Türkiyə Rusiyanı imperiya qürurundan vurdu – yeni təfsilat
Tarix: 26-11-2015, 10:05 | Çap et
Türkiyə Rusiyanı imperiya qürurundan vurdu – yeni təfsilat
Rusiya əməlli-başlı “Su-24" qırıcısının vurulmasının şokunu yaşayır - bir az da isterik şəkildə. Özü də bu, təkcə ölkənin rəhbərliyi səviyyəsində yox, bütövlükdə toplumu, onun aparıcı KİV-ləri və ictimai-siyasi, ekspert dairələri səviyyəsində özünü qabarıq şəkildə büruzə verməkdədir.

Prezident Vladimir Putinin Türkiyənin özünümüdafiə addımını haqsız və kəskin şəkildə “İŞİD havadarlarının Rusiyaya arxadan zərbəsi” adlandırması və Ankaranı hədələməsi, Moskvada Türkiyə səfirliyi qarşısında keçirilən etiraz aksiyaları, Rusiya XİN-in Türkiyəyə nota verməsi, avantürist Jirinovskinin qardaş ölkəyə müharibə elan etmək və embarqo qoymaq çağırışları və s. yaşanan isterik ovqatın parlaq təzahürüdür.

İlk baxışda belə reaksiyalar Rusiya əleyhinə beynəlxalq sanksiyalara qoşulmayan yeganə NATO ölkəsi kimi Türkiyəyə münasibətdə şimal qonşumuzun qeyri-adekvat və nankor addımı, eyni zamanda ağılsızlığı kimi görünür. Lakin anlamaq mümkündür: zarafat deyil, II Dünya savaşından, “soyuq müharibə”dən sonra ilk dəfə Rusiya hərbi maşını havada, nümayişkaranə şəkildə məhv edilib, özü də bunu hansısa Avropa dövləti, ABŞ yox, məhz Rusiyanın tarixi rəqibi Türkiyə edib.

Bununla da hər şeydən öncə Putin daxil, rusların son vaxtlar sürətlə dirçəlməkdə olan və qlobal təhlükə kəsb edən qorxulu imperiya ambisiyalarına, imperiya qüruruna və özünəvurğunluğuna, dünyadakı “asıb-kəsən” imicinə və mifik hərbi qüdrətinə sarsıdıcı zərbə endirilib. Kremli qəzəbləndirən ən əvvəl budur. Misirdə İŞİD tərəfindən Rusiyaya məxsus mülki təyyarəsinin məhv edilməsi və 224 nəfərin həlak olmasına Putinin bunca qıcıqlı reaksiya verməməsinin əsas səbəbi də budur - imperiya qürurunu Türkiyənin, NATO üzvünün tapdaması.

*****

Lakin deyirlər “Tünd sirkə öncə öz qabını sındırar”. Yəni Moskvanın qəzəbi, isteriyası böyük ölçüdə elə özünə qalacaq və altını ən çox özü çəkəcək. Hər halda, bu fakt göstərdi ki, Rusiya üçün, Putin üçün bölgəmizdə, dünyada 2008-ci ildə Gürcüstandakı “5 günlük müharibə” ilə boy verməyə başlamış əsassız imperiya ambisiyalarını cilovlamağın vaxtı çatıb.

Türkiyə isə bununla nümayiş etdirdi ki, o, Rusiyadan ötrü Ukrayna, yaxud hərbi təyyarələrinin meydan suladığı Suriya tipli sıradan bir dövlət deyil. Ciddi dövlətdir, qlobal və regional gücdür və o, öz qulağının dibində Rusiyanın asıb-kəsməsinə, hərbi yumruq silkələməsinə, üstəlik, qardaş ölkənin bölgədəki köklü maraqlarına təhlükə yaratmasına uzun müddət seyrçi qalmayacaq. Ankara Kremli, nəhayət, onunla hesablaşmaq zərurəti qarşısında qoyub, prezident Ərdoğanın aydın şəkildə ifadə elədiyi kimi, Türkiyənin milli təhlükəsizliyi ilə oynamağı heç kimə, o cümlədən Rusiyaya bağışlamayacağını anladıb.

Bu xüsusda Türkiyə sözsüz ki, rusun gücü qarşısında ortaya güc qoydu, bütövlükdə demokratik dünyanın, Qərbin, Avropanın uzun müddət risk eləmədiyi iradəni göstərdi; beynəlxalq birliyə yaxşı mənada töhfə verdi. Təsadüfi deyil ki, ABŞ da NATO dərhal Ankaranın yanında yer aldı. Çünki NATO üzvü Türkiyə onların əvəzindən, onların adından da Rusiyaya qulaqburması verib, Ərdoğan faktiki, Qərb liderlərindən heç birinin bacarmadığ cəsarəti göstərib - Putinin “quyruğunu tapdayıb”, həm də ağrılı şəkildə tapdayıb.

***
Bu və başqa səbəbdən ABŞ, NATO gözlənildiyi kimi, dərhal Türkiyənin yanında yer aldı. Onu da unutmaq olmaz ki, Ankara-Moskva işbirliyi çoxdan Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyaları tətbiq edən Qərbi, Avropa Birliyini narahat edirdi. Vaşinqton və Brüssel əlbəttə ki, çoxdan marağında idi ki, bu münasibətlər dondurulsun, irəli getməsin. Nə qədər qəribə də olsa, indi Rusiyanın özü insidentdən yüz faiz məmnun qalan Qərbə bu yöndə yardım edir.
Ən absurdu isə özü iqtisadi-ticari sanksiyalar altında ola-ola Moskvanın Ankaranı iqtisadi-ticari sanksiyalarla hədələməsi, öz turistlərinin Türkiyə səfərlərinə, Türkiyə kənd-təsərrüfatı məhsullarının idxalına yasaq qoymasıdır.

Halbuki adi məntiq diktə edir ki, bunun altını ən çox elə Rusiya çəkəcək. Çünki Rusiyanın kasad büdcəsində Türkiyə bazarı mühüm rol oynayır: Türkiyə təbii qaza ehtiyacın 60%-ni Rusiya qazı hesabına ödəyir, Ankara bu qazdan, “Türk axını” layihəsindən imtina edib, üzünü İran və ya Azərbaycan qazına tutsa, necə olar, Rusiya büdcəsi daha çox itirər, yoxsa Türkiyə? Və ya AKP hökuməti Moskva ilə 20 milyard dollarlıq AES tikintisi haqda anlaşmanı zibilliyə tullasa, ziyanını kim görər? Ümumən, sanksiyalar məsələsində Türkiyə Qərbin yanına qayıtsa necə?

***
Beləcə, Rusiya həmişə olduğu kimi, öz ampluasındadır - günahı yenə başqasında, dünənədək ona tərəfdaş, hətta “nəfəslik” olmuş ölkədə axtarır. Bu, Kremlin müttəfiqlik münasibətlərində nə dərəcədə etibarsız olduğunu bir daha əyani nümayiş etdirir və Moskvaya hələ də hansısa ümidlər bağlayan Azərbaycana da mesajdır.

“Su-24" insidentinin ən mühüm dərslərindən biri budur: Azərbaycan bundan sonra qardaş ölkədən daha möhkəm yapışmalıdır. Həm də o səbəbə ki, Türkiyədən yapışmaq - güclü və haqlıdan yapışmaqdır, Qərbdən, ABŞ-dan yapışmaqdır. Unutmayaq ki, dünya bu insidentdən sonra artıq başqadır. Dost-müttəfiqlərin dəqiqləşməsi prosesi artıq sürətlənib.

Odur ki, rəsmi Bakının Ankaranın yanında olduğunu hansısa formada qardaş ölkəyə çatdırmasına tarixi zərurət var. Bu - ən əvvəl bizim qardaş qarşısında, son günlərədək rusun amansız bombardmanına məruz qalan Suriya türkmənləri qarşısında vəfa borcumuzdur. Təbii ki, eyni borc cəmiyyətimizin də üzərinə düşür...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net