Ana Sayfa > Araşdırma > Səhv düşən qatar, gizli qalan ölümlər – SSRİ rəhbərlərinin “məxfi”lik siyasəti

Səhv düşən qatar, gizli qalan ölümlər – SSRİ rəhbərlərinin “məxfi”lik siyasəti


28-06-2020, 19:02. Yazar: admin
Səhv düşən qatar, gizli qalan ölümlər – SSRİ rəhbərlərinin “məxfi”lik siyasəti

1978-ci ilin dekabr ayında Moskva vilayətinin Kurovski rayonunun dəmiryolu stansiyasında baş verən partlayışın istintaqına SSRİ Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin ən peşəkar əməkdaşları cəlb edilsə də, partlayışın əsas səbəbini müəyyən etmək mümkün olmayıb...

Hadisə ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Mərkəzi qəzetlər bir neçə cümləlik xəbərlə öz işlərini yekunlaşdırıblar: “1978-ci il dekabrın 5-dən 6-na keçən gecə Moskva vilayəti Kurnovski rayon dəmiryolu stansiyasında partlayış baş verib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Partlayışın fəsadlarını aradan qaldırmaq üçün SSRİ Nazirlər Sovetində xüsusi komissiya yaradılıb...”
Qeyd edək ki, Kazan istiqaməti üzrə dairəvi dəmiryolu xətti Moskvadan 90 kilometr aralıda yerləşən Kurovskidən keçib. Say etibarı ilə bu xətt üzrə istər yük, istərsə də sərnişin qatarları daha çox hərəkət edib.

Həmin gün, dekabrın 5-də Moskvadan gələn yük qatarının iki vaqonu bu stansiyada ayrılıb. Vaqonlarda hər birində 60 ton hərbi sənayedə istifadə ediləcək partlayıcı maddələr olub. Həmin maddələrin Kurovski stansiyasından yük maşınları ilə rayon ərazisində yerləşən zavoda daşınması nəzərdə tutulub.
Dəmiryolu stansiyası vaqonları qəbul edəndə, onlardan birinin qapısı açıq olub və möhürləri silinib. İş günü üçün zavod rəhbərliyi yüklərin daşınmasını səhəri günə- dekabrın 6-na saxlayıblar. Vaqonun qapısının açıq olmasına görə dəmiryolu stansiyasında vaqona xüsusi gözətçi təyin edilib.

Gecə saat 2:50 radələrində stansiyada güclü partlayış baş verib. Partlayış nəticəsində ətraf qəsəbədə 1000-dən artıq həyət evi və 5 mərtəbəli yaşayış binaları ciddi xəsarət alıb. Moskva-Kazan istiqaməti üzrə qatarların hərəkəti iflic vəziyyətinə düşüb. Stansiyada güclü yanğın başlayıb. Platformadakı digər yük və sərnişin qatarları baş vermiş partlayışdan sonra istismara yaramayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına dərhal xəbər verilib. Partlayışdan sonra baş verən güclü yanğın istintaqın işini çətinliyə salıb.

Səhər tezdən hadisə yerinə Moskva vilayət Partiya Komitəsinin birinci katibi Vasili Konotop gəlib. Hadisənin ciddiliyini nəzərə alan birinci katib partlayış haqqında Kremlə məruzə etməyi vacib sayıb. O, təcili olaraq Mərkəzi Komitə ilə rabitə əlaqəsi yaradıb. Kremldən Vasili Konotopa ilk cavab Mərkəzi Komitənin katibi Mixail Suslovdan gəlib: “Hadisə baş verən ərazi qapalı saxlanılsın, kənar şəxslərin, o cümlədən mətbuat nümayəndələrinin əraziyə daxil olması qadağan edilsin. İstintaq qrupu Moskvadan gələcək...”

Dekabrın 6-dan başlayaraq Moskvadan gəlmiş istintaq qrupu işə başlayıb. Bir-neçə həftəlik araşdırmadan sonra partlayışın baş vermə səbəbini “aydınlaşdırmaq” mümkün olub. İstintaq materiallarında göstərilib ki, partlayış gözətçinin silahdan qəfil acdığı atəş nəticəsində baş verib. O da qeyd olunub ki, vaqonlara təhkim olunmuş gözətçi şizofreniya xəstəsidir.

Sözsüz ki, gözətçini vaqonlara təyin edən “Kurovski” dəmiryolu stansiyasının rəisi yazılanlarla razılaşmayıb və o, həmin gözətçinin uzun illər stansiyada işləyən nümunəvi, səhhətində heç bir problem olmayan bir işçi olduğunu söyləyib. Stansiya rəisinin bu cür etirazları onun işdən azad olunması ilə nəticələnib.

Həmçinin stansiyada xidmət çəkən milis serjantı Nikolay Bıkov da milis orqanlarından xaric olunub. Bıkov bu ədalətsiz qərarla razılaşmayaraq şikayət üçün Moskvaya üz tutub.
SSRİ Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Milis İdarəsinin rəisi ilə görüşməyə müyəssər olub və tabeliyində işlədiyi idarənin rəisinə yazılı müraciət edib. Bıkov müraciətində partlayışla bağlı müşahidələrini yazıb: “Partlayışdan 6 dəqiqə öncə “Kurovski” dəmiryolu stansiyasından 17 vaqondan ibarət silah-sursat daşıyan qatar keçib. Mənim qənaətimə görə, həmin qatar partladılmalı idi. Sadəcə bu işi törədənlər zaman baxımından yanlışlığa yol veriblər və səhvən stansiyada dayanan vaqonlara atəş açıblar. Onlar özləri də bu vaqonda partlayıcı maddələrin olduğundan xəbərdar olmayıblar. Onların əsas hədəfi silah daşıyan qatar olub. Əslində bu cinayəti törədənlər işlərini dəqiqliklə görüblər. Sadəcə silah daşıyan qatar stansiyadan 6 dəqiqə tez keçib. Bunun üçün qatarların hərəkət qrafikinə nəzər salmaq kifayətdir. Onu da nəzərinizə çatdırım ki, istintaq materiallarında göstərildiyi kimi, qatara bir dəfə deyil, 6 dəfə atəş açılıb. Həmin saatlarda mən xidmətdə olduğumdan atəş səslərini özüm eşitmişəm

Bu məsələdə gözətçini günahkar saymaq düzgün deyil və sözsüz ki, partlayış nəticəsində ölən həmin gözətçidən indi ifadə almaq da mümkün deyil. Daha bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. İstintaq materiallarında partlayış nəticəsində iki nəfərin, gözətçinin və stansiyada0 fəhlə işləyən bir şəxsin öldüyü qeyd olunur. Əslində isə ölənlərin sayı 24 nəfərdir. Partlayan vaqonların yanındakı xətdə yenicə təmirdən çıxmış sərnişin qatarı dayanmışdı. Həmin qatar səhər saat 6-30-da Kazana istiqamət almalı idi. Qatarda 22 nəfər olub. Bələdçilər, maşinist və qatar rəisi. O qatarın içərisindən bir nəfər də sağ çıxmayıb...”

Milis serjantının ifadələri növbəti müzakirələrə səbəb olsa da, yuxarılar qaranlıq mətləblərə aydınlıq gətirmək həvəsində olmayıblar.

Beləliklə də, SSRİ-də insan ölümləri ilə nəticələnən daha bir hadisəni ört-basdır ediblər və qeyd edək ki, adət halına çevrilmiş bu “məxfilik” sovet rəhbərləri tərəfindən peşəkarlıqla həyata keçirilib.Səhv düşən qatar, gizli qalan ölümlər – SSRİ rəhbərlərinin “məxfi”lik siyasəti

İlham Cəmiloğlu, Musavat.com
Geri dön