə lüzum görməyərək münaqişənin keçmişdə qaldığını vurğulayır.

Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalı və təxribatçı addımlar atmamalıdır. Əks təqdirdə bunun cavabı sərt olacaq və Ermənistan böyük problemlə üzləşəcək. //oxu.az//
Geri dön