MTN-də soyulan iş adamının dəhşətli hekayəti
Tarix: 14-10-2016, 07:35 | Çap et
MTN-də soyulan iş adamının dəhşətli hekayəti
Vertikal.az ləğv olunmuş MTN-nin həbsdə olun idarə rəisi, general Akif Çovdarovun cinayət işi üzrə istintaq materiallarından sensasion epizodları oxuculara təqdim edir. Bunlardan biri də “Real MTK” mənzil-tikinti kooperativinin təsisçisi İlham Qasımovun və şəriklərinin (İlham Qasımov özü də iri məbləğdə dələduzluqda ittiham olunur, hazırda məhkəməsi gedir-red) Akif Çovdarov-Eldar Mahmudov ikilisi tərəfindən necə soyulması barədədir.


“Qardaşın MTN-dədir, Akif Çovdarov sizi çağırır...”

İ.Qasımov 2004-cü ildən tikinti biznesinə girib, özünün dediyi kimi 2005-ci ildə “Real MTK”-nı təsis edib, qardaşı İslamı bu MTK-ya icraçı direktor qoyub. MTK 2007-ci ildə Bakının Xan Şuşinski küçəsində çoxmərtəbəli yaşayış binası inşa edib, binadakı mənzillərin satışı üzrə menecer Tahir Mirzəyev olub.

Və Qasımovun biznesi təzəcə çiçəklənməyə başlayırdı ki, 2007-ci ilin payızında ona zəng gəlir: “MTN-dənik. Qardaşın İslam və satış meneceriniz Tahir bizdədir. General Akif Çovdarov sizi çağırır”.

“Çovdarov kimdir?”

Bədbəxt Qasımov görünür mətbuatdan uzaq adam olduğundan həmin vaxta qədər Akif Çovdarov adlı birini eşitməmişdi, onun kim olduğundan xəbərsiz idi. Ona görə də zəng edən şəxsə dövrün mətbuatında az qala 1 nömrəli “qəhrəman” olan biri haqda bu sadəlövh sualı verir: “Akif Çovdarov kimdir?”

“İdarə rəisidir, gəlib özün görərsən kimdir”-zəng edən şəxs amiranə tərzdə cavab verib dəstəyi asır.
Qasımov həmin axşam MTN-in inzibati binasına yollanır, qapıya yaxınlaşıb Akif Çovdarovu soruşur. Biznesmeni qarşılayıb birbaşa aparırlar Çovdarovun otağına...Zərərçəkənin təsvir etdiyi kimi, bu həmin vaxtlar idi ki, Çovdarov MTN-də nisbətən kiçik, katibəsiz otaqda otururdu. O, Qasımovu hüzurunda görən kimi sir-sifətinə hiddətli görkəm verib dedi: “Qardaşın dollarla mənzil satıb, siz cinayət etmişiniz, mən qardaşını basacam içəri”.

Qasımov isə görünür Çovdarovun kim olduğunu hələ də dərk etməmişdi və özündə cəsarət tapıb ona cavab qaytardı: “Dollarla mənzil satmaq nə vaxtdan cinayətdir?”.

Bu nə deməkdir axı? Çovdarovun hüzurunda oturub ona sual vermək? General hiddətləndi: “Qardaşını podvalda toka verəndə biləcəksən!”. Çovdarov biznesmeni daha ağır hədələrlə də təhdid edir, onunla “profilaktik” söhbəti tamamlayandan sonra mətləbə keçir: “500 min gətir, qardaşını buraxaq”.

Biznesmen yenə müqavimət göstərir: “Bu qədər pulum yoxdur, tikintiyə hələ təzə başlamışıq, cəmi bir neçə mənzil (təbii ki, hələ tikilməyən mənzil) satmışıq...”
Çovdarov isə tez-tez telefonla danışır, dəstəyin o tərəfindəkinə “yox ee, nazir deyir tutun bunu, qoy dollarla alver məsələsi yığışdırılsın” deyir.

250 min dollara razılaşdılar...

Xeyli yalvar-yaxardan, ağlayıb-sızlamadan sonra general iş adamı ilə 250 min dollara razılaşır. Həmin məbləği gətirəndən sonra qardaşını və satış menecerini buraxacaqlarını deyir.
Qasımov xahiş edir ki, pulla bağlı şəriki ilə danışmaq üçün ona telefon versinlər. Çovdarov əmr edir, otağa telefon gətirirlər. İş adamı şərikinə zəng vurur, şirkətin kassasından təcili 250 min dollar götürüb MTN-ə gəlməyi xahiş edir.

Şərik bir müddət sonra pulu gətirir, MTN-in qarşısından həmin telefona zəng edir. Qasımov bir nəfər MTN əməkdaşının müşaiyəti ilə nazirliyin binasından çıxıb binanın Mərkəzi Klinik Xəstəxana tərəfdən çıxışının qarşısında gözləyən şərikindən pulu alır, geri qayıdıb Çovdarovun otağında ona verir. Həmin axsam iş adamının qardaşı və şirkətin satış menecerini MTN-dən buraxırlar.Qasımov Çovdarova verilən pul haqda şirkətin haqq-hesab kitabında müvafiq qeyd aparır...
İkinci görüş: “Heç bilirsən Rauf kimdir? Bu saat Eldar Mahmudovla oturub çay içir”

Ancaq Qasımov Çovdarovun əlindən 250 min dollara xilas olduğunu düşünüb şükür etməkdəydi ki, 2009-cu ilin qış aylarında generalın caynaqları yenidən onun başı üzərini alır. MTK-nın Xan Şuşinski küçəsində yerləşən ofisinə basqın edən MTN qara maskalıları onu və şirkətin bütün sənədlərini özləri ilə nazirliyə aparır. Yuxarı mərtəbələrdən birində Qasımovu otağa salıb gözlədirlər. Bir neçə saatdan sonra Çovdarovun hüzuruna aparırlar.

Bu dəfə Çovdarovun kabineti daha dəbdəbəli və daha geniş idi, üstəlik qəbul otağı da vardı. General keçmiş tanışını görən kimi onun üstünə bağırdı: “Sən kimsən ki, Raufa 150 min dollar atmısan? Heç bilirsən o kimdir? Eldar Mahmudovun yaxın dostudur, bu saat oturub onun kabinetində, çay içir. Səni dərhal həbs etməliyəm!”.

Qasımov yenə çarəsizcəsinə çapalayır, nə Raufu tanımadığını, nə ona pul “atmadığını” deyir. Bildirir ki, həmin adamı cəmi bir dəfə görüb, o da Ənvər adlı tanışının-maşın alverçisinin salonunda. Deyib ki, onların maşın alqı-satqısı barədə söhbətinin şahidi olub, vəssalam. Ancaq bu adamla heç salam-kalamı da yoxdur.

General deyilənlərə heç qulaq da asmır: “Sən Ənvərlə şəriksən, birləşib Raufa 150 min atmısız! Səni tutmalıyam, vəssalam!”

Daha 250 min dollar...

Ənənəvi hədə-qorxudan sonra Çovdarov çıxış yolunu göstərir: “Raufun 150 minini qaytar, üstəlik 100 min dollar da ver ki, səni tutmayaq”.
Qasımov razılaşmayıb nə edəsiydi ki...Çovdarov həmin axşam onu buraxır ki, gedib pulu gətirsin. Qasımov yenə MTK-nın kassasına əl uzadır, oradan 250 min dolları götürüb ertəsi gün günortadan sonra gedir Çovdarovun hüzuruna. Pulu yenə Çovdarovun otağında ona verir.
Ancaq bu, Qasımovun Çovdarovla son görüşü olmur. Yenə üstündən təxminən iki il keçmiş onun yolu MTN-dən düşür. Bu dəfə Qasımovun neft avadanlıqlarının təmiri və satışı ilə məşğul olan “Real” şirkəti “Englander Menecment Corp.” şirkəti arasında mübahisə yaranmışdı. Sonuncu şirkət malların xarab olmasına görə “Real” haqda Daxili İşlər Nazirliyinə şikayət etmişdi. Nazirlik şikayəti araşdırıb, tərəflər arasında anlaşma əldə olunduğu üçün cinayət işi başlamayıb.

Üçüncü görüş: “Mənə nə, sən gedib DİN-də pul vermisən? Bəs biz?”

DİN-də bu qərarın qəbul edilməsindən 3-4 ay sonra Çovdarov Qasımova zəng edir: “Tez gəl nazirliyə, səndən şikayət var!”. İş adamı günorta saatlarında MTN-ə gedir, Çovdarov onu qəbul edir və deyir: “Xarici şirkət səndən şikayət edib, sən onları aldatmısan, 1 milyon 200 min dollarlıq məsələdir. Şikayət ərizəsi şəxsən cənab nazir Eldar Mahmudovun nəzarətindədir. Çıxış yolu budur ki, həmin pulu gətirib verəsən, mən də şirkətin nümayəndəsini razı salıb, sakitləşdirim”.
Qasımov cavab verir ki, axı bu mübahisəli məsələ DİN-də həll olunub, şirkətlər razılaşma əldə ediblər. Çovdarov qəzəblənir: “Mənə nə sən gedib DİN-də pul vermisən? Bunun mənə dəxli yoxdur. Şikayət ərizəsi bizdə də var, nazir özü bilir. Mən gedib ona nə deyim?”.

“Sən bizim şefi tanımırsan...”

Qasımov yenə çapalayır, xilas olmaq üçün Çovdarova yalvarır, pulunun olmadığını deyir. “Sən bizim şefi (Eldar Mahmudovu) tanımırsan. Tikintini yoxlatdıracaq, qardaşını tutub basdıracaq içəri, həmin pulu da səndən alacaq!”-Çovdarov onu xəbərdar edir.

Qasımov deyir ki, Çovdarov onu bundan başqa da “müxtəlif növ” hədələrlə qorxutdu. Sonra tərəflər 200 min dollara anlaşdılar. Çovdarov yenə iş adamını axşam saatlarında MTN-dən buraxır ki, gedib pulu gətirsin. Qasımov “Real” MMC-nin kassasından hesab-kitab dəftərində qeyd aparmaqla 200 min dollar götürür, ertəsi gün aparıb MTN-də, Çovdarovun xidməti otağında ona verir.
Dördüncü görüş: biznesmenin oğlu MTN-ə aparılır Çovdarovla Qasımov dördüncü dəfə 2015-ci ildə, MTN-dəki qruplaşmanın darmadağın edilməsinə sayılı günlər qalmış “görüşüblər”.

Qasımov deyir ki, 2015-ci il sentyabrı 3-də, yaxud 4-də həyat yoldaşı ona zəng edib. Bir neçə silahlı şəxsin evin qarşısından oğlu Nurlanı götürüb apardığını xəbər verib. Qasımovun heç ağlına da gəlməyib ki, bu silahlılar MTN əməkdaşları ola bilər. Görünür inanırmış ki, Çovdarov onu üç dəfə soymaqla artıq doyub.

Ancaq bir qədər keçəndən sonra Qasımova naməlum nömrədən zəng gəlir:“Akif Çovdarov deyir ki, Nurlan bizdədi, gəlsin yanıma!”.

“Akula” səhnəyə çıxır

Bu dəfə Qasımov birbaşa MTN-ə getmir. Eldar Mahmudovun dostuna, MTN-dən adam buraxdırmaq, ora işə düzəltdirmək və çıxardırmaq kimi hər cür dəllalıqla məşğul olan Akif Mustafayevə-“Akula Akif”ə zəng vurur. (İlham Qasımovun “Akula”nı necə tanıması barədə epizod məlum deyil-red).

“Akula” işə qarışır, bir qədər sonra Qasımova xəbər çatdırır: “Çovdarov deyir ki, Nurlanı narkotiklə tutublar, uşağı buraxmağa 300 min dollar lazımdır”.

Çovdarov tərəfindən dəfələrlə soyulmaqdan boğaza yığılan Qasımov bunt qaldırır: “Mənim oğlum nəşə çəkirsə qoy tutsunlar. Ancaq qanını yoxladacam, çəkmirsə bir adama bir qəpik verən deyiləm!”.
Buna baxmayaraq Qasımovun digər oğlu Lətif qardaşını buraxdırmaq üçün Çovdarova 50 min dollar çatdırır, Nurlan buraxılır.

MTN avtomatlılarının toya basqını

Bu da hələ son deyil. Növbəti əhvalat vaqe olur 2015-ci il, sentyabrın 15-də. Həmin gün İlham Qasımovun bacısı oğlu Kənanın Bakıdakı “Sofiya” şadlıq sarayında toy mərasimi idi. Toya Qasımovun dostları, iş adamları Tofiq İbrahimov və Namiq Orucov da dəvətli idi. Tofiq Moskvada bizneslə məşğul olur, Rusiya vətəndaşıdır.

Qasımov toyun qızğın çağında, saat 22 radələrində foyedə hay-küy eşidir. Çölə çıxanda görür ki, çoxlu sayda əli avtomatlı MTN əməkdaşları Namiqin qollarını burub döşəməyə uzadıb. Tofiqin isə şadlıq sarayının qarşısında gözləyən 99 XE 999 dövlət nömrə nişanlı avtomobilini sürücü Gülağa ilə birlikdə MTN-çilər aparıb.

“Akula” işi düzəldir: cəmi 303 min dollar

Tofiq İbrahimov baş verənlərdən sonra dostu “Akula Akifə” zəng vurur, xahiş edir ki, Gülağanı və maşını buraxdırsın. Qasımov özü isə dostuna deyir ki, bu kimi işləri təşkil edən elə “Akula” özüdür, ona görə də ona zəng etməyin mənası yoxdur. Buna baxmayaraq Tofiq sürücüyə və bahalı maşına görə narahat idi, həmin gecə “Narşərab” restoranında “Akula” ilə görüşə gedir.

Ertəsi gün Tofiq zəng vurur, İlham Qasımova deyir: “Məndən 1 milyon dollar istədilər. 300 minə razılaşdıq. Mənə 300 min borc ver, 1 aya qaytaracam”.

İlham Qasımovda isə bu qədər pul yox idi. O, dostuna kömək etmək üçün özünün “Rolls Roys” avtomobilini maşın alveri ilə məşğul olan Seymur adlı şəxsə girov qoyur, ondan 200 min dollar götürüb Tofiqə verir. Tofiq də “Akula”nın vasitəsilə həmin pulu Çovdarova çatdırır. Gülağanı və maşını buraxırlar. “Sonradan öyrəndim ki, Namiqdən də 103 min dollar alıb buraxıblar. Pulu Namiqin qardaşı özü aparıb Çovdarova verib”-İlham Qasımov nəql edir.

Qasımovun və şəriklərinin soyulması əhvalatının başqa maraqlı epizodları da var. Onlardan birində “Real” MTK-nın satış meneceri Tahir Mirzəyev danışır ki, dollarla onlardan mənzil almaq istəyən şəxsin MTN agenti olduğundan şübhə etmirdi. Çünki həmin şəxs dəfələrlə binaya gəlib-gedib, sonda 1 otaqlı mənzili bəyənib və cibindən ABŞ dollarları çıxararaq beh verib. Elə bu vaxt MTN-çilər ofisə basqın edib onu və İlham Qasımovun qardaşını aparıblar...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net