Ana Sayfa > Araşdırma > Sumqayıt oliqarxları Zakir Fərəcova qarşı

Sumqayıt oliqarxları Zakir Fərəcova qarşı


12-01-2016, 09:40. Yazar: admin
Sumqayıt oliqarxları Zakir Fərəcova qarşı
Sumqayıtda son aylar başlanmış abadlıq işləri ciddi maraq və müzakirələrə səbəb olub. Məlumatlara görə, bu şəhərə yeni icra başçısı təyin olunmuş Zakir Fərəcov təkcə bununla kifayətlənmək niyyətində deyil. O, Sumqayıtın küçə və prospektlərini, park və meydanlarını sovet dövründəki vəziyyətinə qaytarmaq istəyir. Şəhərin mərkəzi küçələri daxil olmaqla, bəzi ərazilərdə, şəhərin baş planına uyğun olmayan və memarlıq qaydalarını kobud şəkildə pozan, magistral qaz, su, kanalizasiya borularının və telekommunikasiya xətlərinin üzərində tikilmiş bir çox qanunsuz tikilən obyektlər fəaliyyət göstərir.

Sumqayıtda aparılan yenidənqurma işləri haqda mətbuatda getmiş məlumatlara görə, yeni İH başçısı şəhərin görünüşündə də dəyişikliklər etməyə start verib.

Hazırda şəhərdə gedən tikinti-quruculuq işləri ilə tanış olmaq üçün Sumqayıta getdik. İşlərin başlanması şəhərin girəcəyindən hiss olunur. Belə ki, Sumqayıtın əsas girişində avtomobil yolu hər iki tərəfdən genişləndirilib. Sülh küçəsi adlanan bu yol bulvardakı göyərçin abidəsinə kimi uzanır. Amma şəhərin içinə doğru sağ və sol tərəflərdə dükanlar, iaşə obyektləri tikilib. Deyilənə görə, əksəriyyəti də qanunsuzdur. Bu obyektləri sökmək və sahiblərinə kompensasiya ödəmək ciddi vəsait tələb edir.

Bu işləri sadə sumqayıtlılar maraqla seyr edir. Xalq şəhərin mərkəzində geniş yer tutan və Sumqayıtın oliqarxlarına məxsus obyektlərin - iri ticarət mərkəzlərinin, bazarın köhnə vəziyyətinə qaytarılmasını istəyir.

Xalqın bu istəyi səbəbsiz deyil. Əməkdaşımızla söhbət zamanı sakinlər deyiblər ki, “Univermaq Zaman” kimi tanınan Zaman İskəndərov, onun oğlu Nizami İskəndərov, həmçinin “Karvan” ticarət mərkəzinin müdiri “Bazarkom Ağamirzə” ləqəbli Ağamirzə Əhmədov uzun illərdir Sumqayıtı işğal ediblər.

“İndiyədək hər üç şəxs və onların ətrafı haqda mətbuatda dəfələrlə yazılar dərc olunub. Həmin yazılarda faktlarla bu adamların qanunsuz əməlləri sadalanıb. İsgəndərovlarla yanaşı Ağamirzə Əhmədov da bu şəhərdən indiyədək milyardlar qazanıb. Bu qədər var-dövlət sahibi olmalarına rəğmən, şəhər üçün bir xeyirxah iş görməyiblər. Onların ən yaxşı işi camaatın hərəkət etdiyi yolu, dincəldiyi parkları, avtomobilini saxladığı dayanacaqları zəbt edib yerində dükan-bazar tikmək olub” - deyə, “Yeni Müsavat”ın əməkdaşına Sumqayıt sakinləri giley ediblər.

Onların sözlərinə görə, hazırda şəhərdə aparılan tikinti-quruculuq işlərinə nə ata-oğul İsgəndərovlar dəstək verir, nə də Ağamirzə Əhmədov: “Bilmirəm Zakir Fərəcov nə düşünür, bu adamların qanunsuz əməlləri ilə bağlı nə kimi tədbir görəcək, ümumiyyətlə, görə biləcəkmi? Amma xalq çox istəyir ki, həmin adamlar yığdığı milyardlardan Sumqayıt və onun kasıb təbəqələri üçün nəsə etsin”.

Sakinlər əməkdaşlarımıza bildirib ki, “Cavid” TM-in ərazisi əvvəllər maşın dayanacağı olub. İndi həmin dayanacağın bərpa olunacağı haqda söz-söhbət dolaşır. Bunun üçün isə “Cavid” ticarət mərkəzinin sökülməsi labüddür. Bizimlə söhbət edən şəhər sakinləri dedilər ki, sovet dövründə Sumqayıt Mərkəzi Univermağının qarşısı avtomobil dayanacağı olub. 90-cı illərin əvvəllərində Zaman İsgəndərov müdiri olduğu univermağın qarşısında yarmarka üçün icazə alıb. Yarmarka da müvəqqəti fəaliyyət növü sayılır. Yerli sakinlər bildirir ki, sonralar onun oğlu Nizami İsgəndərov orda oğlunun adına (Zaman İsgəndərovun nəvəsinin-red.) geniş ticarət mərkəzi tikdirib. Özü də qanunsuz, heç bir sənəd olmadan. Məlumatlara görə, Nizami İsgəndərovun bu qanunsuz obyektinin sökülməsi haqda məsələ müzakirə olunur. Aylıq dövriyyəsi yarım milyon manat olduğu deyilən ticarət mərkəzinin abadlıq işləri çərçivəsində söküləcəyi, köhnə vəziyyətə gətiriləcəyi istisna edilmir.

Sülh küçəsindəki obyektlərin arasında Zaman İsgəndərovun qardaşı, vaxtilə təhsil nazirinin müavini olmuş İsgəndər İsgəndərovun oğlu Rüfət İsgəndərova məxsus obyektlər də var. Beləliklə, yeni icra başçısı illərlə Sumqayıtda dərin kök salmış, şəhərin hesabına milyonlara sahibi olmuş oliqarxlarla üz-üzədir.

Sakinlər deyir ki, Z.Fərəcova ümidləri böyükdü. Bunu da onunla əsaslandırırlar ki, o, sumqayıtlıdır. “17 yaşından bu şəhərdə yaşayır. Abşeronda icra başçısı olanda da Sumqayıtı tərk etmədi. Ona görə də düşünürük ki, Zakir müəllim canı-dildən nəsə edəcək. Amma bilmirik ki, o, bu cür pullu, imkanlı və arxalı adamlarla bacaracaqmı? Rəhmətlik Heydər Əliyev iclasda bunlara təpəndi. Dedi, özünüzü yığışdırın. Amma sonra yenə bildiklərini etdilər” - deyə bir başqa şəhər sakini müxbirimizə bildirib.

Sakinlər ürək ağrısı ilə söyləyiblər ki, oliqarxlar Sumqayıtda qazandıqları pulların cüzi hissəsini belə şəhərdəki ictimaiyyətin istifadəsində olan obyektlərə xərcləmək istəmirlər: “Zakir müəllim gələn kimi şəhərdəki uşaq bağçalarının dam örtüyünü dəyişdirdi, həm orda, həm də ümumiyyətlə təhsil sistemində rüşvətin kökünü kəsdi. Amma Sumqayıtdan milyardlar qazanan bu adamlar ona dəstək olmadılar. Məsələn, bir maşın asfalt alıb küçələrə vura bilərdilər, yaxud bir uşaq bağçasının damının yenilənməsi üçün vəsait ayırardılar. Etmədilər. Bunlarınkı puldu, xalq veclərinə də deyil”.

Hazırda Sumqayıtın sahilkənarı ərazilərində də qızğın işlər gedir. Corat qəsəbəsi istiqamətindən Sumqayıta qədər uzanan dənizkənarı yolun genişlənməsi üçün hazırlıq işləri görülür. Dəniz kənarındakı istirahət mərkəzlərinin standartlardan kənar tikilən hasarları sökülür. Standarta uyğun olan hasarlara aqlay üzlük vurulur. Məlumatlara görə, həmin istiqamətdən də Sumqayıta yolun 8 zolaqlı çəkilməsi planlaşdırılır. Amma bu yolun çəkilişində də bəzi problemlərin olduğu deyilir. Bəzi istirahət mərkəzlərinin sahibləri hasarların geri çəkilməsinə razı olmurlar. Hazırda bu istiqamətdə də problemlərin həll olunması üçün tədbirlər görülür.

Sumqayıt bulvarında da hazırda qızğın iş gedir. Bulvar yenidən qurulur.

Xatırladaq ki, Zakir Fərəcov prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin sentyabrında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Buna qədər o, Abşeronun icra başçısı vəzifəsində çalışıb. Deyilənə görə, Z.Fərəcovun vəzifədə bu qədər sıçrayışla irəliləməsi, yəni kiçik bir rayondan ölkənin üçüncü böyük şəhərinə rəhbər gətirilməsi onun fəaliyyəti ilə bağlıdır. Məhz ölkə başçısının Abşeronda aparılan yenidənqurma işlərindən razı qalması, son 10 ildə Xırdalanın, eləcə də digər qəsəbə və kəndlərin abadlaşdırılması Z.Fərəcova etimadın artmasına, onun Sumqayıt kimi bir şəhərə icra başçısı təyin olunmasına səbəb olub.
Prezidentdən kart-blanş almış, onun xeyir-duası və razılığı ilə ciddi layihələrə başlamış Zakir Fərəcov Sumqayıtda kök salmış və az qala mafiyalaşmış qruplaşmalara qalib gələ biləcəkmi? Həmin qruplaşmalar yeni icra başçısını öz iradələrinə tabe etdirə biləcəklərmi? Bütün bunları zaman göstərəcək...

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

“Yeni Müsavat”ın
reportyor qrupu

Geri dön