Hansı məşhur holdinq banksız qaldı? – NBC Bankın bağlanmasından sonra…
Tarix: 27-01-2016, 09:49 | Çap et
Hansı məşhur holdinq banksız qaldı? – NBC Bankın bağlanmasından sonra…
Xəbər verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin bugünki qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə, “NBCBank” ASC-nin bank lisenziyası ləğv edilib.
“Banklar haqqında” qanuna uyğun olaraq 26.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
Qaynar.info-nun məlumatına görə, bağlanan bankla bağlı maraqlı bir fakt diqqət çəkir. Belə ki, onun İdarə Heyətinin tərkibi yaş etibarilə hədsiz gəncdir. Belə ki, onlardan ən böyüyü 35 yaşındadır. Bu, bankın İdarə Heyəti sədrinin vəzifəsini icra edən Elçin Məmmədovdur. O, 1980-cı ildə anadan olub, 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. İdarə Heyəti sədrinin vəzifəsini icra etməyə isə 33 yaşında başlayıb.
İdarə Heyəti sədrinin müavini Səid Qasımovun isə 34 yaşı var. O, 1982-ci ildə anadan olmuşdur. 1999-2003-cü illərdə Qərb Universitetinin Beynəlxalq İqdisadi Münasibətlər fakültəsini bitirib. 2003-2005-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Biznes fakültəsi üzrə magistr təhsili alıb. İdarə Heyətinin sədr müavini təyin olunarkən cəmi 31 yaşı olub.
İdarə Heyəti sədrinin digər müavini Laçın Əliyev də 35 yaşındadır. O, 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini bitirib. 32 yaşından İdarə Heyətinin sədr müavinidir.
İdarə Heyətinin üzvü Ofeliya Həmidovanın isə cəmi 31 yaşı var. O, 2001-2008-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas üzrə təhsil alıb. 28 yaşından Bankın İdarə Heyətinin üzvüdür.
Onu da deyək ki, “NBCBank”ASC-nin təsisçi şirkəti ölkəmizin ən məşhur holdinqlərindən biri “Nurgün Qrup” MMM-dir. Bu bank 17 dekabr 1992-ci ildə “Ruzu” SKB kimi fəaliyyətə başlayıb. 17 yanvar 2002-ci ildə onun adı dəyişdirilib və “NBCBank” KB kimi fəaliyyətini davam etdirib. 2005-ci ilin mart ayından qanunvericiliyə uyğun olaraq ASC-yə çevrilib.
Bankın təsisçisi olan “Nurgün Qrup” 1994-cü il oktyabrın 4-də yaranıb. Bu şirkətlər qrupu yarandığı tarixdən etibarən, onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“, Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford” və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.
Bu şirkətlər qrupuna həmçinin pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir.
“Nurgün Qrup” həmçinin bank, sığorta sektorları kimi mühüm sferalarda fəaliyyət göstərir. “NBC Bank”dan başqa “Rəvan Sığorta” da bu holdinqə tabedir.
Holdinqin “Bello” Yuyucu Vasitələr Fabriki də var.
Bu şirkətlər qrupu həmçinin NICOS kosmetika məhsullarının istehsalçısıdır. Həmin məhsullar Türkiyədə yüksək keyfiyyətli xammaldan müasir texnoloji avadanlıqlarla istehsal olunaraq qablaşdırılır.
“Salyan Süd” zavodu, ölkənin ilk özəl inşaat şirkətlərindən biri “Nurgun İnşaat”, beynəlxalq yük daşımaları bazarında aktiv fəaliyyət göstərən “Caspian Transport”un da daxil olduğu adıçəkilən holdinq , avtomobil yağları bazarında özünün xüsusi mövqeyi ilə seçilən “Chevron-Texaco” Konserninin də Azərbaycandakı rəsmi dileridir.
Qaynar.info-nun əldə etdiyi məlumata görə, NBC Bankın lisenziyasının ləğvi ilə faktiki olaraq banksız qalan “Nurgün Qrup”un daha bir şirkəti – “Rəvan Sığorta” da hazırda yaxşı günlərini yaşamır. Bu şirkətin son zamanlar gəlirlərinin ciddi şəkildə azaldığı bildirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net