Ana Sayfa > Araşdırma > Ziya Məmmədovun puç çıxan daha bir layihəsi

Ziya Məmmədovun puç çıxan daha bir layihəsi


18-12-2015, 08:44. Yazar: admin
Ziya Məmmədovun puç çıxan daha bir layihəsi
Bakıda təxminən 5 ildir gündəmdə olan avtobuslarda nəğdsiz ödənişlər hələ də baş tutmayıb. Baxmayaraq ki, ''BakuBus'' şirkəti balansındakı bütün avtobuslarda bunu təxminən 6 ayda uğurlu şəkildə tətbiq edə bilib. Digər marşrutlardakı avtobuslarda quraşdırılmış cihazları hazırda toz basıb, bəziləri hətta sökülüb. Xərclənən vəsait bir kənara layihənin niyə hələ də baş tutmaması maraq doğurur.
Avtobuslarda kartın oxunması üçün cihaz olsa da gedişhaqqı nəğd olaraq sürücüyə ödənir. Hətta bəzilərində həmin cihazlar yığışdırılıb. Bakıda təxminən 5 ildir marşrut avtobuslarında nəğdsiz ödənişi həyata keçirmək mümkün olmayıb. "BakuBus" MMC-yə məxsus bir neçə marşrut xaricindəki avtobuslara quraşdırılan terminalları istifadəsiz qalıb.
Köhnə avtobusların sürücüləri və sərnişinlər ödənişin plastik kartlar vasitəsi ilə edilməsini istəyir.''BakuBus'' şirkəti təxminən 6 ayda balansındakı bütün avtobuslarda bunu uğurlu şəkildə tətbiq edə bilib. Yəni illərdir mövcud texnologiyanı tətbiq etmək çətin deyil. Əvəzində isə Bakıda 5 ildir tətbiq edilə bilməyən kartla ödəniş artıq köhnəlir. Bir çox tanınmış şəhələrdə smartfonlarla ödənişin tətbiqinə başlanıb.
Kartsız ödənişlər zamanı sahibkarlar bütün məsuliyyəti sürücünün üstünə yıxır və ancaq gündəlik gəlirini toplayır. Belə olduqda da sürücü daha çox pul qazanmağa çalışır və xidmətdə keyfiyyət arxa plana keçir və nəticəsi xoşagəlməz olur.
Nəqliyyat Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb. Dəfələrlə bu layihə üçün konkret vaxt vəd edib, gerçəkləşdirə bilməyəndə susan nazirlik yenə eyni üslubu seçib.
Ümumiyyətlə, Ziya Məmmədovun nazirliyinin əksər layihələri üçün bu cür sonluq "ənənə"yə çevrilib. Məsələn, kifayət qədər böyük pulların xərcləndiyi "London taksiləri"nin gətirilməsi və ya Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yaradılması kimi.
İndi isə belə görünür, oxşar aqibəti avtobuslarda kart sisteminin tətbiqinə dair layihə də yaşayır.
Bunları nəzərə alsaq, son zamanlar Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin kəskin şəkildə azaldılmasının, Ziya Məmmədovun isə "formal nazir"ə çevrilməsinin səbəblərini daha yaxşı anlamaq mümkündür. Az qala bütün ciddi layihələrin həyata keçirilməsində problem yaşayan bir qurumla bağlı belə qərarların verilməsi çox təbiidir. Hətta sonda adıçəkilən nazirlik tamamilə ləğv edilsə, bu da təəccüb doğurmamalıdır.

Geri dön