Ana Sayfa > Araşdırma > Başçının qardaşı yarım milyonu necə mənimsədi? - ŞOK ADLAR

Başçının qardaşı yarım milyonu necə mənimsədi? - ŞOK ADLAR


23-12-2015, 09:53. Yazar: admin
Başçının qardaşı yarım milyonu necə mənimsədi? - ŞOK ADLAR
Ehtiyatda olan polkovnik Əbülfəz Əliyev “Azpolitika.info”ya faktlar açıqlayıb.
Gunxeber.com xəbər verir ki, Ə.Əliyev iki vəzifəli şəxsin yaxını olan, uzun illər özünə dost bildiyi birinin xəyanəti ilə qarşılaşıb.
Zərərçəkənin verdiyi məlumata görə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynı və şəriki olan Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, aldatma və fırıldaq yolu ilə yarım milyon dollara qədər pulunu mənimsəyib.
Onun sözlərinə görə, ötən ilin sonlarına qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan, etdiyi özbaşınalıqlara, dələduz əməllərinə görə nazir Kəmaləddin Heydərov tərəfindən tutduğu vəzifədən qovulan Rövşən Aslanov, bu işi xarici kəşfiyyat orqanlarının əməkdaşı olduqları ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə, qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girməklə həyata keçirib.
Ötən 2 il ərzində Ə.Əliyevin hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəbi isə R.Aslanovun nüfuzlu vəzifəli qohumlarının məsələyə müdaxiləsi olub. Daha dəqiqi, yüksək vəzifəli şəxslərin, tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Xəzər Aslanovla apardıqları danışıqlarda onların pulun qaytarılacağına dair vəd vermələri olub.
Hətta Ə.Əliyevin sözlərinə görə, Neftçala rayonunun başçısı İsmayıl Vəliyev və Xızının rəhbəri Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr də təklif edərək, pulun silinməsini tələb ediblər. Ancaq o, bunu qəbul etməyib.
Əbülfəz Əliyev də məhz bu səbəblərdən Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib. Nazir K.Heydərovun özü ilə görüşə bilməsə də, müavinləri Rəfael Mirzəyev və Orucəli Hacıyev tərəfindən bir neçə dəfə qəbul olunub. Müavinlər nazirin Rövşən Aslanova onun pulunu qaytarmaq barədə göstəriş verdiyini bildiriblər.

Ötən ilin oktyabrında isə Ə.Əliyevi qəbul edən Rəfael Mirzəyev bildirib ki, Rövşən Aslanov həm bu, həm də digər əməllərinə görə, tutduğu vəzifədən azad edilib. Odur ki, haqqını daha FHN-də deyil, hüquq-mühafizə orqanlarında arasın.
Bundan sonra onlardan da ümidini üzən Əbülfəz Əliyev hüquq-mühafizə orqanlarına müraciət etsə də, burdan da hələlik bir nəticə ala bilməyib. Bunun səbəbi kimi, Ə.Əliyev aparılan istintaqa Rövşən Aslanovun himayədarlarının ciddi maneə törətməsini göstərir.

Söhbət Türkiyə Cümhuriyyətinin vətəndaşı Kadir adlı birinin Bakı şəhərində faciəli və müəmmalı ölümündən gedir.
Zərərçəkən bildirir ki, Rövşən Aslanov ona Kadir və Kübar adlı Türkiyə vətəndaşlarını, şəriki İsmayıl Vəliyevlə birlikdə İstanbul şəhərində qurduqları 2 milyon dollar dəyərində olan tekstil fabrikinin inzibati işçiləri kimi təqdim edib: “Rövşən həm də Kübarın Türkiyə Cümhuriyyətinin xüsusi xidmət orqanının (Milli İstihbarat Təşkilatının) əməkdaşı olduğunu deyirdi.
Bildiridi ki, Kübar MİT əməkdaşı kimi ona Türkiyədə müəyyən məsələlərdə dəstək göstərir. Yəni onu mənə Türkiyədəki işlərini dövlət qurumları ilə əlaqələndirən şəxs kimi təqdim etmişdi. Kadirın isə onun sırf biznes ortağı olduğnu deyirdi”.
Qeyd edək ki, Ə.Əliyevi bu şəxslərlə R. Aslanov ondan dələduzluq yolu ilə 482 min dollar pulu aldığı dövrdə tanış edib. Sonrakı dövrdə Ə.Əliyevin şəxsi araşdırması nəticəsində məlum olub ki, Rövşən Aslanov dələduzluq yolu ilə insanları aldadaraq, var-dövlət qazanmaq üçün hələ 2007-2008-ci illərdə Kübar və Rahiblə birlikdə “1001 RAKİB” adlı şirkət qurublar. Bu şirkətə şərik etmək adı ilə Əbülfəz Əliyevlə eyni vaxtda adını çəkdiyimiz Kadir adlı şəxsdən də 500 min dollar məbləğində vəsait alıblar. Ona isə Moskvada böyük mağazalar aldıqlarını deyiblər.
Bu yalan isə yeni şirkətin şəriki olduğunu düşünən Kadirın işlərlə tanış olmaq üçün Moskvaya getdiyi zaman açılıb. Belə ki, Kadır bir müddət sonra yeni yaradılmış şirkətin Moskvada yerləşən mağazalarına baş çəkmək məqsədilə həmin şəhərə yollanır:”Moskva şəhərinə düşən kimi Kadir şəxsiyyətləri məlum olmayan bir qrup tərəfindən qanunsuz olaraq saxlanılır. Sonradan məlum olur ki, həmin şəxslər Rövşən, Kübar və Rahib tərəfindən aldadılaraq pulları mənimsənilmiş Azərbaycan vətəndaşlarıdır. Vəziyyəti anlayan və aldadıldığını hiss edən Kadir bu məsələni Rövşənlə aydınlaşdırmaq üçün Kübarla birlikdə Bakıya gəlir”.
Ə.Əliyevin sözlərinə görə, Moskvadan birbaşa Azərbaycana R.Aslanovdan hesab sormaq üçün gələn Kadir, Bakıda müəmmalı şəkildə ölür: “Bakı şəhərinə düşən kimi aeroportdan otelə taksi ilə gələn Kadir elə otelin qarşısında müəmmalı şəraitdə yol qəzasına düşərək vəfat edir. Hadisədən sonra Kadirin qohumları Bakıya gəlirlər və bu müəmmalı ölüm faktının araşdırılması üçün əvvəlcədən tanıdıqları Milli Məclisin deputatı İqbal Ağazadədən kömək istəyirlər. Ancaq hansısa səbəbdən, sonradan bu hadisənin qəsd olması versiyası üzərində araşdırma aparılmır.
Ölkəsində ciddi və nüfuzlu iş adamı sayıldığından Kadirın Türkiyə banklarından götürdüyü zaminsiz 500 min dollar kredit ölüm hadisəsindən sonra sığorta şirkəti tərəfindən ödənilir. Beləliklə, Kadirin həmin şəriklik üçün verdiyi 500 min dollar Rövşən və Kübar tərəfindən asanlıqla mənimsənilir”.
Əbülfəz Əliyev maraqlı bir məqamı da qeyd edərək, bildirir ki, Rövşən və Kübar Türkiyədə olduğu zaman onu da həmin xüsusi sığorta növü ilə sığortalamağa cəhd göstərirlər. Lakin Ə.Əliyev Azərbaycan vətəndaşı olduğundan bu əməliyyat baş tutmur: “Bu zaman Rövşən və Kübarın nə fikirləşdiyini bilməsəm də, Kadirin müəmmalı ölümü müəyyən şübhələrə yol açır”.
Əbülfəz Əliyev həm bu müəmmalı ölüm hadisəsinin, həm də özünün üzləşdiyi dələduzluq faktının ciddi araşdırılmadığını bildirir. Onu sözlərinə görə, bunlarla bağlı, o, vaxtilə çalışdığı MTN-nin rəhbərliyinə də məlumat verib: “Mən bu barədə şəxsən sabiq nazir Eldar Mahmudova müraciət emişdim. Bundan sonra MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev məni çağıraraq materialları aldı.
Bir müddət sonra isə MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev də məni qəbul edərək, bəzi faktları dəqiqləşdirdi. Bundan bir müddət keçsə də, heç bir səs çıxmadı. Mən təkrar müraciət etdikdə isə, məhkəməyə müraciət etmək məsləhət görüldü. Danışıqlarından hiss etdim ki, R.Aslanovla görüşüb, razılaşıblar. Bu yaxınlarda onların hansı əməlləri törətdiyi açıldıqdan sonra isə buna heç bir şübhəm qalmadı”.
Bu üzdən də Əbülfəz Əliyev yenidən mətbuat vasitəsilə baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edərək, cinayət işini öz nəzarətlərinə götürməyi, öbyektiv araşdırılmasını təmin etməyi xahiş edir.

Geri dön