Fırıldaqla üzləşən vətəndaş Zakir Qaralova və Kamran Əliyevə müraciət etdi
Tarix: 9-06-2015, 10:02 | Çap et
Fırıldaqla üzləşən vətəndaş Zakir Qaralova və Kamran Əliyevə müraciət etdi
"AENT-E" MMC tikinti şirkətinin direktoru Əkbər Cəfərovun vətəndaşlara qarşı törətdiyi özbaşınalıqlar bütün əndazələri aşıb. Qeyd edək ki, qəzetimizin son saylarında şirkət rəhbəri tərəfindən hüquqları pozulan sakinlərin şikayətləri dərc olunub. Bir qrup vətəndaş Gəncə prospektində tikilən hündürmərtəbəli binadan mənzil alsa da, MMC direktoru həmin evləri saxta sənədlər əsasında təkrarən başqa-başqa şəxslərə satıb.

Beləliklə bəzi vətəndaşlara külli miqdarda ziyan dəyib. Haqqı tapdalanan şəxslərdən biri də Bakı şəhəri, Xətai rayonu Naximov küçəsi ev 144 A-da yaşayan Qəmbərov İsa Cəmaləddin oğludur.

Xatırladaq ki, İ.Qəmbərov bir müddət əvvəl də şikayət ərizəsi ilə redaksiyamıza müraciət edərək başına gələn qanunsuzluqlardan söhbət açmışdı. Qısaca bildirmək istəyirik ki, adıçəkilən vətəndaş 16 iyul 2014-cü ildə Xətai rayonu, Gəncə prospekti 29/35 a ünvanında tikilən hündürmərtəbəli binanın 1-ci blok 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79.11 kvadratmetr olacağı nəzərdə tutulan mənzil alıb: ""Hələ tikilməkdə olan, mənzil forması almayan yarımçıq tikilini almaq məqsədilə 17.150 dollar pul ödədim. Çünki mənə əvvəlcə sadəcə tavan hissəsi bağlanmaqda olan mənzili göstərmişdilər. Sonradan bəlli oldu ki, mənim mənzilim o deyil, bağlanmaqda olan tavanın üst hissəsində hələ tikilməyən mənzil olacaqmış. Mənzilin yerdə qalan məbləğini MMC direktorunun razılığı ilə hissə-hissə ödəmək qərarı aldım. Mənzili maksimum 2 aya tikib mənə təhvil verəcəklərini dedilər. Amma aradan uzun müddət keçsə də, bir nəticə yoxdur". Dünən yenidən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən vətəndaş "AENT-E" şirkətinin rəhbərinin imza atdığı özbaşınalıqlar haqda məlumat verdi. Şikayətçinin sözlərinə görə, MMC direktoru sənədlə ona məxsus olan mənzili qeyri-qanuni olaraq başqa bir şəxsə satıb: "Neçə aydır ki, Əkbər Cəfərovun arxasınca sürünürəm. İndiyə qədər onunla hörmət-izzətlə danışırdım, öz səviyyəmi gözləyirdim. Artıq görürəm ki, belə danışmağın bir mənası yoxdur. Çünki bu adam mən sakit dayandıqca öz bildiyini edir. Bir neçə gün əvvəl başqa nömrə ilə direktora zəng vurdum. Nə əcəbsə telefonu açdı. Bildirdim ki, Əkbər müəllim sizinlə görüşmək istəyirəm, ya pulumu qaytarın, ya da mənzili mənə verin. O isə yüksək səs tonu ilə danışaraq məni təhqir etməyə başladı. Dedi ki, get hara istəyirsən şikayət elə. Əvvəllər belə danışmırdı, pulu qaytaracağına dair söz vermişdi. Bu mümkün olmayacağı təqdirdə pulun qarşılığında maşınlarından birini verəcəyini bildirmişdi. Lakin o verdiyi sözlərin heç birini tutmadı". İ.Qəmbərov deyir ki, bir neçə gün əvvəl həmin binaya baş çəkib: "Sənədlə mənə məxsus olan mənzilə qapı qoyulduğunu və qıfıl vurulduğunu gördüm. İçəridə tikinti materialları var idi. Aydın oldu ki, direktor mənzili başqasına satıb və həmin şəxs də təmirə başlamaq niyyətindədir. Bunu görüb şoka düşdüm. Yenidən direktorla əlaqə saxladım. O mənzili başqasına satdığını etiraf etdi. Üstəlik, məni lağa qoyaraq dəstəyi asdı. Nəzərinizə çatdırmaq istəyirəm ki, mənzil üçün ödədiyim vəsait ailəmizin yaman gün üçün yığdığı pullar idi. Maşınımı satıb pulun üstünə qoymuşdum. O pulları yığmaq üçün gecəmi gündüzümə qatmışdım. Əkbər Cəfərov heç nədən və heç kimdən çəkinməyərək pulumu mənimsəyib. Açığı evdən əlimi üzmüşəm. Şirkət rəbərindən ödədiyim pulları- 17.150 dolları tələb edirəm. Əlimdə maliyyə arayışı var. Orda aydın şəkildə mənzilin mənə satıldığı və nə qədər borcumun qaldığı göstərilir. 16 iyul 2014-cü il tarixli maliyyə arayışında yazılıb: verilir Qəmbərov İsa Cəmaləddin oğluna ondan ötrü ki, Gəncə prospekti 29/35 a ünvanında tikilən hündürmərtəbəli yaşayış evinin 1-ci blok 12 c mərtəbəsində yerləşən ümumi sahəsi 79.11 kvadratmetr olan 2 otaqlı mənzilin qalıq borcu 42 min manat təşkil edir. Arayışa MMC direktoru ilə yanaşı, baş mühasib R.K.Qarayeva və tərtib edən G.Y.Babayeva imza çəkiblər. İndi şirkət rəhbəri özünü elə aparır ki, guya məni tanımır. Hazırda çox çətin vəziyyətdəyəm, maddi durumum pisdir və valideynlərim ağır xəstədir. Sizin qəzetiniz vasitəsilə əlaqədar dövlət qurumlarının rəsmilərindən, baş prokuror Zakir Qaralovdan və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cənablarından kömək istəyirəm. Yaxın günlərdə həm baş prokurora, həm də idarə rəisinə yazılı surətdə müraciət edəcəm".

Məlumatınız olsun ki, mənzil fırıldağında ittiham olunan MMC direktoru bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub, hətta 9 il həbsdə yatıb. Sonuncu dəfə isə bu ilin yanvar ayında barəsində cinayət işi qaldırılıb. Belə ki, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin direktoru Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. "AENT-E" MMC həm də ən çox şikayət olunan tikinti şirkətlərindən hesab olunur. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə görülmüş işlər haqqındakı təhlil yazısında bu barədə bildirib. Bir sözlə, bütün faktlar göz qabağındadır. Buna baxmayaraq, barəsində cinayət işi açılmış şirkət direktoru hələ də həbs edilməyib. Təəssüf ki, bunun ağrı-acısını MMC-dən mənzil almış vətəndaşlar çəkir. Biz isə inanırıq ki, baş prokuror Zakir Qaralov, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi, eləcə də digər aidiyyəti qurumların rəsmiləri Əkbər Cəfərovu tezliklə istintaqa cəlb edib barəsində lazımi tədbir görəcəklər. Deyilənə görə, MMC direktoru generallardan birinin adından istifadə etməklə törətdiyi qanuna zidd əməlləri ört-basdır etməyə çalışır. Növbəti saylarımızda həmin generalın kimliyi, şirkət rəhbərinin Qaraçuxurdakı möhtəşəm villaları, müxalifət nümayəndələri ilə işbirliyi, Hövsandakı torpaq sahələri və "Star" çay evində cərəyan edən xoşagəlməz hadisələr barədə ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləyin.

Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net