Keçmiş hərbçilər bu dəfə Ali Baş Komandana müraciət etdilər...
Tarix: 9-02-2016, 09:10 | Çap et
Keçmiş hərbçilər bu dəfə Ali Baş Komandana müraciət etdilər...
Dünən dörd keçmiş pilotumuz Moderator.az-a üz tutaraq problemlərinin müdafiə naziri Zakir Həsənovun diqqətinə çatdırılmasını xahiş etmişdilər.

Həmin müraciəti bu linkdən oxumaq olar---moderator.az/news/120199.html

Gün ərzində nazirlikdən hər hansı reaksiya bildirilməməsindən təəssüflənən zabitlərimiz bu dəfə Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar və müraciətin mətninin saytımızda yerləşdirilməsini xahiş ediblər:


Cənab Ali Baş Komandan!

Sizə ordu sıralarında 20 ildən çox qüsursuz xidmət etmiş mayor Əmirov Eldar Fərhad oğlu, mayor Məmmədov Valeh Böyukağa oğlu, mayor Abiyev Namiq Əhmədpaşa oğlu və kapitan Həsənov Mehman Vahid oğlu müraciət edirlər.

"Hərbi Xidmətkeçmə haqqında" Qanunun 156-cı maddəsinin "j" bəndini rəhbər tutaraq öz arzumuz ilə ehtiyyata buraxılmaq üçün komanda üzrə raportla müraciət etdik. Raportlarımıza komandanlıq tərəfindən cavab ala bilmədik və məcbur olub 2 sayli Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət etdik. Və həmin vaxtdan da bizə hərbi hissə komandiri tərəfindən davamlı təzyiqlər başladı. Məhkəmə qərarından sonra, 2015-ci ilin oktyabr ayında Müdafiə Nazirinin müvafiq əmri ilı ehtiyyata buraxıldıq. "N" saylı hərbi hissənin komandiri polkovnik Allahverdiyev Həmzə Elbrus oğlu və hərbi hissənin qərargah rəisi polkovnik-leytenant İsmayılov Hüseyn Möhübbət oğlu tərəflərindən bu günədək bizə təzyiqlər edilir və süni çətinliklərlə üzləşmişik.

1) Bizə Cənab Ali Baş Komandan kimi Sizin adınızdan hədiyyə kimi təqdim olunmuş dəri uçuş gödəkçələri məcburi şəkildə əlimizdən aldılar. Halbuki indiyə kimi tərxis olunan uçuş heyətindən bu hədiyyələr heç vaxt geri alınmamışdır.

2) Bu soyuq qış aylarında bizdən xidməti mənzilləri təhvil vermək tələbi irəli sürülüb ki, bu da öz növbəsində "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə tam ziddir.

Cənab Ali Baş Komandan!

Xidməti evlə əlaqədar Prezident Administrasiyasına, Müdafiə Nazirinə, HHQ-nin Komandanına ünvanladığımız şikayət ərizələrinə bizə cavab olaraq 12-ci maddənin 2-ci bəndi göstərilib. Amma nədənsə hərbi hissə komandiri bu cavabları inkar edir və onun üçün bu qanun və sənədlərin mənasız olduğunu bildirir. Hərbi hissə komandirinin özbaşınalığı və qanunsuz hərəkətləri nəticəsində bizim sənədlərimiz artıq 3 aydan çoxdur ki, maliyyə və büdcə idarəsinə, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin yerli şəbələrinə (keçmiş hərbi komissarlığa) təqdim olunmur ki, bizə təqaüd hesablansın. Bu özbaşınalığın nəticəsində biz 3 aydan coxdur ki, təqaüd almırıq. Onu da Sizin diqqətinizə çatdırırıq ki, indiyə kimi tərxis olmuş zabit və gizirlərə sözün əsl mənasında bu cür qanunsuzluq və düşmənçilik olmayıb və evləri təhvil alınmayıb.

3) Heç bir əsas olmadan birdəfəik pul mukafatını (13-14-cü əmək haqqını) bizə layiq görmədilər. Lakin hərbi hissə komandiri polkovnik Həmzə Allahverdiyev və hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Hüseyn İsmayılov hərbi hissədə nöqsanı olan zabitlərə bu mükafatı layiq görüblər.

4)Mayor Abiyev Namiq Əhmədpaşa oğluna, kapitan Həsənov Mehman Vahid oğluna 20 ildən cox qüsursuz xidmətə görə 1-ci dərəcəli medalı təltif etmədilər. Bizdən əvvəl tərxis olanlar isə bu təltifə layiq görülmüşdülər.

Cənab Ali Baş Komandan!!

Yuxarıda sadaladığımız qanun pozuntuları və təzyiqlər Azərbaycan Respublikasının Konstitutsiyasının "BƏRABƏRLİK HÜQUQU" 25-ci maddəsinə ziddir. (İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır)

Cənab Ali Baş Komandan!!!

Bir daha Sizdən xahiş edirik ki, bizə köməklik edəsiniz. Son ümüd yerimiz Sizsiniz!!!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net