Ana Sayfa > Araşdırma > Türkiyəyə xain zərbə - Dəmirdaş Moskvada Türkiyəni Rusiyanın ayağına verdi

Türkiyəyə xain zərbə - Dəmirdaş Moskvada Türkiyəni Rusiyanın ayağına verdi


24-12-2015, 09:50. Yazar: admin
Türkiyəyə xain zərbə - Dəmirdaş Moskvada Türkiyəni Rusiyanın ayağına verdi
Rusiyanın “Su-24" hərbi təyyarəsinin vurulmasından sonra Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi daxili və xarici türk düşmənlərinin hamısının əlinə fürsət verib. Gözlənildiyi kimi, bu fürsətdən ilk növbədə qardaş dövləti daxildən zəiflədib parçalamaq istəyən destruktiv və separatçı qüvvələr, PKK-yanlılar bəhrələnməyə başlayıb.

Maraq qarşılıqlı olduğundan, təbii ki, Moskvanın da onlara müxtəlif yollarla dəstək verəcəyi və qucaq açacağı təbii idi. Artıq Türkiyə əleyhinə olan iç düşmənlərlə məkrli xarici güclərin çulğalaşması prosesi başlayıb. PKK-nın siyasi qanadlarından biri olan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaşın Moskva səfəri bu xüsusda ilk qaranquş sayıla bilər.

Özü də səfər elə bir vaxta təsadüf edir ki, Türkiyə dövləti bölgədə PKK-ya qarşı antiterror əməliyyatlarını, digər bu qəbildən təhlükəsizlik tədbirlərini şiddətləndirib, terrorçular və separatçılar ciddi itki verməkdədirlər.

Belə bir fonda Səlahəddin Dəmirdaş dünən Rusiyada bu ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirib. Xarici işlər naziri Sergey Lavrovla görüşdə öncə o, indiki məqamda “Rusiya ilə əlaqələrə böyük önəm verdiklərini” bildirib. “Hazırda Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyi dönəmi yaşayırıq. Həm də paralel surətdə elə bir zamanda ki, Yaxın Şərqdə çox mühüm qərarlar vermək lazımdır” - bildirib Dəmirdaş. “Biz siyasi partiyayıq və öz ölkəmizdə plüralizm uğrunda mübarizə aparırıq” deyən HDP sədrinin sözlərinə görə, partiya üçün Türkiyə-Rusiya münasibətləri mühüm önəm daşıyır. “Biz iki ölkə arasında əlaqələrin pozulmasına səbəb olmuş situasiyadan çox məyus olduq və dərhal bəyan elədik ki, öz qonşularımızla münasibətlərin pozulması mövqeyində deyilik. Biz Rusiya təyyarəsi vurulanda hökumətin hərəkətlərini pislədik”.

Göründüyü kimi, HDP başçısı faktiki surətdə Türkiyəni Moskvada pisləməklə, Putinin haqsız mövqeyinə haqq qazandırmaqla qardaş ölkəni Rusiyanın, Putinin ayağına verib. Bununla da Türkiyənin əsas siyasi elitasının və toplumunun məsələdəki məlum mövqeyinə diametral əks mövqe sərgiləyib, lap dəqiqi, Türkiyəyə, türk xalqına arxadan zərbı vurub, xain hərəkət edib.
Putinə də elə bu lazımdır - Türkiyə dövlətinin insidentə görə üzr istəyib kiçilməsinə nail olmaq üçün daxildə siyasi zəmin yaratmaq, bundan ötrü AKP hökuməti əleyhinə radikal-terrorçu, separatçı qüvvələrin hamısından, potensial narazı qüvvələrdən maksimum yararlanmaq.

***
Bu arada bəlli olub ki, Türkiyənin Vətən Partiyasının nümayəndə heyəti sabah Rusiyanın paytaxtı Moskvaya yola düşəcək. Məlumatlara görə, səfər çərçivəsində Türkiyənin PKK ilə mübarizəsi, gərginləşən Türkiyə-Rusiya münasibətləri və bölgədəki olaylar müzakirə olunacaq. 23-26 dekabr tarixlərində Moskvada rəsmilərlə yüksək səviyyəli görüşlər planlaşdırılıb.

Əlbəttə ki, Moskvaya səfərlər eləmək olar. Hələ ki iki ölkə arasında nə diplomatik münasibətlər dondurulub, səfirlər geri çağırılıb, nə də viza rejimi götürülüb - yanvarın 1-nə də hələ var. Ancaq Rusiyaya müstəsna olaraq Türkiyənin köklü maraqlarını gözləməklə, onu Putin Rusiyasının ayağına verməmək şərti ilə getmək olar, iki ölkə münasibətlərinin normal məcraya düşməsi üçün heç bir məkrli məqsəd güdmədən çalışmaq niyyəti ilə səfər etmək olar.

Onsuz da Türkiyə xalqı kimin kim olduğunu yaxşı bilir. Qaradan artıq boya olmadığının da o fərqindədir. Ancaq bütövlükdə indiki situasiyada Rusiyanı özü üçün münsif, müttəfiq qismində seçən hər hansı qüvvənin Türkiyəyə münasibətdə bədniyyətli olduğu, Türkiyə maraqlarına zərrəcə fayda vermədiyi gün kimi aydındır.

Sual da burdan doğur ki, Moskvaya səfər edib orada HDP-nin nümayəndəliyini açmaq ideyası nədən Səlahəddin Dəmirdaşın yadına noyabrın 24-dən öncə - “Su-24" vurulandan qabaq düşməyib?

Geri dön