Cavid Qurbanovla Ziya Məmmədov niyə düşmən oldu?
Tarix: 12-10-2015, 10:06 | Çap et
Cavid Qurbanovla Ziya Məmmədov niyə düşmən oldu?
Nəqliyyat naziri Ziya Məmmədovun düşərgəsi, nəhayət, ötən həftəsonu sükutu pozdu. Doğrudur, indiyədək nazirin qardaşı Elton Məmmədov onlar haqda yazılanların sifarişli olduğunu deyərək, konkret ad çəkmirdi. Gözlənilmədən isə Məmmədovlara yaxın olduğu iddia edilən saytlarda “Azərbaycan Dəmir Yolları” ASC-nin rəhbəri Cavid Qurbanov hədəfə alınıb.

“Heç kəsə sirr deyil ki, Ziya Məmmədovu sevməyən, onunla bağlı mövqeyi birmənalı olmayan yüksək vəzifə tutan şəxslər var”, deyilən yazıda prezidentin sərəncamı ilə müstəqil dövlət qurumuna çevrilən “Dövlət Dəmir Yolları” QSC-nin yeni rəhbəri sərt ittiham olunub: “Son dövrlər dəmir yollarına aid həyata keçirilən bütün layihələrin sanki onun təşəbbüsü ilə baş tutduğu, o rəhbər olduqdan sonra yeni qatarların alındığı, yeni xətlərin tikintisinin həyata keçirildiyi tirajlanır, birbaşa onun adı ilə, onun uğuru ilə əlaqələndirilir.

Ancaq xatırladaq ki, dəmir yollarına aid bu gün reallaşan bütün işlər uzun illərin, yəni Cavid Qurbanovun hələ ”Azəryolservis"in rəhbəri olduğu, elə yoldaş Qurbanovun “yolçu getsin yolunu tiksin, dəmiryolçu da öz işini görsün” ifadəsi ilə desək, onun “yolçu” olduğu dövrə aiddir".

C.Qurbanovla Z.Məmmədov arasında əvvəldən də soyuq olduğu, münasibətlərin indi daha da kəskinləşdiyi qeyd olunur: “Yeni dəmiryolçu” mətbuat vasitəsilə köhnə müdirinə qarşı qara piarla bu küləkdə əsən tərəf olmaq niyyətindədir.

Hətta Cavid Qurbanov “Azəryolservis”in şefi olduğu vaxtlar xarici investisiyalar üzrə müavini olmuş, maliyyə yeyintisi üstündə nazirin əmri ilə işdən qovulmuş Hicran Valehovu və “Azərsu”da keçmiş sədr müavini Zaman Novruzovu QSC-də yenidən müşavir kimi işə dəvət edib. Bu şəxsləri yaxın müddətdə Cavid Qurbanovun özünə müavin təyin etməsi də gözlənilir".

Göründüyü kimi, C.Qurbanovla bağlı yazının tonunda ittiham olunmaqla yanaşı, onu “yolçu” kimi ifadə ilə aşağılamaq cəhdi də hiss olunur.

Hələ birgə işlədikləri dövrdə C.Qurbanovla nazir arasında münasibətlərin gərgin olduğu barədə informasiyalar vardı. Nazir özü bu barədə danışmasa da, mətbuata açıq məmurlardan olan C.Qurbanov belə bir halın yaranmadığını demişdi. Amma məlumatlara görə, vaxtilə çox yaxın olan iki məmur arasında son illər həqiqətən də münasibətlər gərgin olub. Buna əsas səbəb isə nazirin milyardlarla vəsaitin ayrıldığı “Azəryolservis”də C.Qurbanovu maliyyə məsələlərindən uzaqlaşdırması olub. Nazir ayrılan vəsaitin necə “xərclənməsinə” yalnız özü qərar verib.

İddialara görə, bəzi yol layihələri üçün ayrılmış pul nazirin ailə biznesinə yönəldiyindən C.Qurbanov pis vəziyyətdə qalıb, hətta öz şəxsi vəsaitindən pul xərcləməli olub. Daha dəqiqi, nazir Məmmədov C.Qurbanovu daima pressinq altında saxlamağa çalışıb, onun patronu olduğu və tutduğu mövqeyə görə ona borclu olduğunu sübut etməyə çalışıb. Nazir bu münasibəti C.Qurbanovun məlum izdivacından sonra da davam etdirməyə çalışıb, “Azəryolservis” rəhbərini daha çox sıxışdırmağa başlayıb. O, hətta kollegiya iclaslarında Cavid Qurbanovu sərt tənqid etməklə onun vəzifə yüksəlişinin qarşısını kəsmək istəyib.

C.Qurbanov vaxtilə çox yaxın dost olduqları nazirin bu davranışından bezsə də, münasibətləri saxlamağa çalışıb. C.Qurbanovun nazirin ən yaxın adamı olan Arif Əsgərovun yerinə “Azərbaycan Dəmir Yolları” ASC-nin rəhbəri gətirilməsi isə onlar arasında bütün münasibətlərə faktiki nöqtə qoyub. C.Qurbanov təyinatdan sonra ilk açıqlamasında da nazirlə bütün mənalarda yollarının ayrıldığına işarə edərək “Ziya Məmmədovla bölüşəcəyim heç nə yoxdur” demişdi.

Aydın idi ki, C.Qurbanovun dəmir yollarına rəhbər təyinatından sonra “iki nəfər üçün vağzal” da “bölünəcəkdi” və bir ay əvvəl “Azərbaycan Dəmir Yolları” müstəqil quruma çevrilməklə həqiqətən də “Ziya Məmədovla bölüşəcək” heç nə qalmadı.

Z.Məmmədovun əsas adamı dəmir yollarından uzaqlaşdırıldıqdan sonra bu sahəyə ayrılan vəsaitlərin talandığı konkret faktlarla üzə çıxıb. C.Qurbanovun dəmir yollarda işlərin düzgün qurulmaması barədə dedikləri, onun yeni qatarları ölkəyə gətirməsi naziri daha da qəzəbləndirib. Yayılmış materialda da əsas qıcıqlandırıcı məqamın C.Qurbanovun dəmir yollarındakı son fəaliyyətindən olduğu açıq görünür.

Xatırladaq ki, Bakı-Sumqayıt qatarının istifadəyə verilməsi ilə bağlı tədbirə nəqliyyat naziri dəvət edilməmişdi.

Məmmədovların ilk dəfə onların “vurulması” ilə bağlı konkret ad çəkmələri əslində iqtidara mesaj kimi başa düşülməlidir. Çünki C.Qurbanova etimad göstərilməsi prezidentin qərarıdır. Onun rüşvətxorluqda ittiham edilən müşavirlərinin hələ baş verməyən müavin təyinatı da məhz prezident sərəncamı ilə gerçəkləşməlidir. Bu, prezidentin ətrafında “sıx birləşdiklərini və sadiq olduqlarını” vurğulayan Məmmədovların hakimiyyətdən salınmasına qarşı müqavimət göstərdiyi barədə informasiyaları bir daha təsdiqləyir.

Qeyd edək ki, C.Qurbanov nazirə qarşı “qara piar” aparılması barədə ittihamlara hələ ki, cavab verməyib. Bəlkə də “yıxılanı baltalamazlar” səbəbindən...

“Yeni Müsavat”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net