Azərbaycan üçün “Belarus modeli” - Qərb stereotipləri dəyişir
Tarix: 28-10-2015, 09:45 | Çap et
Azərbaycan üçün “Belarus modeli” - Qərb stereotipləri dəyişir
Avropa Birliyi (AB) bu həftənin sonunadək Belarusa qarşı tətbiq etdiyi sanksiyaları dayandırmağa hazırlaşır. Xəbəri AzadlıqRadiosunun Brüssel müxbiri Rixard Yozvyak özünün twitter hesabından yayıb. Jurnalistin əldə etdiyi bilgiyə görə, Avropa Birliyi Belarusun 14 şirkəti üzərindən sanksiyaları tamamilə götürməyi qərara alıb.

Həmçinin sanksiya tətbiq olunan 175 məmurdan 171-i qadağalardan azad olunacaq. “Sanksiyalar cəmi 4 nəfərin üzərində qalacaq. Digər 171 nəfər ilkin olaraq 4 aylığa sanksiyalardan azad ediləcək” - əlavə edib “Azadlıq” əməkdaşı.

Qeyd edək ki, ölkədə keçirilən son prezident seçkisindən sonra Avropa Birliyinin prezidentinə istinadən Aleksandr Lukoşenkoya qarşı tətbiq edilən sanksiyanı götürəcəyi xəbərləri yayılmışdı. Hələlik üzərində sanksiya qalacaq 4 məmurun kimliyi bilinmir. Digər Belarus məmurları isə sanksiyalar götürüldükdən sonra Avropa Birliyinə gedə biləcək, onların dondurulan bank hesabları açılacaq.

***

Dərhal vurğulayaq ki, yayılan məlumatlar yetərincə mötəbər hesab olunur və həftəsonu həqiqətən də sanksiyalar aradan qaldırıla bilər. Belə görünür, Qərb Avrasiya (postsovet) məkanında antidemokratik rejimlərə münasibətdə sanksiya siyasətinə təzədən baxmağa hazırlaşır.

Baş verənlər Ukrayna böhranı səbəbindən Rusiya-Qərb münasibətlərinin gərginləşdiyi və yeni “soyuq müharibə” küləklərinin əsdiyi dövrə təsadüf eləməsi ilə diqqəti cəlb edir. Eyni zamanda proseslərin birbaşa və dolayısıyla Azərbaycana dəxli var. Bir neçə səbəbdən.
Əvvəla, hər iki ölkədə siyasi rejimlərin xarakteri oxşardır. İkincisi, Azərbaycan da, Belarus da Ukrayna məsələsində eyni mövqe tutmaqla Qərbin yanındadır. Üçüncüsü, hər ikisi postsovet ölkələridir və Avropa Birliyinin “Şərq tərəfdaşlığı” Proqramına üzv-ölkələrdir, üstəlik, bu proqram çərçivəsində Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq, təşkilatla oxşar səviyyəli münasibətlərə malikdir. Bu üzdən AB Bakı və Minskə yanaşmada son zamanlar eyni prinsiplərdən çıxış edir.

Demək, Belarusa münasibətin yumşalması Qərbin Azərbaycanla bağlı strategiyaya da düzəliş edə biləcəyi ehtimalını artırır. Bu xüsusda ötən saylarımızın birində yazmışdıq. Qeyd etmişdik ki, Azərbaycanda 1 noyabr seçkilərindən sonra həm Qərb (ABŞ və Avropa), həm də rəsmi Bakı bölgədəki yeni situasiyanın və şərtlərin diktəsi altında qarşılıqlı münasibətlər strategiyasına düzəliş eləmək zorundadır, əks halda qazanan yalnız Rusiya olacaq.

Belə bir taktika artıq Belarusa münasibətdə özünü göstərməkdədir. O da diqqətçəkicidir ki, AB-nin Minsk üzərindən sanksiyaları götürmək istəyindən əvvəl prezident Aleksandr Lukaşenko ölkədəki siyasi məhbusları azad edib. Bununla da demokratiya paytaxtlarının ona qarşı loyal addımlar atmasına zəmin yaradıb. Hərçənd, ölkədə iki həftə öncə keçirilən prezident seçkiləri əvvəlkilərdən ciddi fərqlənməyib, beynəlxalq standartlara uyğun olmayıb.
Bir daha aydın olur ki, Qərbin Belarusa münasibətdə strategiyanı dəyişmək zərurətini digər amillər diktə edir. Hansılar? Biri qeyd olundu - Kremlin postsovet məkanında aqressiv davranışı. Yeri gəlmişkən, bir sıra Qərb analitikləri ABŞ və Avropanı bu davranışı neytrallaşdırmaq üçün təcili və qəti və fəal addımlar atmağa çağırıblar. Onların qənaətincə, ləngimə həmin ölkələrin dövlətçiliklərinin itirilməsi ilə sonuclana bilər. Söhbət həm də Güney Qafqaz ölkələrindən gedir.

***
Ancaq təkrar edirik, situasiya bu ölkələrin də hansısa qarşılıqlı addım atmasını tələb edir. Lukaşenko öhdəsinə düşənin minimumunu həyata keçirməyə çalışır. Onun Ukrayna böhranı ilə bağlı Kremlin qıcığına səbəb olsa da Kiyevi dəstəkləməsi və Qərbin yanında olması da bəllidir. Deməli, Azərbaycanın edə biləcəyi daha çox şeylər var əslində.

Hər halda, Belarusu Azərbaycandan fərqləndirən mühüm özəlliklərdən biri orada siyasi məhbus probleminin faktiki, aradan qalxmasıdırsa, digər özəllik Belarusda korrupsiya-rüşvətin hətta AB-nin bəzi üzv ölkələrindən (Bolqarıstan, Macarıstan, Rumıniya) da aşağı səviyyədə olmasıdır. Söz yox ki, avtoritar idarəçi kimi tanınsa da bu, Lukaşenkonun xidməti, onun siyasi iradəsinin nəticəsıdir.

Azərbaycana gəlincə, üzərində Rusiya təhlükəsinin müşahidə olunduğu postsovet ölkələrindən biri də odur. Ancaq Moskva təbii ki, Bakıdan siyasi məhbusların azad etməyi, korrupsiya-rüşvətin miqyasını azaltmağı tələb eləmir, sanksiyalarla da hədələmir - həm də o səbəbə ki, özü sanksiyalar altındadır.

Fəqət, ABŞ və Avropadan (Avropa Parlamenti) Bakıya sanksiya xəbərdarlıqları gəlir. Belarusdan sanksiyaların götürülməsi fonunda bu, bir qədər təzadlı görünə bilər. Lakin müşahidələrə görə, rəsmi Bakının ikicə addımı kifayətdir ki, bu söz-söhbətlər aradan qalxsın və qarşılığında dərhal Qərbin dəstəyini görsün. Bunlar siyasi məhbusların tezliklə azad eləməsi və ölkədə minimum səviyyədə, heç olmasa, Belarusdakı kimi iqtisadi-biznes azadlıqlarına təminat verilməsidir.

Prezident İlham Əliyevin sahibkarlığa dəstək yönündə göstərdiyi qətiyyət bu yöndə ümidlər yaradır. İstisna deyil ki, siyasi dustaqlar məsələsində də hakimiyyət nəhayət, gözlənilən dönüşü eləsin və bu ağır, Azərbaycana da, Qərbə də, hakimiyyətin özünə də gərək olmayan köhnə “yükdən” azad olsun.

Sonda əlavə edək ki, Bakının bu addımları Azərbaycanın suverenliyi və müstəqilliyini möhkəmlətmək imperativi ilə yanaşı, Qarabağ məsələsində demokratik dünyanın dəstəyini almaq, düşmən ölkənin anti-Azərbaycan təbliğatını kəsərsiz eləmək zərurətindən doğur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net