Prezidentlərin Bern görüşü reallaşdı, bəs sonra?
Tarix: 21-12-2015, 10:18 | Çap et
Prezidentlərin Bern görüşü reallaşdı, bəs sonra?
Dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan arasında görüş keçirilib. Xəbər verildiyi kimi, birbaşa təmas ATƏT-in Minsk Qrupunun uzun müddətdir göstərdikləri təşəbbüslər sayəsində mümkün olub.

Xatırladaq ki, bu, 2015-ci il ərzində ölkə başçıları arasında ilk və yeganə birbaşa görüş idi. Sonuncu belə görüş ötən il oktyabrın 27-də Parisdə, Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə olmuşdu (ötən üç belə təmas olmuşdu).

Budəfəki görüş Dağlıq Qarabağda, təmas xəttində eskalasiyanın gücləndiyi dövrə təsadüf edirdi və bu üzdən də Bern danışıqlarında ilk növbədə hər iki tərəfdən canlı itkilərə gətirən bu eskalasiyanı səngitmək yollarının axtarılacağı güman olunurdu. Vəziyyətin ciddiliyinə dəlalət edən faktlardan biri də prezidentlərin görüş günü Ermənistanın müdafiə naziri Seyhan Ohanyanın Azərbaycanın işğal altındakı ərazilərinə getməsi idi...

***
Amerikalı həmsədr Ceyms Uorlikin özünün twitter səhifəsində yazdığına görə, prezidentlərin bağlı qapılar arxasında tet-a-tet görüşü 1 saat çəkib. Onlar əvvəlcə təkbətək formatda bir araya gəliblər. Daha sonra isə həmsədrlər, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşiklə danışıqlar davam etdirilib.

“Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə nizamlana bilər”. Bu fikri Berndə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən İsveçrənin xarici işlər naziri Didye Burkxalter səsləndirib. “İki dövlətin rəhbəri ilə görüş zamanı Burkxalter qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ardıcıl danışıqlar prosesində nizamlana bilər”, - deyə İsveçrə XİN-in məlumatında vurğulanır.

“Berndə keçirilən sammit prezidentlərə onların mövqelərini aydınlaşdırmaq imkanı yaradıb”. Bu barədə isə həmsədrlərin onların iştirakı ilə Azərbaycan və Ermənistan prezidenti arasında Berndə keçirilən görüşlərlə bağlı yaydıqları bəyanatda deyilir. Sənəddə bildirilir ki, görüşdə prezidentlər son zorakılıq hallarının müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər.

“Prezidentlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində həmsədrlərin zorakılıq hallarının azaldılması tədbirləri ilə bağlı təkliflərini və araşdırma mexanizmini dəstəkləyiblər. Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazırlıqlarını ifadə ediblər. Onlar habelə Minsk Qrupu formatına inamlarını təsdiqləyiblər” - bəyanatda vurğulanır. O da qeyd olunur ki, həmsədrlər münaqişənin sülh yolu ilə, danışıqlar yolu ilə vasitəçilik etmək üçün tərəflərlə işləməyə hazır olmaqda davam edəcəklər.

“Azərbaycan və Ermənistan prezidentləri 2016-cı ildə danışıqları davam etdirəcəklər”. Bunu da amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb: “Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan görüş danışıqların və nizamlanma işinin 2016-cı ildə də davam etdirilməsi ümidinin ifadə edilməsi ilə yekunlaşıb”.

***
Qeyd edək ki, üst-üstə 3 saat çəkən İsveçrə danışıqlarının yekunu olaraq hər hansı yazılı və ya şifahi bəyanat verilməyib. Görüşdən sonra prezidentlərin açıqlaması da olmayıb. Zatən, ekspertlər görüşdən ciddi nəticə gözləmirdilər də.

Bern müzakirələrini şərh edən rusiyalı politoloq, şərqşünas Aleksandr Krılovun sözlərinə görə, görüşün ən mühüm və yeganə nəticəsi prezidentlərin Minsk Qrupunun himayəsi altında danışıqları davam etdirmək istəməsi sayıla bilər. Politoloq güman eləmir ki, bunun ardınca danışıqlar prosesində hansısa sıçrayış olsun: “Çünki Bakı və İrəvan məsələdə dəyişməz mövqelərini saxlayır. Keçən görüşlərin nəticələri də belə olub. Hələlik elə bir əsas yoxdur ki, hansısa qəfil dönüş gözləyəsən”.
Ekspertə görə, belə nəticələr həm Azərbaycanda, həm də Ermənistanda bir çoxunda məyusluq yaradır: “Ancaq iki prezidentin görüşünün müsbət təsiri ondan ibarətdir ki, belə təmaslar təmas xəttində gərginliyin müəyyən müddətə səngiməsinə stimul yaradır. Bütövlükdə isə sülh prosesi o vaxtadək dalanda qalacaq ki, tərəflər sülhün əldə olunması üçün yetərli iradə ortaya qoyacaqlar. Bu da haqlı olaraq Minsk Qrupunun bəyanatında əksini tapıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net