İrəvan vətəndaş müharibəsinin bir addımlığında
Tarix: 26-06-2015, 11:30 | Çap et
İrəvan vətəndaş müharibəsinin bir addımlığında
Ermənistan hökumətinin elektrik enerjisi tariflərini artırmasına etiraz olaraq başlayan etiraz aksiyaları fasiləsiz şəkildə davam edir. Son gün daha 10 min nəfər facebookda aksiyaya qoşulacağını bildirib.

Yayılan məlumatlara görə, keçmiş və indiki deputatlar, artistlər, şou-biznes nümayəndələri və ziyalılar polislə aksiyaçılar arasında canlı sədd çəkiblər. “Azad demokratlar” Partiyasının sədri Xacatur Kokobelyan jurnalistlərə bildirib ki, məqsəd nümayişçilərin taktikasına mane olmaq yox, zorakılığa yol verməməkdir. Onlar gün ərzində baş nazir və parlamentin sədrindən cavab gözləyirlər.

Prezident Serj Sərkisyan isə bir addım geri çəkilərək deyib ki, elektrik enerjisinin qiymətlərinə yenidən baxıla bilər. Sərksiyan elektrik enerjisi ilə bağlı tariflərin artımı haqqında komissiyanın qərarını təkrar baxışdan keçirmək qərarı verib. Onun bu qərarının isə elektrik enerjisi qiymətlərinin ucuzlaşdırılmasına təsir edib-etməyəcəyi barədə məlumat verilməyib. Lakin paralel olaraq gecə saatlarında hadisə yerinə əlavə dəyənəkli və dəmir şitli qüvvələr yeridilib.

***

İyunun 25-də Ermənistan ordusunda müəmmalı şəkildə ölən erməni əsgərlərin valideynləri də ayağa qalxıb. Onlar Prezident Administrasiyası və Milli Məclisin binasına doğru yürüş etməyə çalışsa da, polis buna imkan verməyib. Erməni mənbələrinin yaydığı məlumata görə, İrəvan polisinin rəis müavini Valeriy Osipyan valideynləri sakitləşməyə çağırarkən az qalıb onlara yalvarsın. O, “mən sizi başa düşürəm, sizin vəziyyətinizi anlayıram, sizin yerinizdə olsaydım özüm necə davranardım, bunu dəqiq bilmirəm. İnanın, biz sizi başa düşürük. Biz sizin əleyhinizə deyilik, inanın” deyə, dil töküb.

Osipyan aksiyanı növbəti gün keçirməyə çağırıb. Erməni hakimiyyəti orduda müəmmalı şəraitdə ölən əsgərlərin valideynlərini sakitləşdirməklə elektrik enerjisinin tariflərinin artmasına etiraz olaraq Baqramyan prospekti boyunca aksiya keçirənlərə növbəti dəstəyin gəlməsini əngəlləmək istəyib. Əsgər anaları isə övladlarının qatillərinin “daxili düşmənlər” olduğunu bəyan edir və geri çəkilmək niyyətində deyillər. Onlar bəyan ediblər ki, ordudakı cinayətlər açılmasa, erməni valideynlər övladlarını hərbi xidmətə göndərməkdən imtina edəcəklər.

Dağlıq Qarabağ erməniləri də İrəvanda keçirilən etiraz aksiyasına dəstək verib. Strateq.az bildirir ki, Dağlıq Qarabağda yaradılan Respublika Partiyasının təşəbbüs qrupu Ermənistanda enerji tarifləri ilə bağlı davam edən etiraz aksiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ erməniləri “ədalətin bərpa olunması üçün başlanmış bu hərəkata dərin dəstəyini ifadə edirlər”.

* * *

Azadlıq Radiosunun baş redaktoru Nenad Pejic radionun erməni xidmətinin jurnalistlərinə və digər mətbuat orqanlarının əməkdaşlarına güc tətbiq olunmasına etirazını bildirib. Ermənistandakı ABŞ səfirliyi də polis zorakılığını pisləyib, hadisənin tam və şəffaf şəkildə araşdırılmasına ehtiyac olduğunu deyib. ATƏT, Avropa Birliyinin İrəvan nümayəndəlikləri də bənzər bəyanatlar verib, hakimiyyətlə ictimaiyyət arasında dialoqun vacibliyini vurğulayıb.

Ermənistanda baş verənlərin arxasında Qərb dairələrinin dayanması və proseslərin rəngli inqilablara apardığı haqda şərhlər geniş yayılıb. Artıq əks fikirlər də səslənir. “Ermənistan özünü energetika baxımından Rusiyadan tam asılı vəziyyətə salaraq seçim azadlığından məhrum oldu. Rusiya bu ölkənin bütün enerji strukturunu əldə edib”. Bunu “Trend”ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib. Onun sözlərinə əsasən, ABŞ Ermənistana uzun illər təklif edib ki, Rusiyadan enerjidaşıyıcılarının tədarükü asılılığını azaltsın. M.Brayza qeyd edib ki, lakin Ermənistan bunu etmədi və nəticədə Rusiya şirkətləri Ermənistanın enerji infrastrukturunun obyektlərini satın aldılar: “Bu, Ermənistan hökumətinin strateji səhvi oldu”. O hesab edir ki, Ermənistandakı etiraz aksiyalarını Ukraynadakı hadisələrlə müqayisə etmək düzgün deyil, çünki hər iki hadisə unikaldır: “Ermənistan hökuməti Rusiyanın enerji şirkətləri ilə danışıqlar stolu arxasına oturmalıdır”. M.Brayza diqqətə çatdırıb ki, Ermənistandakı etiraz aksiyalarına görə günahı ABŞ-ın üzərinə artmaq düzgün olmazdı, çünki Vaşinqtonun bu hadisələrlə heç bir əlaqəsi yoxdur.

“Rusiyanın Ermənistandakı kütləvi etiraz aksiyalarına heç bir aidiyyəti yoxdur”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib. Onun sözlərinə görə, Ermənistanda elektrik enerjisinin qiymətinin qaldırılması ilə bağlı qərarı İrəvanın özü verib. Qeyd edək ki, Ermənistanın bütün elektrik sistemi Rusiya şirkətlərinə aiddir.

“Qiymətlərin və tariflərin qalxması postsovet məkanının əhalisi üçün ən problemli məqamlardan biridir”. Bunu isə rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. (axar.az) Onun sözlərinə görə, Ermənistanda hakimiyyətin devrilməsi heç nəyi dəyişdirməyəcək: “İnsanlar başa düşmürlər ki, qiymətlərin müntəzəm olaraq qalxması dövlətin bazar iqtisadiyyatının baza əsaslarından biridir. Qısası, erməni əhalisi anlamalıdır ki, artıq bundan sonra hətta kütlə tərəfindən saraya əllə gətirilən prezident olsa belə, qiymətləri daha yuxarı qaldırmalı olacaq. Faktiki olaraq pulsuz elektrik enerjisi yalnız SSRİ-də mövcud idi. Lakin həmin dövrü artıq qaytarmaq olmaz. Aydındır ki, İrəvandakı mitinqlər ölkəni daxildən zəiflətmək üçün zəncirin əsas halqasına çevrilir. Bu prosesin başlanğıcını rus əsgərinin Gümrüdəki erməni ailəsini güllələməsini göstərmək olaraq. Maraqlı məqam orasındadır ki, ona qarşı iş hələ bitməyib və nədənsə həmin şəxsə layiqli cəza verilməyib. Bunlar ilk kütləvi çıxışlara səbəb oldu. Ermənistan hökuməti üçün digər problem isə yerli biznesmen Çarukyanın gözlənilmədən siyasi mövqe tutması oldu. İndi isə qiymətlərin qaldırılmasına qarşı kütləvi etirazlar başlayıb. Ermənistanı hər imkanda ”bombalayacaqlar" ki, o, Avrasiya İttifaqından əl çəksin. Bundan başqa, bütün vasitələrdən istifadə ediləcək ki, Rusiya və Ermənistan qarşı-qarşıya gəlsin. Doğrudur, Rusiya Ermənistan üçün tarifləri dondura bilər, amma bu güzəştlərin əvəzini bu dəfə ruslar ödəməli olacaqlar. Maydana gəlincə isə Ukrayna hadisələri göstərdi ki, qiymətlərin azaldılması üçün hakimiyyətin dəyişdirilməsi mənasızdır. Poroşenko dövründə əvvəlki illərdən fərqli olaraq qiymətlər bir neçə dəfə qalxdı".
Politoloq Rasim Musabəyov özünün facebook hesabında düşmən ölkədə baş verənlər haqda belə yazıb: “Ermənistanda il ərzində 7 milyard kilovat-saat enerji sərf edilir. Hökumət tərəfindən elektrik enerjisinin qiyməti min kilovat-saat üçün 15 dollar (hər kilovat-saat üçün 7 dram) artırıldı. Bir sözlə, hökumətin əhalinin və sənayenin üzərinə yüklənməsinə baxmayaraq, il ərzində əlavə qazanc 100 milyon dolları ötməyəcək”. Politoloq Ermənistanın Dağlıq Qarabağdan çıxacağı halda, ölkə iqtisadiyyatının normallaşacağını bildirib: “Azərbaycana qarşı ərazi iddialarından imtina və Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan iqtisadiyyatını əlavə 200-300 milyon dollar xərcdən azad edəcək. Nəticədə Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası Ermənistan iqtisadiyyatına əlavə qazanclar gətirəcək”.

“Hakimiyyət orqanları nümayişçilərə qarşı etdiklərinə görə məsuliyyət daşıyır”. Bu açıqlama ilə erməni politoloq David Şahnazaryan çıxış edib. O, problemin yeganə həlli yolunun özlərinin əlində olduğunu bildirib: “Hakimiyyət Ermənistanla sivil dünyanın əlaqələrinə çox böyük ziyan vurdu. Bugünkü sosial-iqtisadi vəziyyətimizin müntəzəm olaraq dərinləşməsi bizim xarici siyasətimizə mənfi təsir etməkdə davam edir. Hazırkı mitinqdə təşkilatçılıq və idarəçilik yoxdur. Ciddi addımlar atılmır, tələblər tam məlum deyil. Nə qədər ki, Rusiyanın siyasi oyunları ilə hərəkət edəcəyik və Avrasiya İqtisadi Birliyi adlanan qurumla əlaqələri inkişaf etdirməyə çalışacağıq, bu hadisələr də həmişə davam edəcək. Problemin yeganə həlli yolunun bir açarı var, o da özümüzdə olmalıdır. Yəni biz öz dövlətçiliyimiz uğrunda mübarizə aparmalıyıq. Əks təqdirdə, Rusiya həmişə olduğu kimi bizi sıxışdıracaq”.

“Mən Ermənistan hökumətinin yerinə olsaydım, ABŞ səfiri Riçard Milsi çoxdan ölkədən çıxarardım”. Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı deputat Valeri Raşkin çıxış edib.
Onun sözlərinə görə, postsovet məkanında Rusiyanın iki dostu qalıb: “Faktiki olaraq, postsovet məkanında Rusiyanın iki əsl dostu qalıb. Bunlar Ermənistan və Belarusdur. Buna görə də amerikalılar sonuncu müttəfiqlərimizi daha güclü şəkildə bizdən ayırmağa çalışırlar. Onlar bizim ölkənin qarşısında növbəti rəngli inqilaba təşəbbüs edirlər”.

Ermənistanda baş verənlər Rusiya-Amerika davasıdır, Amerikanın revanşı, yoxsa başqa bir məsələdir, hələ ki bu sualın cavabı yoxdur. İrəvanın polis rəisinin müavini Valeriy Osipyan İrəvandakı proseslərin Maydan hadisələrinə aparacağını istisna etsə də, əksini düşünənlər daha çoxdur.

***

Siyasi şərhçi Elxan Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, məsələni Rusiya-Amerika davası kimi xarakterizə etmək səthi yanaşmadır: “Ermənistanda narazılıq son ildə epizodik yürüş, mitinq və piketlərlə davam edirdi, indi isə o, davamlı şəkil almaqdadır. Aldığımız məlumatlar da məhduddur və bir şey məlumdur ki, bu, hər hansı partiya və hərəkatın təşkilatçılığı ilə deyil, ərəb inqilablarında olduğu kimi, kortəbii və qeyri-siyasi qüvvələrin təşəbbüsüdür. Siyasilər hələ ki orada yet tutmayıb. Bəlkə bundan sonra orada yeni qüvvələr ortaya çıxacaq və hərəkatı istefa tələblərinə yönəldəcək. Amma informasiya qıtlığından bizim fikir söyləməyimiz çətindir”.

Bu məqamda Azərbaycanda “fürsətdir”, deyib işğalçıya qarşı hərbi əməliyyatlara başlamaq çağırışı da eşidilir. E.Mehdiyev isə deyir ki, indiki dönəmdə hərbi əməliyyatlara başlamaq ancaq Sərkisyana kömək olar və daxili qeyri-stabilliyi birliyə cevirər. Bu məqsəd üçün hadisələrin yetişməsini gözləmək və vaxt itirmədən hərəkət etməyi planlamaq lazımdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net