“Türklər erməni qüvvələrini də, Ermənistandakı Rusiya bazasını da silib-süpürəcək...” - MOSKVA NÜVƏ ZƏRBƏSİNƏ ƏL ATA BİLƏR?
Tarix: 30-07-2020, 13:15 | Çap et

“Türklər erməni qüvvələrini də, Ermənistandakı Rusiya bazasını da silib-süpürəcək...”
Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən iyulun 29-da başlayan misli görünməmiş miqyasda birgə manevrləri Ermənistanla yanaşı Rusiya ekspert-siyasi dairələrində də ciddi narahatlıqla izlənməkdədir. Xəbər verildiyi kimi Türkiyə ordusu bu təlimlərdə iştirak etmək üçün bəzi məlumatlara görə 11 minlik canlı qüvvə, çoxsaylı zirehli texnika və reaktiv yaylım atəşi sistemləri, o cümlədən hücum vertolyotları göndərib. Manevrlər Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin ardınca keçirilir. Türkiyə hərbi-siyasi rəhbərliyi Ermənistanın təcavüzkar addımlarına cavab olaraq birmənalı şəkildə Azərbaycana dəstəyini ifadə edib və indi bu təlimlərlə mesaj vermiş olur ki, hərbi əməliyyatlar başlasa Azərbaycanın tərəfində döyüşməyə hazırdır.

Virtualaz.org xəbər verir ki, “Rosbalt” agentliyi hərbi ekspert Pavel Felgenhauerdən bu təlimlər və Ermənistanla Azərbaycan arasında mümkün irimiqyaslı müharibənin Türkiyə ilə Rusiya arasında hərbi qarşıdurmaya keçmək riskləri barədə soruşub.

Ekspert deyir ki, Türkiyə ordusunun iri qruplaşmasının Naxçıvana və Azərbaycanın digər ərazilərinə yeridilməsi heç də Azərbaycana mənəvi dəstək nümayiş etdirmək deyil. “Ərdoğan və onun müdafiə naziri deyirlər ki, nəsə olsa Azərbaycanın tərəfində döyüşəcəklər. Beləliklə, onlar öz mövqelərini ortaya qoyublar. Yeri gəlmişkən bu mövqe həmişə belə olub”,-o deyib.

Bəs Türkiyə işə qarışsa Rusiyanın buna reaksiyası necə olacaq? Felgenhauer deyir ki, hadisələrin bu cür inkişafı Moskva ilə birbaşa müharibə təhdidi yaradacaq. Çünki Rusiya Ermənistanı türklərdən qoruyacaq. Gümrüdəki hərbi bazada elə bunun üçündür.

Ekspert hesab edir ki, Ermənistanın KTMT-nin hərbi dəstəyinə arxalanması fiksiyadır. Çünki nə Qırğızıstan, nə Tacikistan, nə Belarus Qafqazda vuruşmayacaq. Ona görə də Ermənistanın köməyinə təkcə Rusiya gələcək.

“Türklər erməni qüvvələrini də, Ermənistandakı Rusiya bazasını da silib-süpürəcək...” - MOSKVA NÜVƏ ZƏRBƏSİNƏ ƏL ATA BİLƏR?

“Üstəlik Ermənistanda yerləşən Rusiya qoşunları heç də tam olaraq ruslardan ibarət deyil, şəxsi heyətin 90 faizi ermənilərdir. Köhnə imperiya ənənəsidir-xidmət üçün yerliləri muzdla cəlb etmək. Bu, sadəcə olaraq Rusiyadan muzdluları təyyarələrlə daşımaqdan ucuz başa gəlir. İstənilən halda orada cəmi bir motoatıcı briqada var, təxminən 4 minə yaxın adam. Bundan əlavə bizim orada MiQ-29 təyyarələrindən ibarət aviasiya dəstəmiz, zenit-raket komplekslərimiz də yerləşir. Lakin bütövlükdə bunlar Türkiyənin sərhədin o tərəfində dayanan 3-cü ordusu ilə müqayisədə olduqca simvolik döyüş qüvvəsidir. Bizim Ermənistandakı qruplaşmanı gücləndirmək imkanlarımız kifayət qədər məhduddur. Çünki nəsə olsa gərək Gürcüstan ərazisindən keçəsən. Gürcülər isə buraxmaya bilər, o zaman onların ərazisini döyüşlə keçmək lazım gələcək...Əlbətdə, havadan əlavə qüvvə də daşımaq mümkündür. Lakin hava yolu ilə tank və motoatıcı briqadaları daşımaq mürəkkəbdir. Üstəlik türklərin çox müasir və güclü aviasiyası var. Ümumən, orada hərbi əməliyyatlar başlasa türklər erməni qüvvələrini də, Ermənistanda yerləşən Rusiya qüvvələrini də silib-süpürəcək. Belə şəraitdə isə Rusiya özünün müdafiə doktrinasına əsasən nüvə qüvvələrindən preventiv istifadəyə əl ata bilər”,-Pavel Felgenhauer deyib.

Bəs Moskvanın bu cür riskli addıma getməsi nə dərəcədə mümkündür?

Ekspert deyir ki, bunu istisna etmir. Onun fikrincə, Rusiya əhali yaşamayan hansısa dağlıq ərazilərə və Anadoludakı hansısa bazaya nüvə zərbəsi endirib göstərə bilər ki, buna hazırdır. “Lakin digər tərəfdən bu artıq NATO ilə müharibə olacaq”,-o bildirib.

Felgenhauerin fikrincə situasiya kifayət qədər ciddidir və istənilən an kəskinləşə bilər. Türkiyə qoşunlarının bu manevrlərdə iştirak üçün Azərbaycan-Türkiyə sərhədini keçməsi onun sözlərinə görə, çox ciddi eskalasiyadır və ən pis halda nüvə müharibəsinə də gətirib çıxara bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net