Prezident Əliyevin inqilaba çağırış kimi çıxışı
Tarix: 14-10-2015, 09:40 | Çap et
Prezident Əliyevin inqilaba çağırış kimi çıxışı
Neftin qiymətinin dünya bazarında kəskin düşməsindən sonra Azərbaycan hakimiyyəti təkcə büdcədə deyil, siyasi-iqtisadi kursunda da ciddi dəyişikliklərə hazırlaşır. Prezidentin son 4 ayda hökumət üzvləri ilə sayca üçüncü müşavirə keçirməsi, bu müşavirədə söylədikləri və komandasına sərt xəbərdarlıqları özlüyundə hər şeyi deyir.

Hakimiyyət başçısı iqtisadiyyatı əsasən, neft gəlirlərinə söykənən postsovet məkanını bürümüş böhrandan açıq danışır, 2016-cı ildə gözlənilən çətinlikləri qeyd edir və ən əsası, bu müşavirələrdə komandasını sərt tənqid edir. Bu tənqidlərin ardıcıllığı, ayrı-ayrı sahə nazirlərinə ünvanlanmış sərt mesajlar belə təəssürat yaradır ki, indi prezident Azərbaycanı və komandasını böhran dövründən xilas etmək üçün TƏKBAŞINA çalışır.

Prezident demək olar ki, son müşavirələrində iqtisadi komandadan təkliflər istəyir, neft dövründə büdcənin dolmasına arxayınlaşmış nazirləri hərəkətə gətirmək, bu adamların böhran dövründə çevikliyini yoxlamaq üçün silkələyir. Onlar isə dəftərçələrində hansısa qeydlər aparır, dinləyir, statistik məlumatlar verir və gedirlər... Sanki onlarda bir arxayınlıq var, sanki onlarda hələ də “bizim yerimizə hər şeyi düşünən və qərar verən prezidentimiz var” düşüncəsi hakimdir.

Heydər Əliyev zamanında dünya fərqli idi, qərarlar da indiki iqtisadi şərtlər kimi çeviklik tələb etmirdi. İndi isə Azərbaycan hər gün şərtləri dəyişən dünya iqtisadiyyatının bir parçasıdır. Üstəlik, siyasi-iqtisadi maraqların kəsişdiyi, supergüclərin sərvətləri uğrunda az qala didişdiyi bir ölkədir. Prezident son müşavirələrdə bunu siyasi konyukturanın imkan verdiyi dildə həm xalqa, həm komandaya anlatmağa çalışır. Diqqət çəkən həm də budur ki, prezident sərt ritorikasını artırır, iqtisadi sferada dəyişikliklərdə qərarlı olduğunu bir daha deyir.

Oktyabrın 12-də prezident bir sıra iqtisadi-siyası məsələlərdən danışıb. Amma son müşavirədə ən diqqətçəkən məsələ dövlət başçısının iqtisadiyyatın əsas bəlası olan monopoliya ilə bağlı komandaya yönəlik açıqlamalarıdır. Zənnimizcə, həmin müşavirənin təhlil olunacaq əsas ana xətti də məhz bu məsələ ilə bağlı prezidentin söylədikləridir. Çünki prezidentin monopolistlərlə bağlı dedikləri iqtisadi seferada inqilabi dəyişikliklərin, “iqtisadi çevriliş” anonsu sayıla bilər.

Monopoliyadan danışarkən dövlət başçısının dediklərindən bir sitata diqqət yetirək: “Bu sahədə əfsuslar olsun ki, biz ciddi nəticələrə nail ola bilməmişik. Həm istehsalda, həm də idxalda. Bilmirəm bu nə psixologiyadır - burada mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Yaxşı, başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Burada kimsə nəyisə istehsal edirsə, qoymur başqası istehsal etsin. Və ya müxtəlif yollar ilə himayədarları cəlb edirlər bu işlərə. Bu hallara yol vermək olmaz. O cümlədən idxal ilə bağlı inhisarçılığa yol vermək olmaz. Biz açıq bazar iqtisadiyyatı siyasəti aparırıq”. İ.Əliyev “bizim siyasətimiz, dövlət siyasəti, prezidentin siyasəti budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!” deyərək, bu məsələdə qətiyyətli olduğunu bir daha nazirlərin diqqətinə çatdırıb.

Siyasi dildə prezident tərəfindən komandaya ünvanlanmış “vəssalam” xəbərdarlığından sonra gələn söz yəqin ki, “istefadır”. Bu qərara qarşı çıxanların istefası...

Daha bir sitata diqqət edək: “Biz liberal iqtisadiyyat modelini, bazar iqtisadiyyatı yolunu seçmişik. Biz bu yolla gedirik və görün nə qədər uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar, yoxlamalar, rüşvətxorluq, lisenziyalar, haqq qoymaq olmasaydı biz nə qədər böyük uğurlar əldə edərdik, büdcəmiz nə qədər artardı. Nə qədər buna dözmək olar? Artıq qurtardı, hövsələm yoxdur! Hər kəs nəticə çıxartsın. Nəticə çıxartmasa cəzalandırılacaq”. Bütün bunlar komandasına, onlardan daha da çox cəmiyyətə verilən mesajlardır. Prezidentin son müşavirədəki çıxışı haqqında bir neçə dəfə danışılan “Ağ inqilab”ın startı da hesab oluna bilər. Bundan sonra bir sıra monopolist-oliqarxlar, hökumət komandasındakı iri vəzifəli zənginlər, prezidentin özünün də dediyi kimi, cəza sürəcinin hədəfi oldular. Bütün bunlar o deməkdir ki, Azərbaycan prezidenti idarəetmənin və dövlət maşınının daha bu cür getməyəcəyini, ciddi dəyişiklik ediləcəyini və ona kim mane olsa, bu maşının altında qalıb əziləcəyini açıq söyləyir. Azərbaycan prezidentinin seçkiqabağı verdiyi bu anons həm də onunla mühümdür ki, onun hədəfində siyasi opponentləri deyil, özünün komandasına aid olan və ölkədə liberal iqtisadiyyata keçidi əngəlləyən məmur oliqarxlar-monopolistlərdir!
Monopolist-oliqarxların kimlər olduğu və ya monopolistləri kimlərin himayə etdiyi Azərbaycan cəmiyyəti üçün sirr deyil. Böhran dövründə onlar daha çox qazanmaq, daha çox varlanmaq arzusundadırlar. Bəzi iş adamları monopoliya səbəbindən ölkədən illərdir didərgin salınıb, elə sahələr var ki, ora xarici investisiya yatırmağa imkan belə verilmir. Monopoliya yaradanların əksəriyyəti iqtidarda təmsil olunur. Prezident bunu hamıdan yaxşı bilir. Amma indi bu monopoliya ölkənin neftdən asılılığı azalan iqtisadiyyatını xərçəng kimi gəmirir, azad iqtisadi inkişafı tormozlayır, ən əsası monopolistlərin siyasi proseslərə təsirini artırır. Monopolistlər istədikləri qiyməti qoyur, bazara təsir güclərini artırır, necə deyərlər, iqtidarın ayağının altını qazıyırlar. Dövlət başçısının monopoliya ilə bağlı sərt mövqeyinin əsas səbəblərindən biri, bəlkə də birincisi elə böhran dövründə monopolistlərin siyasi proseslərə təsir imkanlarının artmasıdır. Monopolistlər günlərin birində ən vacib ərzaq məhsullarını piştaxtadan yığışdıra və ya qiymətini dəfələrlə qaldıra, ölkədə ən həyati əhəmiyyətli məhsulların süni qıtlığını yarada bilərlərsə, demək, artıq hakimiyyəti bu yolla təhdid də edə bilərlər. Qərblə korlanmış münasibətlər fonunda monopolistlər ölkə daxilində istənilən radikal müxalif qüvvədən daha təhlükəlidirlər. Azərbaycanın həqiqətən də komandanın əvəzindən düşünən və çevik qərarlar verən prezidenti bu təhlükəni daha yaxşı görür və bu səbəbdən də bu məsələdə “vəssalam” deyəcək qədər qərarlı görünür.

Rusiya hakimiyyəti ölkədə “aclar qiyamı” yaratmaq istəyən Qərbin sanksiyalarından yalnız daxili monopoliyanı birdəfəlik aradan qaldırmaqla qurtula bilir. Rusiya indi özü daxili bazar üçün zəruri olan bütün məhsulları istehsal edə bilir, nə lazımdırsa Azərbaycan daxil, yaxın ölkələrdən alır, bazar-dükanda bolluqdur, xalq da “Putin var olsun!” deyərək yaşayır. Beşinci dəfə Belarus prezidenti seçilən Aleksandr Lukaşenko da ölkəsində iqtisadiyyatı liberallaşdırıb, monopoliyanın və rüşvətin kökünü kəsib, ölkəsində kənd təsərrüfatı cənnəti yaradıb. Belarus siyasi nöqteyi-nəzərdən Azərbaycan üçün yaxşı nümunə deyil, amma Lukaşenko hakimiyyətini dayanıqlı edən əsas faktor onun monopoliyadan təmizlənmiş iqtisadiyyatı, xalqının güzəranını yaxşılaşdırması olduğunu Qərb təhlilçiləri də etiraf edir.

Azərbaycan şükür ki, dünyaya açıqdır. Hər yerlə ticari əlaqələri var. Bəs sabah necə?

Azərbaycan münasibətləri pisləşən Qərbin hansısa iqtisadi sanksiyalarına məruz qalsa, bu monopolistlər nə edəcək? Daxili bazarı iki-üç zavodla, qanı qiymətinə satdıqları bananla təmin edə biləcəklərmi? Azərbaycanı əlbəttə, bu tale gözləmir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, böhran dövründə monopoliya ölkənin təkcə ərzaq təhlükəsizliyini deyil, hakimiyyətini də təhdid hədəfinə çevirə bilər. Bu səbəbdən prezidentin monopoliyanı çökdürməklə bağlı qərarlı olduğu qənaəti möhkəmlənir.

Sözsüz ki, Azərbaycanda idxalda və ixracda inhisarçılığın ləğvi ölkə iqtisadiyyatını təsəvvür etmədiyimiz həddə dirçəldə bilər. Aydındır ki, monopolistlər bu qərarı alqışla qarşılamayacaqlar, bəlkə də artıq müqavimət göstərməyə başlayıblar da. Çünki İlham Əliyev ötən müşavirələrin birində də bu barədə xəbərdarlıq etmişdi. Prezidentin yenidən monopoliya problemi ilə bağlı belə açıq tənqidi çıxış etməsi isə siyasi iradədən xəbər verir.
Xalqın yaxınlaşmaqda olan qış böhranında da istədiyi elə budur...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net