Dollar kreditləri ilə bağlı tərəddüdlər
Tarix: 26-01-2016, 10:42 | Çap et
 Dollar kreditləri ilə bağlı tərəddüdlər
Manatın sonuncu devalvasiyasından sonra banklardan vətəndaşlara verilmiş dollarla olan kreditlərin qaytarılmasında ciddi axsamalar müşahidə olunur. Qeyd edək ki, həmin kreditlər manatın dollara nisbətində 1.05 məzənnəylə götürülsə də sonuncu devalvasiyadan sonra vəziyyət müştərilərin əleyhinə dəyişib. Belə ki, 1.05 məzənnəylə götürülmüş kreditlər indiki halda 1.56 məzənnəylə qaytarılmalıdır.

Apardığımız müşahidələr və banklardan verilən açıqlamalar isə həmin kreditlərin qaytarılmasında ciddi yubanmaların və kəsirlə ödəmələrin olduğunu düşünmək üçün əsaslar yaradır. Belə ki, vətəndaşlar ən yaxşı halda həmin kredit borclarını köhnə məzənnəylə qaytarmağa üstünlük verir. Bu halda isə yeni məzənnə ilə köhnə arasındakı fərq müştərinin üzərinə borc kimi yazılır ki, bu da ciddi narazılıq yaradır. Banklar yeganə çıxış yolu kimi həmin kreditlərin ödənmə müddətini uzatmağı təklif etsə də vətəndaşlar yaranan fərqin hökumət tərəfindən qarşılanmasına ümid edir.
Məlumat üçün bildirək ki, bəzi iqtisadçılar, habelə millət vəkilləri də sözügedən məsələnin vətəndaşların xeyrinə həll olunması, yəni dollar kreditlərinin köhnə məzənnə ilə qaytarılmasını təklif ediblər. Məsələnin yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacağı da gözlənilir. Bununla da hər şey parlamentin vətəndaşların yoxsa bankların maraqlarının müdafiəçisi rolunda çıxış edəcəyindən asılı olacaq.
Görünən isə odur ki, Azərbaycan hökuməti dollar kreditlərinin köhnə məzənnə ilə qaytarılması ideyasına hələ də tərəddüdlə yanaşır. Bu tərəddüd maliyyə naziri Samir Şərifovun mövzuyla bağlı sonuncu açıqlamasından da aşkar şəkildə görünürdü.
Maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində bildirib ki, əhalinin 5 min manatadək olan kreditlərinə hökumət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu, yaxşıca yoxlanılmalıdır. Müəyyən miqdar civarında kreditləri olan əhaliyə hökumət tərəfindən güzəşt olunub-olunmayacağı haqda suala isə nazir belə cavab verib:
"Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu, yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa, dövlət söz verir ki, yüz faiz, vətəndaşın qoyduğu əmanətin məbləği ona qaytarılacaq. Bu həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur".
Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununla da yüksək gəlir əldə edirlər. "Bu məsələlər ətrafında müzakirələr davam edir", - deyə Sərifov bildirib.
Milli Məclisin son iclasında millət vəkili Əli Məsimli dollarla olan kreditlər məsələsinə toxunaraq, ortaq addımların atılmasının vacib olduğunu bildirimişdi.
"Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq", - deyə millət vəkili bildirib.
Dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra dollar kreditlərinin devalvasiyadan əvvəlki məzənnə ilə, yəni 1 dolların 1,05 manata bərabər olan məzənnə ilə ödənməsi barədə qərar verilə biləcəyi haqda məlumat yayılıb. Amma bu günə qədər tərəddüdlər davam edir.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net