“ Bakcell” və "Azercell" vətəndaşları ƏLƏ SALIR
Tarix: 23-11-2019, 09:25 | Çap et
“ Bakcell” və "Azercell" vətəndaşları ƏLƏ SALIR
Bu gün ən çox vətəndaş məmnunluğundan, insanlara xidmətdən söz açılır. Məmnunluğun, xidmətin gəlişigözəl sözlər olması isə acı gerçəkdir. Özəlliklə mobil operatorların istehlakçı hüquqlarını kobud şəkildə pozmasını hamı öz təcrübəsində sınayıb. Bu pozuntular getdikcə daha şiddətlə davam edir.

Ölkənin ilk mobil operatoru kimi tarixə düşən “ Bakcell”in istehlakçı hüquqlarını kobud pozması adi danışıq “sayğacı”nda özünü açıqca göstərir. Təsəvvür edin, “Bakcell”in hesablamasına görə, bir dəqiqə 60 saniyə yox, 120 saniyədir. Bəli, bəli, bu operator 1 dəqiqəlik danışığa görə 2 dəqiqənin, 2 dəqiqənin danışığına görə 3 dəqiqənin ..pulunu silir! Nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), nə də İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu özbaşınalığa, hesablama metoduna hüquqi qiymət verilməsini təmin edir. Heç ali dövlət hakimiyyəti orqanları, Ombudsman da özlərini bu “xırdalıqları bulamaq” istəmir! “Xırda” özbaşınalıqdan ziyançəkənlər isə elə aztəminatlı ailələr, tələbələr, əlillərdir. Axı, onların elə imkanı yoxdur onlarla manatlıq danışıq dəqiqələri almağa. “Bakcell”in müştəridən xəbərsiz onu çeşidli xidmət tariflərinə qoşub pul silməsi də haqlı narazılıq yaradır. Bu sətirlərin yazarı respublikadan qıraqda müalicədə olanda, “Bakcell” Qarabağ əlilinin müalicəsinə öz töhfəsini özbaşına rouminq xidmətinə qoşub , 15 manatını silməklə verib və 4-cü ildir qaytarmaqdan imtina edir. Eyni zamanda, abonentlərin mobil nömrələri özlərindən xəbərsiz ləğv olunur və satışa çıxarılır . Bu operatorun abonentlərə 3 aylıq nömrədən yararlanma limiti qoyması , 3 ay tamam olan kimi nömrəni xəbərdarlıq etmədən ləğv etməsi heç bir ölçüyə sığmır. Fikir verin, xidmət elə səviyyəyə salınıb ki, 1 manatlıq danışıq haqqı ikicə günə bitir . 2 manatlıq danışıq dəqiqələri əvvəllər 1 ay, sonra 25 gün, hazırda iki ildən çoxdur 20 gün təşkil edir. Yəqin bir azdan 15 günə endiriləcək. Axı, istehlakçı hüquqlarının qorunması həyata keçirilmir! İnternetdən istifadə edəndə isə “ mobil data “nı açmağına peşman olursan, anında 5-6 manat gedir.

“Azərcell” ilk həmkarına baxanda “ toyagetməli” olsa da, xidmət göstərmədən zorla balansdan “xidmət” adına pul silməsi halları yetərincədir. Vətəndaş, sahibkar 18 manat qarşılığında “Asan imza” xidmətinə qoşulur, lakin bəlli olur ki, heç bir xidmət göstərilmir, yəni nəinki asan, heç çətinliklə də elektron imzası “tanınmır”, hələ üstəlik hər ay 1 manat xidmət haqqı da tutulur! (?) Amma “Bakcell”dən fərqli olaraq 1 manatlıq danışıq dəqiqələri 2 günə yox, 7 günə bitir. Eyni zamanda, “böyük qardaşı”ndan fərqli olaraq 3 ay müddətində nömrə ləğv edilmir, 6 ay zəng qəbul etməyə imkan verilir. Qarabağ müharibəsi veteranlarına “veteran kampaniyası” da təşkil edən “Azərcell” ilk çağlar yüklənən məbləğ qədər 1 ay müddətində balansa əlavə edirdisə, son 2 ildə cəmi 7 günlük vaxt ayırıb. Niyə məhz 7 gün? Heç olmasa, müddəti yarıqat, ən azı üçqat azaltmaq olmazdı?

Müştəri xidmətləri ofislərində abonentlərə xidmət olduqca yarıtmazdır. Bu sahədə “Bakcell” “Azərcell”i üstələyir. “Azərcel”in Nizami rayonundakı Qara Qarayev küçəsində yerləşən (Nizami RİH ilə “8-ci kilometr” bazarının arası) müştəri xidmətləri ofisindən çəkilən foto “ayaqüstü xidməti” ortaya qoyur. Yəni, xidmətçi rahat əyləşib, müştəriyə isə oturmağa oturacaq yoxdur. Piştaxtanı elə təşkil etmək olar və bu vacibdir ki, hər iki tərəf rahat əyləşə bilsin.

Bir narazılıq da hər iki operatorun və haqqında danışmadığımız “Nar”ın özəl şirkətlər olmalarına baxmayaraq, hökumətin , özəlliklə güc strukturlarının dirijor çubuğu ilə oturub-durmalarındandır. İcazəli-icazəsiz mitinqlər çağı internetin də, rabitənin də kəsilməsi, ümumiyyətlə, abonentin haqqına tüpürməkdir. “Azərcell”in 211-lə başlayan nömrələrii süni defisit yaradıb, minlərlə manata satması, yalnız hökumət nümayəndələrinə bu nömrələri verməsi istehlakçı hüquqlarının kobud pozulması deməkdir. Bu pozuntulara son qoyulacaqmı?
Vertikal.Az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net