Anadolu Universitetindən Baş Prokurorluğa – ŞİKAYƏT
Tarix: 4-08-2015, 10:51 | Çap et
Anadolu Universitetindən Baş Prokurorluğa – ŞİKAYƏT
Anadolu Universiteti Azərbaycan Proqramından narazılıq və şikayət var.

Vertikal.az xəbər verir ki, proqramın koordinatoru olmuş Firudun Bəndəliyev musavat.com-a şikayət məktubu təqdim edib. Şikayətdə bildirilir ki, Anadolu Universiteti Azərbaycan proqramlarının qanunsuz fəaliyyəti və orada təhsil alan tələbələrin problemləri ilə əlaqədar dəfələrlə mediada yazılar getsə və məsələ ictimailəşsə də, problem çözülməyib. Bildirilir ki, hazırda 2500-dən artıq tələbənin gələcəyi sual altındadır: “Diplomların tanınmaması üzündən məzun olanlar Azərbaycanda magistraturaya müraciət edə bilmədikləri kimi, dövlət qulluğu vəzifələrində də işləmə imkanları olmayacaq”.
“Anadolu Universitetində distant təhsili alan azərbaycanlı gənclərin gələcəyinə biganə yanaşma davam edir. Tələbələri və valideynləri narahat edən məsələlərin başında təhsil ödənişlərinin kursda qalan tələbələr üçün haqsız olaraq yüksəldilməsi, universitetin Azərbaycandakı tərəfdaş qurumu olan və tələbələrə texniki xidmət göstərməyi öhdəsinə götürən Azərbaycan-Türkiyə İşadamları Birliyi, ATİB ilə tələbələr arasında heç bir rəsmi müqavilənin bağlanmaması və universitet tərəfindən verilən diplomların Azərbaycanın Təhsil Nazirliyi tərəfindən nostrifikasiya edilməməsi, yəni təsdiq olunmamasıdır”,- deyə şikayətçi bildirir.
Onun sözlərinə görə, Anadolu Universitetinin rəsmi internet səhifəsində 2014-cü ilin avqustundan universitetin Azərbaycan proqramlarının yayılmasında, tələbələrə distant xidmətlərin göstərilməsi üçün ATİB ilə protokol imzalandığı bildirilir: “Amma ATİB rəsmi saytında bu əməkdaşlığı 3 aydan çox Azərbaycan ictimaiyyətindən gizlədib. Yalnız tələbələrin qeydiyyatı bitdikdən və təhsil haqları xaricə bir şirkətin bank hesabına keçirildikdən sonra, dolayı yolla ATİB rəhbərliyi özünə bağlı ”EcoVizyon" jurnalında ATİB Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru kimi göstərib.
ATİB yenə də açıq şəkildə tərəfdaş müqaviləsi bağladığını bəyan etmir. ATİB-in rəsmi saytında tərəfdaşlıq etdiyi qurumlar arasında Anadolu Universitetinin adı çəkilmir. Həmçinin Azərbaycan proqramlarında distant təhsili alan tələbələr təhsil haqlarını onlarla heç bir xidmət müqaviləsi imzalanmadan “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Şimali Kipr Respublikasının paytaxtı Lefkoşadakı Ziraat Bankının hesabına keçiriblər? Bu şirkətlə ATİB arasında nə əlaqə ola bilər? Bu şirkətin təsisçisi və rəhbəri kimdir? ATİB-in rəsmi saytında və bu quruma bağlı “EcoVuzyon” jurnalında yeni üzvlər arasında “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanyi Ticaret Anonim Şirketi”nin də adı keçir. Təmsilçisi isə Ömər Dönməz adlı şəxsdir. Bildirilir ki, Ömər Dönməz Azərbaycanda əsasən inşaat sektorunda fəaliyyət göstərən və ATİB sədri olan Camal Yanğına bağlı “İstanbul Çarşı İmport Export LTD” şirkətinin həm baş mühasibi, həm də ATİB Təftiş Komissiyasının üzvüdür".
F.Bəndəliyev bildirir ki, daha bir diqqətçəkən məqam isə “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan nümayəndəliyinin Anadolu Universiteti Azərbaycan Proqramlarına tələbə qəbulunu elan etməsidir: “Əgər Anadolu Universiteti Azərbaycanda tərəfdaş qurum kimi ATİB-i görürsə, bu şirkət nümayəndəliyinin tələbə qəbulunu həyata keçirməsi nə dərəcədə doğrudur?”
Məlumat əldə edilib ki, azərbaycanlı tələbələrdən alınan təhsil haqqının dörddə bir, ya da beşdə bir hissəsi Anadolu Universitetinin hesabına köçürülür. Yəni min avrodan 200-150 avroluq hissə köçürülür. Şikayətçinin sözlərinə görə, təhsil ödənişləri kursda qalan tələbələr üçün haqsız olaraq yüksəldilib. Həmçinin universitet tərəfindən verilən diplomlar Təhsil Nazirliyi tərəfindən təsdiq olunmur: “Hazırda mindən çox tələbə təhsillərini dondurmaq məcburiyyətində qalıb. Bu cür tələbələrin sayı hər il getdikcə artır. Bildirilir ki, Anadolu Universitetinin fəaliyyəti üçün Təhsil Nazirliyinə rəsmi heç bir müraciət olunmayıb. Yəni ”Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Anadolu Universiteti adından fəaliyyəti qanunsuzdur. Ayrıca müvafiq icra mexanizmi olmadığından, distant formada məzun olan şəxslərin ali təhsil haqqında sənədlərinin, diplomlarının ekvivalentliyinin müəyyən edilməsi mümkün deyil. Yəni Anadolu Universitetində Azərbaycan proqramlarından məzun olanların diplomları Azərbaycanda tanınmayacaq".
Son olaraq isə bildirilir ki, Anadolu Universitetinin Azərbaycandakı fəaliyyəti ilə əlaqədar Prezident Adminstrasiyası tərəfindən Baş Prokurorluğa rəsmi məktub göndərilib və universitetlə bağlı şikayətlərə baxılması istənilib. Qarşı tərəfin də rəyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net