Neft bazarında yeni çalxalanma
Tarix: 10-06-2020, 08:59 | Çap et
Neft bazarında yeni çalxalanma
ABŞ, Liviya və Səudiyyə Ərəbistanı hasilatı artırır
Dünya neft bazarında ötən həftə başlayan pozitiv proseslər dünəndən səngiməyə doğru istiqamətlənib. Ötən həftənin sonu, bu həftənin ilk günü bazarda qiymətlər OPEK+ OPEK+ çərçivəsində gündəlik hasilatın 9,7 milyon barel azaldılması kvotasının saxlanması barədə qərar gözləntisi ilə xeyli yüksəlmişdi. Brent markalı neft hətta 43 dollara qədər bahalaşdı. Lakin maraqlıdır ki, iyunun 6-da kvotanın iyulda da qüvvədə olmasına dair qərar qəbul edilsə də, bunun bazara təsiri cəmi bir günlük oldu. İyunun 9-dan etibarən qiymətlər yenidən üzüaşağı gedərək 40 dollar civarında qərarlaşdı.

Buna bir neçə amil səbəb oldu. Əvvəla, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz İbn Salman iyunun 6-da bəyan edib ki, iyulun 1-dən ölkəsi neft hasilatını gündəlik 1 milyon barel artıracaq. “Reuters”in məlumatına görə, şahzadə Səudiyyənin öz üzərinə götürdüyü könüllü öhdəliyə iyuldan etibarən əməl etməyəcəyini, onların iki müttəfiqinin də analoji addım atacağını deyib.

Xatırladaq ki, iyunun əvvəlindən Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri OPEK+ sazişinə əlavə olaraq hasilatı daha 1,18 milyon barel azaltmaq barədə qərar qəbul ediblər.

Şahzadənin açıqlaması OPEK+ çərçivəsində hasilatın mövcud azaldılma kvotasının iyulda da saxlanması barədə razılaşma əldə olunandan dərhal sonra səsləndirilib. Nazir həmçinin bu kvotanın avqustda da saxlanması barədə danışmağın tez olduğunu deyib. Rusiyanın energetika naziri Aleksandr Novak da onu dəstəkləyib. Onun sözlərinə görə, bu barədə qərarı neft və neft məhsullarına olan tələbatdakı dəyişiklikləri izləməklə daha sonra vermək olacaq.

Maraqlıdır ki, hasilatın azaldılması barədə razılığa gəldikdən sonra Səudiyyə Ərəbistanı Asiya və Avropadakı müştərilərə etdiyi bütün rekord endirimləri ləğv edib.

OPEK 2020-ci ildə neftin qiymətini 90 dollara qaldırmağı ...

OPEK+ çərçivəsində razılaşmanın iki əsas tərəfindən biri olan Ər-Riyad sazişə əməl etməyən ölkələrin cəzalandırılmasının ən qatı tərəfdarına çevrilib. May ayında neft hasiatını üzərinə götürdüyü qədər azaltmayan İraq, Nigeriya, Anqola və Qazaxıstana iyunun 6-da ciddi iradlar bildirilib, onlardan azaltmadıqları həcmləri iyunda kompensasiya etmək tələb olunub. “Bloomberg”in yazdığına görə, bununla bağlı müzakirələr görüşə bir neçə gün qalmışdan başlayıb, hətta arada Rusiya və Səudiyyə Ərəbistanı sazişdəki tərəfdaşlarını görüşdən tamamilə imtina ilə hədələyiblər.

Dörd ölkə arasında kvotasına ən az əməl edən İraq olub - 50 faiz. Nicbətən kiçik istehsalçı olan Qazaxıstan isə yanvar-mayda neft hasilatını artırıb. Ölkənin Energetika Nazirliyinin açıqladığı məlumata görə, artım 5 faiz təşkil edib. Qazaxıstan ilin sonunadək hasilatı indiki 38,5 milyon tondan 86 milyon tona qədər artırmağı nəzərdə tutur. Qazaxıstanın Energetika Nazirliyi OPEKL+ sazişi çərçivəsində gündəlik hasilatı may-iyunda 390 min barel azaltmaq öhdəliyi götürüb.

Azərbaycan isə öhdəliyinə demək olar ki, tam əməl edib. Belə ki, Energetika Nazirliyinin məlumatına görə, bu ilin may ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650 min barel olub. Bunun 557,2 min barelini xam neft, 92,8 min barelini isə kondensat təşkil edib. 557,2 min barel xam neftin 437,6 min bareli “Azəri-Çıraq-Günəşli”, 119,6 min bareli isə SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə hasil edilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barel ixtisarı prosesi çərçivəsində Azərbaycan mayda sutkada xam neft hasilatını 160,8 min barel azaldıb. Beləliklə, Azərbaycan 164 min barel həcmində olan öhdəliyini mayda 98 faizdən çox yerinə yetirib.

Neft bazarında qiyməti azaldan digər faktor dünyada neftə tələbatın bərpa olunması, həmçinin qiymətlərin yüklsəlməsi fonunda ABŞ şirkətlərinin neft hasilatını artırmağa hazırlaşmaları xəbərləridir. Məlumata görə, bir sıra yataqlarda artıq artım başlanıb.

“Vedomosti”nin yazdığına görə, ABŞ neft kəmərlərinin operatoru olan “Energy Transfer” şirkəti bütün hövzələrdə hasilatın artması faktlarını qeydə alıb. Şirkət bəyan edib ki, mart ayında kəmərlərlə ötürülən neftin həcmi 20 faiz azalmışdısa, iyunda artıq azalan həcmlərin yarısı bərpa olunub. Şirkətin baş direktoru Kelsi Uorren bildirib ki, hasilatın bərpası uzunmüddətli olmayacaq - işlək quyuların sayı çox azalıb.

Dünya neft bazarında Azərbaycanın istədiyi vəziyyət formalaşır ...

Şist neft hasilatının xüsusiyyəti belədir ki, quyuların hasilat ömrü çox az olur. Buna görə də hasilatı saxlamaq üçün daim yeni quyular qazılmalıdır. Pandemiya dövründə qiymətlərin kəskin ucuzlaşması nəticəsində ABŞ-ın əksər hövzələrində hasilat səmərəli olmadığına görə yeni quyular qazılmayıb, köhnələr isə ömrünü başa vurub. Təkcə ötən həftə ərzində ABŞ-da 206 quyunun istismar ömrü başa çatıb. Son bir ildə belə dayanan quyuların sayı 583-ə çatıb.

May ayının sonuna ABŞ-da neft hasilatı gündəlik martdakı 13 milyon bareldən 11,2 milyon barelə düşüb. “IHS Marki” şirkəti hesab edir ki, sentyabra qədər hasilatın böyük hissəsi bərpa olunacaq.

ABŞ-da hasilatın artırılması ilə yanaşı, dünya bazarına mənfi siqnal hesab olunan daha bir hadisə baş verib. Belə ki, Liviyada dünyanın ən böyük neft yataqlarından biri olan “Əş-Şarar”da yanvardan dayandırılan hasilat bərpa olunub. Bu yataqdan gündəlik hasilat 500 min barelə yaxın idi. Liviya tezliklə həmin həcmi bərpa etməyi hədəfləyir.

Qeyd edək ki, ABŞ-da hasilatın artmağa başlaması, həmçinin Liviyanın ən böyük yataqda neft hasilatını bərpa etməsi xəbərləri dünya bazarında neftin qiymətinə azaldıcı təsir göstərməyə başlayıb. Belə ki, Londonun ICE birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1,25 faiz azalaraq 40,29 dollara, Nyu-Yorkun NYMEX elektron birjasında WTI neftinin qiyməti isə 2,33 faiz ucuzlaşaraq 37,30 dollara düşüb.

Bu arada qeyd edək ki, Dünya Bankı neftin 2020-ci il üzrə orta qiyməti ilə bağlı xeyli pessimistdir. Qurumun açıqladığı hesabata görə, bu qiymət ilin yekununda neftin orta qiyməti 32 dollar təşkil edəcək. 2021-ci ildə isə qiymət 38 dollara qədər yüksələcək.

Xatırladaq ki, Dünya Bankı yanvarda bu il üçün neftin orta qiymətini 58 dollar, 2021-ci il üçünsə 59 dollar olaraq proqnozlaşdırmışdı.

İndiki proqnozlarını hesabat müəllifləri Beynəlxalq Enerji Agentliyinin qiymətləndirmələri ilə əsaslandırırlar. Agentliyin hesablamalarına görə, bu ilin ikinci rübündə dünyada neftə olan tələbat 20 faiz azalacaq. Neftin qiymətini yüksəlməyə qoymayan digər bir səbəb kimi dünyada anbarların dolu olması və bunun iyunda da davam etməsi göstərilir.

Dünya SAKİT,
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net