Köhnə "Semaşko" xəstəxanasında həkimlərin gözü harda gəzir?
Tarix: 22-06-2015, 11:12 | Çap et
Köhnə "Semaşko" xəstəxanasında həkimlərin gözü harda gəzir?
İnanan daşa dönsün, deməyin. Bir zarafatdı, elədim. O ki qaldı həkim ola, maaşəvəzi də qəpik-quruş ala... Korrupsiya və rüşvətə yox dediyimiz indiki günlərdə ən böyük arzumuz səhiyyə müəssisələrində baş verən neqativ mənzərələrə qismən də olsa əncam çəkilməsidir. Təəssüf ki, arzu olunanı həqiqət kimi qələmə vermək imkanımız yoxdu.
Öz aramızdı, kim istəyər ki, xalq arasında "semaşko balnisası" kimi tanınan 1 saylı klinik şəhər xəstəxanasında həkimlər xəstələri rüşvətlə sınağa çəksin. Kim razı olar ki, dövlət xəstəxanası statusunu daşıyan bir tibb ocağında "ələ baxan” aura hökm sürsün? Əlbəttə, heç kim! Elə isə bə nədəndi ki, xəstəxananın baş həkimi Sultan Əliyev biabırçılıq həddindəki bu dəhşətli reallıqla barışmaq məcburiyyətində qalmış kimi görünür? Sultan həkimi qınamırıq. Necə olmasa, xəstəxanaya təyinat aldığı heç iki il də deyil. Lakin bu 2 il ərzində nəyə nail olmaq mümkün deyildi ki? Ən azı rəhbərlik etdiyi səhiyyə ocağında mövcud dilənçiliyin kökünü kəsmək üçün yollar axtarıb tapmaq, cənab nazirlə əl-ələ verib bu məsələyə bir əncam çəkmək də olardı. Lakin əncam yoxdur hələ ki. Baxmayaraq ki, Sultan həkim nazir Oqtay Şirəliyevin görüşünə layiq görüldükdən sonra ondan bir sıra "icazələr" alıb. Həmin "icazələr" iki şəxsin arasında türk demiş, söz konusu olduğundan bu barədə hələlik danışmağa lüzum görmürük. Yəqin ki, vaxtı gələndə xırıd edilən bütün vəsaitlərin "xoruzu" banlayacaq. Bununla demək istəmirik ki, baş həkim işinin öhdəsindən gələ bilmir. Əsla, bizlər belə vay-şivən xüsusiyyətləri heç yaxına belə buraxan deyilik. Ərz edirik ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasında tibbi xidmətin bütün növləri üzrə xəstələrə xüsusi diqqət yetirilir. Bəli, bunu biz ərz edirik ki, Sultan həkim bizdən inciməsin. Bu səbəbdən də əldə etdiyimiz məlumatlardan göründüyü kimi, xəstəxana palatalarında cərrahların və terapevtlərin xəstələr üçün açdığı "bazar"dan danışmırıq. Amma. qadan alım, bu xəstələr də yazıqdır axı. Onları müalicə edəndə nəfsinlə bərabər gərək vicdanını da ortaya qoyasan. Bütün bunlar bir yana, xəbəriniz olsun ki, Sultan həkim bizim hörmətlə yanaşdığımız tanınmış tibb işçisidir. Uzun müddət Səhiyyə Nazirliyində şöbə müdiri işləyib. Sonralar Hematologiya və Transfuziologiya İnstitutunun direktoru təyin edilib. "Semaşko"nu isə Tərlan Bəbirovun baş həkimlikdən uzaqlaşdırılmasından sonra səhiyyə nazirindən şəxsən "təhvil" alıb. Maraqlıdır ki, 75 yaşlı həmişəcavan həkimin təyinatından dərhal sonra kliniki xəstəxananın da üzünə sanki gün doğdu. Lakin xəstəxananın həkimlərinin gözü hələ də xəstənin və xəstə yaxınlarının cibində gəzir. 1 saylı Şəhər Kliniki Xəstəxanasında pulsuz tibbi xidmətdən söhbət düşəndə deyilənə görə həkimlər baş həkim Sultan Əliyevin kabinetini nişan verir. Məlumata görə, həftəbaşı şöbə müdirləri və cərrahlar və müalicə həkimləri Sultan Əliyevin ənənəvi "pyatiminutkasına" dəvət alır. Lakin burada 5 dəqiqədən söhbət gedə bilməz. Bildiyimizə görə, xəstəxanada həkimlər arasında gizli bir məsəl də yayılıb: iş ki, çatdı 5-ə vur 15-ə sonra da hesabatını ver çoxbilmişə. Bu məsəldəki məsələbaşı çoxbilmişin kimliyini nə billah elədiksə, xəstəxanada bizə nişan verən olmadı. Olmaya qorxmuşdular, bilmirik.
Xəstəxananın büdcəsinin birdən-birə onqat artırılması, gözləmək olardı ki, burada çalışan tibb işçilərinin ikiminlik kollektivinin xəstələri qarşısında maddi sınağa çəkilməsinin qarşısını alacaq. Lakin belə olmadı. Baş həkimin yeni təyinatından dərhal sonra deyilənə görə bir çox səhiyyə ocaqlarındakı kimi burada da qiymətlər şişib az qala partlamağa başlayıb. Düzdür, bunun acısını əsasən xəstələr çəkir. Lakin, 1 saylı Şəhər Klinik Xəstəxanasında vəziyyətin tezliklə düzələcəyinə ümidlər azdır.Hər halda məsələnin hansı müzakirə mərhələsində olduğu barədə lov xəbərlər var. Xəstəxanada "şirinlik sevgisi”nin qarşısını almaq üçün deyilənə görə, həkim otaqlarında kameralar quraşdırılsa da xeyri olmayacaq.
Mənbə




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net